Milli Şuranın yaranması, ilkin müzakirələr və onların detalları…
İsa Sadıqov
Elə bugünlərdə mənə bəlli oldu ki, iki aya yaxın müddət ərzində “təcrid” olunmağım dostları ciddi narahat edibmiş. Bir sıra şayiələr də yayılıb və mən, əlbəttə, bu şayiələri dostların narahatlığının nəticəsi kimi qəbul etdim. Mənim haradasa, həbs edildiyim, Azərbaycan müxalifətindən üz döndərdiyim, hətta öldürüldüyüm… barədə xəbərlər dolaşırmış…
Bütün dostlara “Azadlıq” vasitəsilə salamlarımı çatdırıram. Yaxşı ki, biz insan olaraq hansısa ideyaların, məsləyin daşıyıcılarıyıq və bu, bizə çoxlu sayda dostlar, məsləkdaşlar qazandırır. Nə qədər ki, həyatdayıq, bu ideyaların həmin məsləkdaşlarla birlikdə həyati təsdiqi uğrunda çalışmalıyıq. Başqa yol yoxdur.
Son günlər Milli Şura ətrafında debatlar, onun taleyi, gələcəyilə bağlı müzakirələr məni ciddi narahat edir. Bu gün “Azadlıq”da bölüşdüyüm fikirlər çoxları üçün yenilik və gəzlənilməz ola bilər, amma bunlar tər-təmiz həqiqətlərdir. Mən bu olaylar haqıqnda məhz indi hökmən yazmalıyam. Bu təmiz, səmimi niyyətlərin 20 ildir ki, birgə taleyi yaşamalı olduğumuz dostlar tərəfindən yanlış anlaşılmasına və ya yanlış təqdim edilməsinə razı ola bilmərəm.
Mən demək istəmirəm ki, çox böyük işlər görmüşəm. Sadəcə, imkanım daxilində olan işləri görməyi çalışmışam. Indi isə bizim əsas işimiz ölkədə sözün həqiqi mənasında köklü dəyişikliklərin baş verməsi uğrunda mübarizə aparan, Azərbaycandakı avtoritar və kriminal rejimdən yaxa qurtarmaq naminə fədakarlıq edən dostlarla birlikdə olmaq və fəaliyyətimizi əlaqələndirməkdən ibarət olmalıdır.
Qoy, o dost özü öz adını çəksin…
Məsələ burasındadır ki, mən və Azərbaycanda çoxlarının yaxından tanıdığı, hörmət etdiyi çox yaxın bir dostum indi bəzilərinin “Rus variantı” adlandırdığı Milli Şuranın yaranması üçün əlimizdən gələnləri etdik, davamlı olaraq hörmətli Rüstəm Ibrahimbəyovla əlaqələr saxladıq, bu söhbətlərin episentrində olduq. Mən həmin dostumun adını çəkmək istəmirəm və hesab edirəm ki, lazım bilsə, bunu o özü edər. Indi yaranmış situasiyada mən Rüstəm Ibrahimbəyova zəng edib baş verənlərə görə ondan üzr istəməyə cəsarət etmirəm. Məsələ burasındadır ki, məhz mən və mənim həmin dostum Rüstəm Ibrahimbəyovla uzun-uzadı söhbətlər aparıb, onu Milli Şuranın yaranmasında və ona rəhbərlik etməkdə tərəddüd etməməyə inandırdıqdan sonra bütün partiya liderlərilə bir-bir təmasa keçdik. Rüstəm Ibrahimbəyov bizim bu danışıqları aparmağımıza razılıq verdikdən sonra Bakıdakı dostumuz bütün partiya liderlərilə ayrı-ayrılıqda söhbət edərək, onların rəyini öyrəndi, onların hamısı bir-bir bu təklifə müsbət yanaşdıqlarını bildirdilər.
Rüstəm İbrahimbəyov amili
Buradaca qeyd edirəm ki, Rüstəm Ibrahimbəyov kimi iri ranqlı bir adamın ölkə müxalifətinin mövqeyini bölüşməsi, siyasi hakimiyyətə müxalif mövqeyə keçməsi sıradan bir hadisə deyildi. Bunu dəyərləndirmək lazım idi. Bir anlıq təsəvvür edin: Azərbaycanın Rüstəm Ibrahimbəyov kimi neçə nəfər təmsilçisi var… Və təkcə köhnə SSRI məkanında deyil, bütün dünyada!.. Məgər biz həmişə fəxr etməmişikmi ki, bizim millətin də bu cür təmsilçiləri var, azərbaycanlıları təkcə kimlərsə bazarlarda, piştaxta arxasında deyil, dünya mədəniyyətində təmsil edir?!
