«Le Point» qəzeti: «Hafiz Məmmədov uşaq arabasının içini pulla doldurdu»
“Onlar, multimilyonerlər pullarını əvvəllər rəqqasələrə səpdikləri kimi indi də idman klublarına səpirlər. Bu gün ”Lans” klubunun sahibi, azərbaycanlı Məmmədov kimi…”
Virtualaz.org saytı xəbər verir ki, bu epiqraf Fransanın nüfuzlu “Le Point” qəzetinin azərbaycanlı milyarder, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun sahibi, “Hafka” kimi tanınan Hafiz Məmmədovun barəsində yazdığı geniş məqalədəndir.
Məqalə qəzetin 27 dekabr tarixli sayında dərc edilib, müəllifi Antuan Grenarindir.
Qəzet yazır ki, H.Məmmədov “Lans” klubunu almaq barədə qərarını 2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra istefa verən Cerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini təşkil edən biznesmen tanış edib.
“Le Point” yazdığına görə, Hafiz Məmmədov həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin sayəsində tanış olan Hafiz Məmmədovla Cerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər. “Lans” klubundakı yüksək rütbəli mənbə xatırlayır ki, həmin gecə bu iki şəxs “Lans” klubu, xüsusən də azərbaycanlı milyarderin “futbola hədsiz marağı” barədə uzun-uzadı fikir mübadiləsi aparıblar.
Bir il sonra Martellə Məmmədov yenidən bir araya gəlib və şimallıların klubunun alınması məsələsi həll olunub. Məmmədov “Lans”ın rəsmi sahibinə çevrilib və Cerve Martel klubun prezidenti postuna geri qayıdıb. H.Məmmədov kluba 20 milyon avro yatırmağa razılaşıb.
Yazıda Fransanın I liqasında 100-dən çox oyunda iştirak edəndən sonra “Bakı”ya transfer olunan ilk fransız Stefan Barbiconinin dediklərinə də yer verilib. Futbolçu bildirib:
“Mən ora (Bakıya) ilk dəfə gedəndə bir dəfə də olsun klubun liderləri ilə görüşməmişdim. Deyirdilər ki, o, əsasən xaricdə olur. Taksi sürücüsü Bakını göstərib deyirdi ki, bura gələcəyin Qətəridir. O, bir qədər şirşirdirdi, buna baxmayaraq ora mənim üçün kifayət qədər təəccübləndirici oldu.
Hafizin kiçik qardaşı Zeynal Məmmədov klubun gündəlik cari işləri ilə məşğul olur. Prezident isə kluba ancaq “məxsusi hallarda” gəlir. Hər dəfə onun kluba gəlişi ərəfəsində əməkdaşlar hər tərəfi silib-süpürür, divarlardakı bəzi yerləri təzədən rəngləyirdi. Hər şey mükəmməl olmalı idi, çünki onun qarşısında hamı tir-tir titrəyir”.
Qəzet daha sonra yazır ki, Hafiz Məmmədov özü barəsində yaxşı təəssürat yaratmağı xoşlayır. Xüsusən də onun öz zənginliyini nümayiş etdirmək üçün kompleksi yoxdur.
“Qəbulların birində klubun braziliyalı futbolçusu arvadı və yeni doğulmuş uşağı ilə gəlmişdi. Prezident (Hafiz Məmmədov) onu təbrik etdi və hədiyyə olaraq… uşaq arabasının içini ağzınadək pul ”paçka”ları ilə doldurdu! Hazırda həvəskar klubda oynayan fransalı oyunçu xatırlayır ki, digər oyunçular bu hədiyyədən xəcalət çəkdi, baxmayaraq ki, orada verilən hədiyyəni geri qaytarmaq da heç düzgün olmazdı”.
“Le Point” daha sonra H.Məmmədovun pullarını hansı yolla qazandığına toxunub. Bildirilir ki, o, neft sərvətləri hesabına milyardlar qazanıb. Qəzetin yazdığına görə, neft H.Məmmədovun 41 şirkətdən ibarət konqlomeratı “Baghlan Group”un əsas gəlir mənbələrindən biridir.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, H.Məmmədov Fransa mətbuatında barəsində yazılanlardan narahat olub. O, hesab edir ki, bu yazılar təsadüf deyil. H.Məmmədovun fikrincə, bütün bunların arxasında Bakıdakı rəqibləri dayanıb.