Diktatorların yuxusu qarışanda…

Mənim heykəllərə münasibətim bir qədər təzadlıdır, onları əsasən sənət əsəri kimi qəbul edirəm. Amma onu da başa düşürəm ki, heykəl həm də bir tarixdir. Heykəllərə yağışlı havada baxmağı sevirəm. Onda ürəyimdən çox qəribə bir hiss keçir, onların əvəzinə özüm üşüyürəm, istəyirəm heykəllərin üstünü örtüm ki, yağış onları islatmasın və heykəllər üşüməsin. Bakının bir çox heykəlləri mənə qəribə görünür, sanki onların bir qisminin duruşu və ya silueti eynidir. Bilmirəm bu təsadüfdür, yoxsa… Bilirsiniz, bu sətirləri nədən yazdım? Indi ərəb ölkələrindəki proseslərə baxıram. Bəzi şeylər mənə çox qəribə görünür. Yox, mən heykəllərin götürülməsini, hətta sökülməsini çox görmüşəm, bununla məni təəccübləndirmək çətindir. Heykəlləri sökməmək olarmı? Mənə elə gəlir ki, olar. Axı onlar həm də tarixdir. Məsələn, onları bir xüsusi yerə toplamaq və beləcə yaşatmaq olar. Zaman da axar su kimidir və özü ilə bəzən çox şey gətirir… Amma nə etmək olar? Tarix elə tarixdir, uzağı onu olduğu kimi yazmaq olar, amma üstündən xətt çəkmək, pozmaq olmaz. Qoy, heykəllər yaşasın. Onları üşüməyə qoymayın, ehtiram edin. Gələcəkdə bilməlidirlər ki, Liviyanı 42 il, Misiri 30 il, Tunisi 25 il kim idarə edib, ən əsası isə necə idarə edib? Təbii ki, totalitar və avtoritar rejimlərin heykəl istehsal etməsinə, heykəl sənayesinə çox pis baxıram və bunu təqdir etmirəm. Hələ onu da deyim ki, bu despotik ərəb rejimlərinin çökməsinə həm də ona görə sevinirəm ki, canımızı ərəb diktatorlarının heykəllərinə tamaşa etməkdən və onlara baxmaq əzabından qurtardı, çünki son vaxtlar ölkəmizdə az qala lap bütün ərəb şeyxlərinə heykəl qoyacaqdılar! H.Mübarəkin heykəli buna canlı sübut deyilmi? Amma burada, ümumiyyətlə, kiçikcə bir detal var. Yadınızda qalıbsa, “Babək” filmində bir epizod var. Xəlifə deyir: “Rum imperatorunun nəslindən olan Babəki məğlub etdik!”. Bunu eşidən əyanlar etiraz edir və xəlifə qəribə bir etiraf edir: “Axı deyə bilmərik ki, 20 ildən sonra adi çobanı məğlub etmişik!”. Burada bir məntiq var. Hə, Qəzzafinin hətta psixi durumu mübahisə doğurur. Amma o, Liviyanı 42 il idarə edib! Diktatorları aşağılaya bilərik və düz də edərik, amma unutmaq lazım deyil ki, onlar heç də trivial insanlar olmayıblar, çox qəddar və hiyləgər şəxsiyyətlər olublar! Bəli, acı da olsa, bu da həqiqətdir. Tarix isə ancaq həqiqəti sevir…

Diktatorların MDB yuxusu

Deyilənə görə, MDB diktatorlarının da yuxusu ərşə çəkilib. I.Kərimov da lap B.Əsəd kimi islahatçılığa başlayıb, gah parlamentin səlahiyyətlərini artırır, gah da gəncləri siyasətə cəlb etmək istəyir. Amma yuxuları ərşə çəkilib. Söz onda deyil ki, bunların hamısı millət qarşısında şəxsən özü cavab verməli olacaq. Hə, ola bilsin, bəziləri ərəb diktatorlarının aqibətindən qaça biləcək, onu təkrar etməyəcək. Amma kimsə onların əvəzinə cavab verməli olacaq, çünki onlar özlərini hətta monarx kimi də apara bilmədilər. 300 il Rusiyanı idarə etmiş Romanovlar sülaləsindən ancaq Birinci Pyotrun heykəli vardı. Amma bunların portretlərinin, şəkillərinin, heykəllərinin əlindən tərpənmək belə olmur! Indi MDB bir diktator “qoruğu”na bənzəyir, zira müvəqqətidir, bu da sovuşacaq, ötüb gedəcək… Bayaq dedim ki, diktatorların yuxusu tam ərşə çəkilib. Yuxuları qaçanda onlar daha qorxulu olurlar. Bilirsiniz, bunları dilxor edən nədir? Əgər inqilablar Cənubi Amerikada və yaxud bir xristian ölkəsində baş versəydi o qədər də narahat olmazdılar. Bunların əsas tezisi bu idi ki, əşşi, kim oyansa da, bizimkilər, yəni müsəlmanlar oyanmayacaq. Hətta Qırğızıstanda baş verən iki inqilab da bunlar üçün bir siqnal olmadı. Amma indi görürlər ki, hətta müsəlmanlar da ayağa qalxa, etiraz edə bilirlər!

Kiçik sözardı

Bir vaxt partiya sədrlərinin şəkillərini dairədə göstərirdilər. Indi isə gənclərin əleyhinə təbliğat aparırlar. Sözləri də budur ki, bəzi yolunu azmış gənclərə qoşulmayın! Gülməlidir, deyilmi? Bəlkə bizi düz yola həmin “yolunu azmış” gənclər çıxaracaq? Şəxsən mən qurtuluşu ancaq onlardan gözləyirəm!..