Köçkün Ölülər üçün Nazlının monoloqu

Qəbələnin artıq mövcud olmayan Küsnət kəndinin əziz xatirəsinə

 

Ax, Allahın altında qardaşım Iskəndər kimi mənim də bir qabiliyyətim olaydı ki, burada yatan ölülərnən danışa biləydim. Ax! Əgər olsa idi, üzümü tutardım bu qəbiristanlığa və çağırardım: Ölülər! O vədə hamı yatmışlar başlarını qəbirdən çıxardıb soruşacaq idilər ki, “Nə var, nə deyirsən, a kefli Iskəndərin Nazlı bacısı?”. Onda mən bu rəhmətliklərə belə bir vəsiyyət edərdim, mən bunlara deyərdim: Ölulər! Bir gun Qəbələnin peşəkar sökücüsü Arif Allahverdiyev gəlib duracaq sizin başınızın üstündə və bir siyahı oxuyub uca səslə çığıracaq: “Eşidin ey Allahın mömin bəndələri! Regionların iqtisadi inkişaf proqramına uyğun olaraq sizin bu qəbiristanlığı tərk etməyiniz gərəkdi”.

Ölulər! Mən sizə vəsiyyət edirəm ki, cənab Arifin sözundən rəncidə olmayıb taleyinizlə barışasınız. Və əgər məndən soruşsanız ki, niyə? – Mən sizə cavab verməyə hazıram:”Ay rəhmətliklər, indi siz burda rahatca yatıbsınız, dünyadan  xəbəriniz yoxdu. Halbuki xəbəriniz olsaydı, heç həmin əmri gözləmədən özünüz Allaha yalvarardınız ki, sizi dirilərinizdən heç bir nişanə qalmayan kənddə qəriblik çəkmək əzabından qurtarsın. Vaxta ki, varisləriniz sizlərdən miras qalan neçə yüz illik yurd-yuvanı “uf” demədən boyalı divarlara, alüminium qapı-pəncərələrə və əcnəbi avtomobillərə dəyişib sevinə-sevinə çıxıb getdilər, dəxi sizin burda nə işiniz qalıb? Xüsusən də ki, buralarda ucu-bucağı bilinməyən bir zad tikməkdədirlər. Və əlbəttə ki, yaxın gələcəkdə orada yaşayanlar və çalışanlar üçün bu qəbiristanlıqda yatan küsnətli Cərulla kişinin, yaxud da ki, onun övrəti Cariyə arvadın ruhu heç bir əhəmiyyət kəsb eləməyəcəkdir. Həmin o məşhur və varlı adamlar bu səbəbdən hec vaxt hec bir küsnətlinin qəbrinin üstünə quran oxutdurmaq üçün molla gətirməyəcəkdir. Nədən ki, siz onların əqrəbası deyilsiniz. Üstəlik, kəndlə bahəm məzarlıq da ona sahib çıxanların qanuni mülküyyəti sayılır və məzarınızın başında kimsənin sizlərdən halallıq almaq kimi bir öhdəliyi də qalmayıb.

Ölkəmizdə mülkiyyət məsələsi bir az öskürəkli mərəz olduğundan yaxşısı budur, bu işə baş qoşmayaq. Ondansa baxaq görək, əsli Qutqaşın mahalı olan indiki turist Qəbələsində baş verənlərin sizlərə bir isti-soyuğu varmı? Hardan olacaq ki? Yatmışdınız və təkrar yatacaqsınız qışda isti, yayda sərin yerlərinizdə, beşdə alacağınız yoxdu, üçdə verəcəyiniz. Zatən o biri dunyanın özəlliyi də elə bu sükunətdədir. Hərçənd ki, əbədi mənzilinizdə dəyişiklik yaranması üzündən ruhlarınız bir balaca didərgin düşməkdədir. Ancaq sizdən təvəqqe eləyirəm ki, nəbadə belə boş bir şeydən ötrü canınızı sıxıb üzüləsiniz! Əgər hər hansı bir şey yuxarılardan rəva görülübsə, buna sözsüz itaət etmək və duaçı olmaq cümlə məxluqatın borcudur. Həm də nəinki borcudur, insanın bu kimi xeyirli işlərdən ötrü iztiraba düçar olması çox böyük savabdır. Xüsusən, belə şərtlər altında köçkün düşən rəhmətliklərin ruhları bu işdən biləks şad olmalıdır. Çünki hər bekara məsələyə görə ölubə-dirisini köçürüb bütöv bir kəndi yer üzünün xəritəsindən silməzlər. Siliblərsə, deməli, bu kəndin başına şahlıq quşu qonubdu. 

Qaldı ki, mənim qağam Iskəndərin yolunu getmək istəyən bəzi naşükürlərə, onların yarımçıq elmi yetməz ki, bu dərin və incə siyasətdən bir şey qanalar. Qanmadıqlarına görə də ən dəyərli və ən vacib işlərə şonquruq qoşarlar ki, xalqı çaş-baş edib böyüklərimizdən narazı salsınlar. Amma onlardan sizə və torpağın üstündəki cəmi millətə bir xeyir gəlməz ki, indiyə qədər heç özlərinə bir faydaları toxunmayıbdı. 

Mən bura Avropa Şurasını, BMT-ni, Helsinki Assambleyasını, ATƏT-i, YUNESKO-nu, Dünya Səhiyyə Təşkilatını və qeyrilərini bura şahid çəkib onlardan soruşsam ki, bu rəhmətliklərin bir başqa qəbiristanlıqda yenidən dəfn edilməyində xeyirdən başqa bir ziyan varmı? And olsun sizin köçkün ruhlarınıza ki, həmin böyük-böyük idarələrdə oturanlar hamısı bir ağızdan deyəcəklər ki, əlbəttə, yox! Ay Allahın bəxtəvər rəhmətlikləri, əyər bilsəydiniz ki, bu ölkədə bircə dəfə dəfn olunmaq imkanından məhrum nə qədər məzlumlar var ki, buna görə heç ölə də bilmirlər. Amma sizin, maşallah, iki dəfə dəfn olunmağınız azmış kimi ölkədəki söküntülərin ən fövqəladəsi də başınıza gəlibdir ki, bundan da inşallah, ruhunuz  zərrə qədər də inciməmişdir. 

Indi ki, belədir, köçdüyünüz və köçəcəyinz yeni son mənzillərinizdə rahatca yatın. Allah sizə təkrar rəhmət eləsin, Ölülər…