Məhz belə bir adam Azərbaycandakı avtoritar rejimə qarşı baş qaldırıb, avtoritarizmin illərdir ki, törətdiyi cinayətlərə qarşı səsini ucaldıb. Son 20 ildə bu kalibrli neçə nəfər öz prinsipal mövqeyini ortaya qoyub, xalqın ürəyindən keçənləri şüar olaraq səsləndirib, rejimin əleyhinə açıq və cəsarətli çıxışlar edib?
O, ictimai həyatda zühur edən kimi, diqqət mərkəzinə düşdü. Onun adı və fəaliyyəti mübarizəyə yeni impuls verdi. Cəmiyyətdə birdəfəlik olaraq parçalanmış kimi görünən qüvvələrin, siyasi partiyaların, ictimai hərəkatların birləşdirilməsi imkanı yarandı. Aydın oldu ki, bütün bunlara Rüstəm Ibrahimbəyov faktorunun təsirilə nail olmaq mümkündür.
Hakimiyyət də özü üçün yaranmış bu təhlükəni, məhz belə qiymətləndirirdi. Elə buna görə də dünya mədəniyyətinin sevimli isimlərindən olan bir adama qarşı iyrənc əks-təbliğata start verdilər. Milli Şuranın yaranması, bütün siyasi partiyaların birləşməsi, EL hərəkatının təsis edilməsi ideyası Rüstəm Ibrahimbəyova məxsus idi. Açıq-aşkar görünürdü ki, ölkədə nəhəng bir ictimai-siyasi blok yaranır, uzun illər ərzində parçalanmış cəmiyyətdə bir ümid işığı yanır. Və Rüstəm bəy bu prosesdə birinci, başçı, rəhbər olmaq iddiaları ilə heç zaman çıxış etmirdi. Onun bütün təklifləri və ideyaları müzakirə olunurdu, amma “daş yerindən tərpənmir”, zaman isə gedirdi. Azərbaycanda birləşmənin praktik olaraq gerçəkləşməsi üçün təşəbbüslər cavabsız qalır, prezidentliyə namizədlərin və iddialıların sayı yağışdan sonra göbələklər kimi çoxalmaqda idi. Cəmiyyətdə aşkar ümidsizlik hökm sürürdü. Ölkə, sanki prezident seçkiləri qarşısında olduğunun fərqində deyildi və əslində, hakimiyət də elə bunu istəyirdi ki, geniş və dərin ictimai pessimizm şəraitində prezident seçkiləri keçirib, öz saxta qələbəsini həm bütün dünyada, həm də Azərbaycanda təntənə ilə qeyd edə bilsin. Amma çoxları dərk edirdi ki, bu situasiyanı yalnız Rüstəm Ibrahimbəyov faktoru dəyişə bilər. Zaman da çox qıt idi, seçkilərə çox az vaxt qalırdı…
Milli Şura yox ikən nə vardı?
Təbii ki, biz də bu durumu ürək ağrısı ilə müşahidə edirdik. Adını çəkmədiyim həmin dostumla bu situasiyanı uzun-uzadı müzakirə edir və anlayırdıq ki, Rüstəm Ibrahimbəyovun fəal müdaxiləsinə nail olmaq zəruridir. Təbii, müzakirələrimizin nəticəsi də bu idi ki, Milli Şura yaranmalı, Ibrahimbəyov ona rəhbərlik etməlidir. Əks təqdirdə, namizədliyi irəli sürülən və ya sürüləcək insanlar geniş ictimaiyyətin deyil, ən yaxşı halda, yalnız öz partiyalarının dəstəyini qazana bilərlər. Təəssüf ki, vəziyyət bundan ibarət idi. Buna görə də biz qərara gəldik ki, yubanmadan Rüstəm Ibrahimbəyovla görüşüb bu məsələləri müzakirə edək.
Əlbəttə, biz sadəlövh adamlar deyilik və hesab etmirdik ki, Əliyev rejimi Azərbaycanda hətta hansısa ictimai təzyiqlər hesabına azad, demokratik seçkilər keçirməyə cəsarət edə bilər. 1993-cü ildən indiyə qədər buna kimsə inanmır və ümid etmir. O zamandan etibarən kimsə inanmır ki, Azərbaycanda nəinki prezident, hətta parlament və bələdiyyələr də nisbi də olsa, demokratik seçkilər yolu ilə seçilə bilər. Bütün bu fəaliyyətlərin nəticəsi sadəcə, ictimai pessimizmə meydan verməmək, azadlıq və demokratiya uğrunda mübarizənin səngiməsinin qarşısını almaq, cəmiyyətin ölmüş ümidlər qəbiristanlığına çevrilməsinə mane olmaq olmalı idi. Bu, xaos demək olardı.
