Azərbaycan 2014-cü ilə əliyevçi rejimin ANTIMILLI, ANTIDEMOKRATIK siyasətinin doğurduğu parlaq bir faciə ilə girəsi oldu. Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması, bu yanmadan dünyasını dəyişməsi simvolik görsənişdir – yanan Azərbaycan görsənişi. Qarabağı verməklə hakimiyətə gələnlərin, ölkəni sata-sata hakimiyətdə qalanların kefinin qurbanı oldu Zaur Həsənov. Fərarilər hakimiyət başında, qazilər küçələrdə – sonuc belə olmalıdır. Ölkəyə qulluq yolu tutanlar hüquqsuz qul yerində, Ölkəni satanlar hakimiyət başında – sonuc belə olmalıdır.
Kimlərsə Zaurun ölümünə nədən olmuş Səttar Mehbaliyevin istefa verməli olduğunu dedilər. Səttar Mehbalıyevsə özünü “günahkar” saymadığını, buna görə də istefaya gərək görmədiyini bildirdi. Belədir. Doğrudur. Səttar Mehbaliyev deyil, Səttar Mehbalıyevlərdən hakimiyət komandası düzəldən, bu korrupsioner-yırtıcı komanda ilə Ölkəni dağıdan, legitimliyi tanınmayan Ilham Əliyev istefa verməlidir! Işdi, ola bilər, birdən ortaya böyük dirəniş çıxar, buna görə Səttar Mehbalıyev istefaya göndərilər. Nə olacaq? Sözsüz, I.Əliyev atadanqalma prinsiplərinə uyğun olaraq S.Mehbalıyevin yerinə ondan daha pisini gətirəcək – komandanın yırtıcı-korrupsioner birliyini-bütövlüyünü qoruyub saxlamaq üçün!
Baxın, I.Əliyev saxta seçki yoluyla üçüncü dönəm prezidentliyi ələ keçirəndən sonra da atadanqalma korrupsiya komandasıyla üzülüşmək istəmir. Bu isə özümlü baxış, düşüncə, ideal faktıdır. Kimsə bu komandanı onun əlindən alsa belə, o özü hakimiyət başında qaldığı üçün nəsə dəyişəsi deyil; o yenidən belə bir komanda formalaşdıracaq. Baxışına, düşüncəsinə, idealılna görə o, başqa komanda formalaşdıra bilməz. Ona başqa, ən ideal komanda formalaşdırıb versən, yenə də alınmayacaq – başqa komanda ilə işləmək onluq deyil. Indiki korrupsiya – diktatura komandasıdır, başqa komanda çağdaş prinsiplərə uyğun demokratiya – hüquq komandası olmalıdır: belə komandayla işləmək üçün demokratik düşüncədən başqa bir də böyük bacarıq gərəkdir. Indilikdə ortada nə demokratik düşüncə var, nə də böyük bir yana, normal yönətim bacarığı. Buna görə də onun bir çox qərarları, göstəriş-tapşırıqları illərlə yerinə yetirilməmiş qalır. Başqa bir yandan, ortada ayrıca siyasi istənc – siyasi iradə də yoxdur. Buna görə də Ölkədə dərəbəylik, özbaşınalıq baş alıb gedir.
Seçkiöncəsi o, məmur qudurğanlığından danışır, belələrini cəzalandıracağını bildirirdi. Seçkidən sonra antixalq məhkəmlərinə start verməklə, yanacağı bahalaşdırmaqla xalqı cəzalandırdı. Bunlarla yanaşı o, bütünlüklə korrupsiyalaşmış dövlət strukturlarında onsuz da kef çəkən məmurların aylığını artırmaqla kimin – xalqla, antixalqla – olduğunu bir daha ortaya qoydu. Prezident olaraq legitimliyinin yalnız korrupsioner dövlət strukturlarına, bu strukturlarda çalışanlara bağlı olduğunu bilən kimsədən bundan artıq nəsə gözləməyə dəyməz. Ona özünə düşmən saydığı xalqı deyil, özünə arxa saydığı korrupsioner dövlət strukturlarında çalışanları varlandırıb gücləndirmək gərəkdir. Bütünlüklə korrupsiyalaşmış dövlət strukturları, bu strukturlarda çalışanlar legitim olmayan prezidentliyin ən yaxşı qarantiyasıdır – yoxsul xalq önündəki qudurğan yaşayışa görə!
Rejim əlaltılarından biri müxalifəti Zaur Həsənov faciəsindən dividend qazanmaq istəyində suçlayır. Işğalçı rejim siyasətləri üzündən bu Ölkə bütünlüklə faciə içində deyilmi? Yarıtmaz səhiyyə, yarıtmaz təhsil faciələri, dövlət strukturlarının bütünlüklə korrupsiyalaşması, rejimin getdikcə daha da kriminallaşması, kriminallaşdıqca da daha çox repressiv xarakter almaqla xalqı yeni-yeni faciələrə sürükləməsi – bütün bunlara qarşı çıxmaq siyasi dividend qazanmaqdırsa, qoy olsun! Bu yerdə biriləri kimi satılıb susmaq yolverilməzdir, çarpışıb siyasi dividend qazanmaq yox!