Qəzzafinin qərargahı bombalandı

Uqanda Liviya diktatoruna sığınacaq təklif etdi

 

Qəzzafi rejiminə qarşı NATO komandanlığı altında aparılan hərbi əməliyyatlar davam edir. Dünən axşam saatlarında diktatorun paytaxt Tripolinin Tacura bölgəsində yerləşən qərargahı və yaxınlıqdakı hərbi hədəflər koalisiya qüvvələrinin hücumuna məruz qalıb. Paytaxt sakinlərindən biri “AFP” agentliyinə açıqlamasında bildirib ki, koalisiya qüvvələri bölgədəki hərbi bazaya beş hava zərbəsi endirib. Pentaqon nümayəndələri dünən Liviyanın hərbi obyektlərinə 22 raket zərbəsi endirildiyini açıqlayıb. “Tomohavk”la vurulan obyektlər arasında Tripolidəki silah anbarı da var.

Diktator yenə hücuma keçdi

Bu arada üsyançılarla Qəzzafiyə sadiq hərbi birləşmələr arasında növbəti qarşıdurma yaşanıb. Diktatorun əsgərləri üsyançıların mövqelərinə hücum edərək, onları daha 150 km. məsafədə ölkənin şərqinə doğru sıxışdırıblar. Qəzzafiyə bağlı silahlılar üsyançılara tank və reaktiv silahlardan atəş açıblar.
Yayılan, lakin təsdiqlənməmiş məlumatlara görə, artıq ölkənin liman şəhəri Ras-Lanuf, Sirt, Bin-Cavad və bir sıra digər yaşayış məntəqələri yenidən hökumət qüvvələrinin əlinə keçib.
Liviyanın əsas strateji neft şəhərlərindən biri olan Ras Lanufdakı üsyançılardan Fərəc Müftah bildirib ki, Qəzzafi əsgələri hakimiyyət əleyhdarlarını raketlərlə atəşə tutaraq şəhərə daxil olublar. Şəhər ətrafında üsyançılarla hökumət qüvvələri arasında silahlı qarşıdurma dünən gecə saatlarına qədər davam edib.
Üsyançıların yaydığı başqa bir xəbərdə isə deyilir ki, diktatora sadiq əsgərlər Misrata şəhərini də raket və toplardan atəşə tutub. Nəticədə 18 nəfər həyatını itirib.

Üsyançılara silah yardımı ola bilər

ABŞ dünya ictimaiyyətinin Liviya üsyançılarını silahla təmin etməsini istisna etmir. Bunu ABŞ prezidenti Barak Obama “ABC” kanalına müsahibəsində deyib: “Əgər ABŞ Liviya üsyançılarını silahla təmin etmək istəsəydi, bunu edə bilərdi – belə desəm düz olar. Lakin biz bu məsələdə bütün mümkün variantları nəzərdən keçiririk. Biz nəzərdə saxlayırıq ki, uçuşa qadağan zona təyin etmişik və bu, bir müddət davam edə bilər, çünki bu, beynəlxalq təşəbbüsdür”.
Onun sözlərinə görə, Liviya üsyançılarının koalisiya qüvvələri tərəfindən silahla təmin olunması müzakirəyə açıq məsələdir. Ağ ev rəhbəri Qəzzafi hakimiyyətdən getməyə qərar verərsə, ona “yardım ediləcəyini” də deyib.
Obama Qəzzafini qısa zamanda hakimiyyətdən uzaqlaşdırmağın mümkün olmadığını da bildirib. Ağ ev rəhbərinin sözlərinə görə, hərbi əməliyyatlar diktatorun fiziki cəhətdən aradan qaldırılması məqsədi daşımır: “Qəzzafinin hakimiyyətdən getməsi bir qədər vaxt tələb edir. Bir günə onu istefaya məcbur etmək mümkün deyil. Hərbi əməliyyatlar yalnız doqquz gündür ki, davam edir. Mən səy göstərəcəyəm ki, o, hakimiyyətdən getsin”.
Benqazi şəhərində mərkəzləşmiş keçid dövrü Milli Şurası Türkiyə hökumətini Liviya xalqının yanında olmağa çağırıb. Milli Şuranın üzvü Iman Buqaqiz keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə ilə saziş və işgüzar müqavilələrə sadiq qalacaqlar. Liviyanın müxalifət nümayəndəsi həmçinin vurğulayıb ki, iki ölkə arasında əlaqələrin gələcəyi Qəzzafi və ailəsinin deyil, Liviya xalqının əlində olacaq.

Pan Gi Munun xüsusi nümayəndəsi Tripoliyə gedəcək

BMT baş katibinin xüsusi nümayəndəsi Müəmmər Qəzzafinin istefaya getməsi və onun Liviyadan çıxması təklifini vermək üçün yaxın vaxtlarda Tripoliyə gedəcək.
BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, onun nümayəndəsi Liviyadakı münaqişənin hər iki tərəfilə danışıqlar aparacaq.

Uqanda diktatora qucaq açdı

Uqanda prezidenti Yavəri Musəvinin mətbuat katibi Tamali Mirundi “Associated Press” agentliyinə açıqlamasında Qərb və digər ölkələrin Liviya diktatorunun sürgünə getməsi barədə çağırışlarına cavab olaraq, Qəzzafiyə sığınacaq verilməsinə məmnuniyyətlə razılıq verdiklərini söyləyib.

İnformasiya şöbəsi