Oslo-Moskva-Bakı
Razılaşdıq ki, Rüstəm Ibrahimbəyovla görüşmək üçün mən Moskvaya gedim. O isə Bakıda qaldı. Rüstəm bəyin razılığını alan kimi isə o, Bakıda fəaliyyətə bşalayacaqdı. Rüstəm bəyə zəng etdim, görüşün vaxtını müəyyən etdik və mən Moskvaya getdim. Bu prosesin uzun çəkəcəyini anlayaraq, işdən də çıxdım.
Bəlkə də mən bu proseslər haqqında heç zaman yazmamalı idim. Amma bir sıra “patriotların” Milli Şura ideyasını “rus proyekti” adlandırmasına heç cür dözə bilməzdim və proseslərin necə baş verdiyinə aydınlıq gəlməlidir ki, kimsənin yalan ittihamlarına yer qalmasın.
Rüstəm bəylə bir neçə dəfə görüşdük. Ilk görüşlərdə o, Milli Şuranın yaranması üçün əlindən gələni edəcəyini bildirsə də, bu quruma rəhbərlik etmək təklifini qətiyyətlə yaxına buraxmırdı, Azərbaycanda bu missiyanı daşıya biləcək insanların az olmadığını bildirirdi. Əlbəttə, o, həm də əla anlayırdı ki, söhbət hansı məsuliyyətdən, hansı bir rejimlə nəyin mübarizəsini aparmaqdan gedir və burada hansı çətinliklər var. Mən Azərbaycanda uzun illərdir mübarizə aparan liderlərə güvənirdim. Əmin idim ki, onlar ölkənin gələcəyi naminə birləşə biləcəklər. Üstəlik, onların hamısının bu kampaniyada heç bir iddiası və birincilik kimi inadkarlığı olmayan Rüstəm Ibrahimbəyovun rəhbərliyini qəbul edəcəklərinə şübhə etmirdim. Təkrar edirəm, Rüstəm bəy çox inadkarlıqla Milli Şura rəhbərliyinə və prezidentliyə namizədliyə razılıq vermirdi, əsaslandırırdı ki, kimsənin yolunun üzərində dayanmaq istəmir. Mən onu anlayır, onun hansı dəyərlərlə nəfəs aldığını müşahidə edir və onunla fəxr edirdim. Eyni zamanda, başqa yol da yox idi. Onu da anlayırdım ki, Milli Şuranın lideri hökmən Rüstəm Ibrahimbəyov olmalı və cəmiyyətdəki bütün qüvvələri birləşdirməyi bacarmalıdır. Mən onu inandırdım ki, əgər o, Milli Şuraya rəhbərlik etməyə razılıq versə, sabahdan etibarən Bakıda hər ikimizin yaxşı tanıdığımız dostumuz aparıcı partiya liderlərilə danışıqlara başlayacaq. Rüstəm bəyə kimlərlə danışıqlar apara biləcəyimizi də dedim.
Qeyd edim ki, mənim Rüstəm bəylə bu söhbətlərim barədə Bakıda heç bir partiya lideri məlumatlı deyildi. Plana görə, onların hamısı danışıqların gedişi zamanı məlumatlandırılmalı idilər. Rüstəm bəylə söhbətimiz zamanı Bakıda danışıqlar aparılacaq adamların təxmini siyahısını da razılaşdırdıq. Bunlar Əli Kərimli, Isa Qəmbər, Eldar Namazov, Sülhəddin Əkbər, Lalə Şövkət, Mirmahmud Mirəlioğlu və başqaları, eləcə də tanınmış ictimai xadimlər və ziyalılar olmalı idilər. Nəhayət, Rüstəm bəylə razılaşdıq. Razılaşdıq ki, bu, sadəcə bir təklifdir və əgər Bakıdakı liderlər bu təklifə razılıq verməsələr, o zaman bunu açıqlamağa da ehtiyac yoxdur, hər kəs özünün məsləhət bildiyi yolla gedər. Ola bilər ki, məndən əvvəl də kimlərsə Rüstəm bəylə bu mövzuda söhbətlər aparıb. Amma Milli Şuranın yaranmasının məhz bu variantı – Rüstəm bəyin Milli Şura sədri və prezidentliyə vahid namizəd olması məsələləri bizim görüşümüz zamanı razılaşdırılıb. Rüstəm bəy razılıq verdikdən sonra Bakıdakı dostumuza zəng etdi və onun adından danışıqlara başlamağa razılıq verdiyini bildirdi. Bakıda bu görüşlər aprelin 14-dən etibarən başladı…
(Ardı növbəti sayımızda)



