Minsk qrupunun hesabatı obyektiv deyil

Elxan Mehdiyev: “Hesabatı ermənilər hazırlasaydı, bundan daha obyektiv olardı”

Ötən il Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyasının monitorinqin nəticələri ilə bağlı açıqladığı hesabat birmənalı qarşılanmayıb. Bir çox ekspertlər bunun əvvəlki hesabatlar kimi bilavasitə işğalçı Ermənistanın maraqlarına cavab verdiyini deyir. Hesabatla bağlı ABŞ-ın Duke universitetində çalışan konfliktoloq Elxan Mehdiyevin də fikirləri ilə tanış olduq.

– ATƏT-in hesabatını nəcə qiymətləndirirsiz?

– Diqqət yetirin, həmsədrlər “fakt topladıqları zaman” Stepanakertdə hoteldə qalır, axşam Fasye dediyi kimi, tut arağından içib, səhər yerli ermənilərin müşayiəti ilə onların apardığı yerlərə baş çəkirdilər. Hara getdiklərini və yerlərdə kimlərlə görüşəcəklərini də ermənilər müəyyənləşdirir. Digər tərəfdən, onların hər hansı fakt toplayıb ortaya qoymaq planları, ya fikirləri də yoxdur. Çünki onların məqsədi erməniləri ifşa etmək deyildi. Məqsəd o zaman BMT-də müzakirə olunacaq qətnaməni öldürmək və bu məsələni Minsk qrupunun monopoliyasında saxlamaq idi. Çünki BMT, ya başqa təşkilat bu cür missiya yollamaq istəsə, onlar deyəcək ki, artıq missiya var. Fakt toplamaq missiyasi vasitəçilərin işi olmali deyil. Çünki onlar vasitəçi kimi “neytral” statusdadır. Bu işi vasitəçilərə vermək, fakt toplamaq missiyasını ört-basdır etmək deməkdir. Çünki onlar ortaya fakt qoysa, gərək ermənilər Bəynəlxalq Tribunala verilsin. Anlamıram ki, nəyə görə İlham Əliyev bu işə getdi və indi də susur. Bu işə razılıq vermək üçün böyük ağıla sahib olmaq tələb olunmurdu…
Bu hesabat ermənilərin apardığı məskunlaşma siyasətinə qiymət vermək əvəzinə orada məskunlaşdırılan ermənilərin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsini önə çıxarır. Bu yanaşma həmsədrlərin qanunsuz işğala yox, orda məskunlaşdırılanlara rəğbətini göstərir. Belə çıxır indi də onların sosial durumunun yaxşılaşdırılmasına çalışmaq lazımdır. Azərbaycanla bağlı heç bir məsələdə dəqiq fikir söyləməyən “neytral” həmsədrlər məskunlaşanların hamısının Azərbaycandan gələn erməni qaçqınları olduğunu söyləyir. Ermənilər isə orda məskunlaşanların Ermənistandan, İraqdan, Yaxın Şərqdən, Rusiyadan gəlmiş ermənilər olduğunu deyir. Həmsədrlər orda məskunlaşan ermənilərin kimlik vəsiqəsinin olmadığını vurğulayır və bu işi də həll etməyə çağırırlar. Ermənilərin hamısının kimliyi var. Sadəcə onlara tapşırıblar ki, həmsədrlərə deyin: bizim kimlik vəsiqəmiz yoxdur. Bilmirik həmsərdlər bizi aldatmağa çalışır, yoxsa özlərini. Bu hesabat ermənilərin özünə tapşırılsaydı, onlar həmsədrlərdən 10 dəfə obyektiv olardı… Həmsədrlər irəli gedib mübahisəli torpaqlar terminini sənədə salıb. Bu, ermənilərin tələb etdiyi keçmiş Şaumyan rayonu, Çaykənd və onun ətrafını nəzərdə tutur. Bu, həmsədrlərin açıq təxribatıdır. İşğaldan kənar əraziləri mübahisəli saymaqla Azərbaycanı bölmək üçün zəmin hazırlayırlar. Ermənistan XİN-i həmsədlərin bu bölgələrə də getmələrini tələb edir. Bu da yeni təhlükəli gəlişmədir. Azərbaycan XİN-nin ölü bəyanatı isə bu haqda heç bir şey demir.

– Onda bu Minsk qrupu həmsədrləri kimə lazımdır?

– Ermənilərə təcavüzü ört-basdır etmək üçün, Azərbaycan rejiminə isə xalqı aldatmaq və məsuliyyəti onların üstünə qoymaq üçün lazımdır.

– Nəyə görə Əliyev rejimi bu cür reaksiya verdi?

– Məncə, bu, İlham Əliyevin düşdüyü indiki durumdan doğur. Avtoritar, sülalə və diktator rejimlərə qarşı dünyanın ayağa qalxması bu rejimi qorxuya salıb. Qarşıda onları gözləyən siyasi qeyri-müəyyənlik var. Həmsədr ölkələrlə münasibəti saxlamaq rejim üçün çox önəmlidir. Bu cür alçaldıcı münasibətə reaksiya verməməyin səbəbi də odur.

Fizzə