«Bir neçə ölkənin bayrağını və gerbini bəzəyən Kalaşnikov avtomatı inqilabi mübarizənin rəmzinə çevrilib»
«Əlinin altına düşən sağ nə varsa, hamısını məhv etmək üçün bu avtomatdan yaxşı heç nə yoxdur»
Bu günlərdə əfsanəvi konstruktor Mixail Kalaşnikov 94 yaşında dünyasını dəyişdi. Onun haqqında fikir birmənalı deyil. Bəziləri hesab edir ki, bu mühəndis hər hansı digər silahdan çox insan həyatına son qoyan avtomatın yaradıcısıdır. Digərləri konstruktoru dünyanın indiki görkəminin memarı adlandırır.
Ancaq Mixail Kalaşnikovun həm tənqidçiləri, həm də ona pərəstiş edənlər bir fikirdə həmrəydir: onun kəşfi bəşəriyyət tarixini dəyişdi.
Beynəlxalq araşdırma təşkilatı olan Small Arms Survey-in rəyinə görə, “Kalaşnikov” kultu” və “kalaşnikovizasiya” Qafqazın, Yaxın Şərqin, Mərkəzi Asiyanın, Afrikanın bir çox ölkələrinin silah ənənələrini təsvir edən geniş yayılmış terminlər olub. AK-47 Mozambikin bayrağını, Zimbabve, Burkina-Faso (1984-cü ildən 1997-ci ilə qədər olan müddətdə) və Şərqi Timorun herblərini bəzəyir.
Üsyan və inqilabi mübarizənin rəmzi olan AK-47-i cəsarətlə müstəqil kult fenomeni hesab etmək olar.
2012-ci ildə britaniyalı rəssam Demien Xerstın naxışlarla bəzədiyi Kalaşnikov avtomatı Londondakı xeyriyyə hərracında 89 min dollara satıldı. Dizayner Filipp Stark isə dəyəri 1360 funt olan “Kalaşnikov AK-47″ stolüstü lampa düzəldib.
Müsiqi və kino yaradıcılığında “Kalaşnikov”un rolu
Müsiqiçilər də öz yaradıcılıqlarında tez-tez bu avtomata müraciət edib. The Sisterhood qrupu AK-47-ə Finland red, Egypt white mahnılarını, Qoran Breqoviç isə “Kalaşnikov” kompozisiyasını həsr edib. Repçi Ice Cube AK-47-i mütamadi olaraq öz mahnılarında yada salır, Straight Outta Compton kompozisiyasında isə avtomat hətta solo partiya “oynayır”. Tupak Şakur isə qarnında AK-47-nin şəklini döydürmüşdü.
Mosh mahnısına animasiyalı klipdə tanınmış amerikalı repçi Eminem Ak-47-i kiçik Corc Buşa “verir”.
Kalaşnikov avtomatını həmçinin fransalı müsiqiçi və antiqlobalçıların lideri Kenii Arkanın La Rage klipində də görmək olar.
Filmlərdə də AK-47-ə mütamadi olaraq rast gəlmək mümkündür. “Rembo”nun hissələrinin birində Silvestr Stallone əlində “Kalaşnikov” avtomatı tutur. Kventino Tarantinonun “Ceki Braun” filmində Semüel Ceksonun qəhrəmanı avtomat barədə bunları deyir: “Əlinin altına düşən sağ nə varsa, hamısını məhv etmək üçün bu avtomatdan yaxşı heç nə yoxdur”.
“Silah baronu” filmində Nikolas Keycin qəhrəmaqı AK-47-ə bütöv bir monoloq həsr edib: “Bu dünyada ən məşhur avtomatdır. O gözəl və rahat, basmaqəlib polad və fanerdən yığılıb, çəkisi isə cəmi 9 funtdur. O sınmır, paslanmır. Palçıq və qumu da rahat atır. Istifadədə o qədər sadədir ki, hətta uşaq da ondan istifadə edə bilər. Sovetlər ittifaqı bu avtomatdan xeyli pul qazanıb, Mozambik onu bayrağına yerləşdirib. Soyuq müharibə sona çatandan sonra ”Kalaşnikov” ruslar üçün ixracın əsas maddəsinə çevrilib, daha sonra araq, kürü və intiharçı-yazıçılar gəlir”.
