Yeni ili günahsızlar zindanda, günahkarlar azadlıqda qarşılayacaq
Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması böyük əks-sədaya səbəb oldu. Hökumətin gecikmiş qayğısı heç bir məna kəsb etmədi və Zaur Həsənov dünyasını dəyişdi. Daha sonra dayısı Hüseyn baş verənlərə dözməyərk həyatını itirdi.
Baş verənlərin günahkarı kimi Səttar Mehbalıyevin adı hallansa da, o, günahsız olduğunu bildirdi. Əsl günahkarların kim olduğu araşdırılmadı, hadisəylə bağlı cinayət işi başlanmadı. Nəticədə hakimiyyət Zaur Həsənovun dəfn olunduğu gün şəhərin mərkəzində aksiya təşkil edən gəncləri günahkar hesab edib cəzalandırdı. Bir sözlə, yeni ili bu ədalətsizliyə “yox” deyənlər həbsxanada, günahkarlar isə azadlıqda qarşılayacaq.
“Qazilərimiz yanmasın” aksiyasında həbs olunan və cərimələnənlərin siyahısı belədir: AXCP-dən Toğrul Ibrahim, Sabir Məmmədov, Natiq Rüstəmli, Qərib Musayev, Bəxtiyar Hüseynov, Çilənay Seyidi, Kamilla Əhmədova, Mahirə Hüseynova 300 manat, Bəyim Həsənli 400 manat, Kəmalə Bənənyarlı 500 manat cərimələndi. Türkel Əlisoy 15, Orxan Carçı 16 sutka həbs olundu. Müsavat partiyasından Xəyyam Məmməd, Ələkbər Rzayev 300 manat, Cavid Hacıbəyli 16, Tural Sadıqlı 17, Orxan Eyyubzadə 18 sutka həbs cəzası aldı. Qarabağ qaziləri Cavanşir Osmanlı 350, Ildırım Təhməzov 300 manat, bitərəflər Novruz Novruzov, Məcid Vahid 300 manat cərimələnib, Samir Poladov isə 15 sutka həbs olunub.
Göründüyü kimi Qarabağ qazisinin ölümünün cəzasını vətəndaş mövqeyi göstərən gənclər və Qarabağ uğrunda döyüşən 2 qazi çəkdi.
Hakimiyyət 2014-cü ilə növbəti utancla qədəm qoydu. Bu utanc həm Qarabağ qazisinin haqqını yeməkdə, həm də bu hadisəyə kədərlənən insanların cəzalanmasında özünü göstərdi.
Hakimiyyət bu addımla həm də onu sübut etdi ki, bu ölkənin qazisinə sahib çıxan, vətənini sevən adamlar cinayət məsuliyyəti daşıyır.
Onsuz da 20 ildir vətəndaş mövqeyi sərgiləyən, haqqını tələb edən, zalıma üsyan edən adamlar bu ölkədə cəzalanır.
Bir sözlə, hakimiyyət Qarabağ qazisinin ruhunun şad olmasına da imkan vermədi. Bəli, Zaur Həsənov istəməzdi ki, ona görə etiraz edənlər, onun problemini ictimailəşdirənlər ona görə cəzalansın.
Məşhur fikirdə deyildiyi kimi, “dövlət iki halda dağılır; günahsızlar cəzalananda, günahkarlar cəzasız qalanda”.
Bizim ölkədə hər iki hal nəinki mövcuddur, həm də həyatımıza hakimdir.
Günahsızları cəzalandıranlar bir gün mütəq cəzalanacaqlar. Və bu cəza nə 300 manat pul, nə də 15 sutka həbslə yekunlaşmayacaq.


