İsa Qəmbərdən ittiham: “Açırsan qəzetlərini…”

“Milli Şuradan çıxmaq fikrimiz yoxdur” deyən Müsavat başqanı kimləri və niyə ittiham edir?

Dekabrın 29-da Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib. İclasda çıxış edən partiya başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən Milli Şurada iştirakları barədə danışıb.
“musaavat.com”un yaydığı məlumata görə, İ.Qəmbər özünü yandıran Qarabağ qazisinin ölümü barədə danışıb və hakimiyyəti Qarabağı xalqa unutdurmağa çalışmaqda ittiham edib.
İ.Qəmbər növbəti ittihamlarını Milli Şura daxilindəki qüvvələrə yönəldib. “Müsavata qarşı elə bil Səlib müharibəsinə başlayıblar. Açırsan qəzetlərini İlham Əliyev əleyhinə bir yazı var ya yoxdur, ancaq Müsavata qarşı bir neçə yazı var. Yayda “Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov” deyirdilər. İndi də “ya Milli Şura, ya da Milli Şura” deyirlər. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər. Biz başa düşürük ki, Milli Şura Xalq Cəbhəsi, gənclərsiz, ziyalılarsız mümkün deyil. Ancaq məgər bunlar başa düşmürlərmi ki, Milli Şura Müsavatsız mümkün deyil? Bəziləri Milli Şurada Müsavatsız hər şeyin yaxşı olacağını deyirsə, deməli, bu adamlar onu dağıtmaq istəyirlər. Bizim Milli Şuradan çıxmaq fikrimiz yoxdur. Bizimlə dostluğa, əməkdaşlığa, müttəfiqliyə razı olmayan qüvvəyə biz necə etimad göstərə bilərik?..”
İ.Qəmbər sonda partiya qurultayı haqda danışıb və bildirib ki, növbəti ilin əvvəlindən qurultayın keçirilməsi üçün addımlar atılmalıdır.