AK-47-nin populyarlaşmasında Call of Duty, S.T.A.L.K.E.R, FarCry, Counter-Strike, Battlefield, Warface kimi kompüter oyunları da az rol oynamayıb. Bu oyunlarda avtomat döyüşçülərin arsenalına daxil edilib.
Dünyanın dəyişən 50 kəşf arasında 4-cü
Kalaşnikov avtomatı dünyada ən geniş yayılmış atıcı silah kimi “Ginnesin rekordlar kitabına” düşüb. Playboy jurnalı AK-47-i dünyanı dəyişən 50 məhsul arasına daxil edib. Avtomat bu siyahıda yalnız Apple Macintosh kompüteri, hamiləliyə qarşı həb və Sony Betamax videomaqnitafonundan geri qalır.
Fransanın Liberation jurnalı isə 20-ci əsrin ən əhəmiyyətli kəşfləri arasında birinci yerə AK-47-i layiq görüb. Avtomat nüvə silahı və kosmik texnologiyanı da geridə qoya bilib.
Əgər xəritədə AK istifadə edən ölkələr, ordu və güc strukturları, üsyançı və partizan dəstələrinin yerləşdikləri ərazilər eyni rəngdə boyansa, bu rəng hər yerdə dominantlıq edəcək. Müxtəlif mənbələrin məlumatına görə, bütün modifikasiyalarda 60 ildə 100 milyondan artıq Kalaşnikov avtomatı istehsal edilib. 100-dən artıq ölkənin ordusu bu avtomatdan istifadə edir. 20-ə yaxın ölkənin ordusu isə yalnız Kalaşnikov avtomatı ilə silahlanıb.
Kalaşnikov avtomatı Bolqarıstanda, Macarıstanda, vaxtilə Şərqi Almaniyada və Yuqoslaviyada, Misirdə, Iraqda, Çində, Polşada, Şimalı Koreyada istehsal edilir.
Yuqoslaviyada AKM bazasında “Zastava-76″ spayper tüfəngi istehsal olunurdu.
Finlyandiya, ABŞ və Hindistanda da əsasını AK təşkil edən hücum tüfənqləri istehsal olunur.
Israilin “Qaqil” avtomatı da Kalaşnikov avtomatının əsasında yaradılıb.
2003-cü ildə Ukraynanın istehsalına başladığı “Vepr” avtomatı da bir çox əlamətlərinə görə Mixail Kalaşnikovun yaratdığı silaha oxşayır.
Amerikanın vəşhur M 16 tüfəngi də AK ilə müqayisədə uduzur. Müxtəlif modellərində 10 milyon M16 istehsal olunub. Hazırda 27 ölkənin ordusu bu silahdan istifadə edir. Ancaq bu orduların əksəriyyətinin istifadəsində AK avtomatları da var. Yayılma dərəcəsinə görə AK ilə bəlkə Belçikanın FN FAL avtomatı müqayisə edilə bilər. Bu avtomat AK-dən 4 il sonra yaradılıb. FAL 55 ölkənin ordusunun silahlarına daxildi və 13 ölkədə istehsal olunur.
“Uğur əsgərləri” jurnalının texniki direktoru, ABŞ ordusunun istefada olan polkovniki Piter Kokalis Kalaşnikov avtomatı barəsində deyir: “Indiyə qədər bir dəfə də olsun görmədim ki, Kalaşnikov avtomatları çirklənəndə atəş açmaqda problem yaransın. Mən onlardan dünyanın müxtəlif yerlərində, Əfqanistan Salvadora qədər, Afrika ölkələrindən Bosniya və Hersoqovinaya qədər istifadə etmişəm”.
2011-ci ilin mart ayında ABŞ-da Kalaşnikov silahının kolleksiyaçılarının assosiasiyası (KCA – Kalashnikov Collectors Accosiation) yaradılıb. Onun prezidenti Arizonadan olan Co Ankona 1990-cı illərin sonunda Kalaşnikov sistemli silahlarla maraqlanan adamlarım bir yerə toplamaq qərarına gəlib. Assosiasiya üzvlərinin sayı altmışdan çoxdur. ABŞ vətəndaşları ilə yanaşı ora Yaponiya, Isveçrə, Ingiltərə, Almaniya və hətta Rusiyadan olanlar da daxildir. Onları birləşdirən isə AK-nin dahiyanə bir konstruksiya olduğuna inamdır. Kolleksiyaçılardan hər biri Kalaşnikov avtomatına bənzər silah yaratmaq istəyir. Ancaq hələ ki, buna heç kim nail ola bilməyib.
Mixail Kalaşnikov isə daha yaxşı avtomat yarada biləcək şəxsin əlini sıxacağını deyirdi: “Kim daha yaxşısını yaratsa, onun əlini hamıdan əvvəl mən sıxacam. Ancaq hələ ki, əlim uzadılı qalıb”.
Afrikanın bəzi ölkələrində – Mozambik, Efiopiyada, Somalidə Kalaş adı geniş yayılmış kişi adlarındandır. Hesab edirlər ki, bu adın sahibi uğur əldə edəcək və Kalaşnikov avtomatının gücünə yiyələnəcək.
“Ən çox adam öldürən” silah
Qərb KIV-i Mixail Kalaşnikovu “dünyanın memarı” və yeni Kolt adlandırır. Ancaq Rusiya nəşrlərindən fərqli olaraq Qərb mətbuatı bu şəxs haqqında birmənalı fikirdə deyil. Hətta onu tənqid edənlər də az olmayıb.
Məsələn, USA Today Mixail Kalaşnikovun ixtirası dünyada mədəniyyət əvəzinə xaos səpib, konstruktorun özü isə onun yaratdığı silahla axıdılan qana görə məsuliyyət daşımadığını deyir.
Washington Post-un yazdığına görə, Sovet Ordusunun əsgəri “milli orduların, terrorçuların, bank soyğunçularının, inqilabçı və cihadçıların” silahlandığı avtomatı yaradıb.
ABC News yazır: “Mixail Kalaşnikov kənd təsərrüfatı texnikası yaradıçısı kimi başlayıb, ancaq dünyada ən çox yayılmış AK-47 hücum silahını yaratmaqla o qanlı məhsulun toplaya bildi”.
Britaniyanın Independent nəşrinin yazdığına görə, Kalaşnikovun yaratdığı silah inqilabi mübarizənin simvoluna çevrildi. Bu avtomat üsyançı liderlərin və prezidentlərin sevimli atributu, bir çox ölkələrin silah arsenalının əsas hissəsi, hətta mili bayrağ və herblərin elementi oldu.
Jurnalistlər M.Kalaşnikovu yeni Kolt adlandırır və onun yaratdığı avtomatın müstəmləkəçi hakimiyyətlərə qarşı müstəqillik mübarizəsində vacib element olduğunu yazırlar.
Ahram agentliyi hesab edir ki, Mixail Kalaşnikov ölümə sinonim olan avtomatın konstruktorudur. Ancaq bu silah bəzən insanların şanslarını da bərabərləşdirir.
Irish Times nəşri M.Kalaşnikovu “dünyada ən çox adam öldürən” silahın yaradıcısı adlandırır. Bu avtomatın ucuzluğu və rahat olması onu bir çox üsyançıların, partizanların və kriminal qruplaşmaların seçiminə çevirdi. Bu silah keçmiş sovet respublikalarından tutmuş Afrika və Şimalı Irlandiyaya qədər terrorçu qruplaşmaların atributuna çevrildi.
Konstruktor isə bütün bu tənqidlərlə razılaşmırdı: “Mən bu avtomatı vətənimi qorumaq üçün yaratdım. Öz ixtiramla fəxr etsəm də, onun terrorçular tərəfindən istifadə olunmasına məyus oluram. Avtomatın yerinə insanların məişətdə istifadə etdiyi cihaz yaratmağa üstünlük verərdim. Istəyirdim ki, ixtiram dünyada sülh gətirsin, müharibənin daha da asanlaşmasını istəmirdim. Siyasilər də bizim kimi çətin işləsəydi, bu silah heç vaxt pis əllərə düşməzdi”.
ABŞ Tarix Muzeyinin silahlı qüvvələr və oldu silah kolleksiyası şöbəsinin müdiri Edvard Izell M.Kalaşnikova yazdığı məktubda onun ixtiraçının müəsir tarixdə böyük rol oynadığını vurğulayıb: “Odlu silah tarixinin bilicisi kimi mübaliğəsiz deyə bilərəm ki, 20-ci əsrin ikinci yarısında bu tip texnikanın inkişafında həlledici təsir göstərdiniz. Dünyada bu məsələdə fərqli fikirdə olan tapılmaz. Bu məqam dünyanın bizə bəlli simasının formalaşmasında vacib rol oynayan yaradıcılığınıza diqqətlə yanaşmağı tələb edir”.
Fizzə