Özünü yandıran Qarabağ qazisinin oğlu: “Axşam yeməyini az yeyirdim ki, səhər pul olmasa, yeməyimiz qurtarmasın”.
Ilham Əliyev: “Bu gün iqtisadi sahədə elə bir vəziyyət yaranıb ki, bəzən mənə deyirlər, bəlkə bir az yavaşlayaq, belə sürətlə getməyək?”
***
Mirzə Cəlil yaşasaydı, yəqin o məşhur cümlələrini bu cür yazardı: “Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: ”Ermənistan boşalır…”
***
Təqvimə baxırsan, görürsən, bu gün cümə günüdür, amma biri də çıxıb deyir ki, “bu gün bazar ertəsidir, bu mənim subyektiv fikrimdir” (Hikmət Hacızadə).
***
Bəşər Əsəd ölkəsində olub-bitənlər haqqında “Suriyada baş verənlər bizi gözü götürməyən xarici güclərin fitnəsidir”, – deyə əsib-gurlayanda, Ərdoğan nə deyirdi? “Bu nağılları sonra danışarsan, sən öncə xalqa hesab ver, xalqa!” deyirdi.
Bəşər Əsəd tökdüyü qanlara “Bu əsla inqilab deyil, bu Suriyanı bölmək planıdır”, – deyə haqq qazandıranda, Ərdoğan nə deyirdi? “Cəhənnəm qazanları sənin üçün qaynayır” deyirdi.
Bəşər Əsəd “Heç kim bizim daxili işlərimizə qarışa bilməz”, – deyə barmaq silkələyəndə Ərdoğan nə deyirdi? “Həddini bil, məzlumun haqqı harda yeyilir yeyilsin, biz hesab soruşmağa mükəlləfik” deyirdi.
Bəşər Əsəd “Suriya üzərindən oynanan oyunları pozacağıq”, – deyə yeri-göyü inlədəndə Ərdoğan nə deyirdi? “Qəzzafiyə bax, ibrət al” deyirdi.
Bəs eyni Ərdoğan Türkiyəni sarsıdan rüşvət və korrupsiya qalmaqalının, 11 illik iqtidarının boğazacan çirkaba bulaşmasının gün işığına çıxmasının ardından günlərdir nə deyir?
“Baş verənlər yüksələn Türkiyənin önünü kəsmək üçün bir komplodur” deyir.
“Bu əməliyyatın arxasında güclü Türkiyə istəməyən xarici qüvvələr dayanır” deyir.
“Türkiyəni yenidən dizayn etmək istəyənlərə meydan verməyəcəyik” deyir.
Demək ki, nə imiş, dəyişən sadəcə, zaman və məkanmış.
Zalımların dili hər zaman və hər yerdə eyni imiş.
***
Haqverdiyevin hekayələrindən ibarət kitabı çapa hazırlayırdım.
Bu vəsilə ilə onu bir daha və daha diqqətlə oxumaq imkanım oldu. Heç bir şübhəm qalmadı ki, ən qatı qaranlıqda belə, bu cür aydın, işıqlı, bəşəri düşünən insanları olan bir ölkənin xilas olmamaq kimi lüksü yoxdur.
Xilas mütləq var, hər şeyə rəğmən var! Başqa cür mümkün deyil.
***
Bəylər Əyyubovun həbs edilən bacısıoğlu Osman Isayevin Bakı Apelyasiya Məhkəməsindəki çıxışından: “Elə bil ölkədə 37-ci ildir. Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya? Bir zənglə adamları məhv edirlər”.
Vallah-billah, kim nə deyir desin, biz hələ də hansı ölkədə yaşadığımızı aydın dərk etmirik, dəqiq bilmirik.
Bilsək, hamımızın ürəyi artıq çoxdan partlamışdı.
***
Bizə illər uzunu namusun ünvanını yanlış göstərdilər.
Namus fiziki məsələ deyil. Iki dodağın arasındadır namus:
“Danış, kim olduğunu deyim”.
***
Azərbaycanda Yeni ilin klişe sualları:
– Əfv olacaqmı?
– Yeni il qabağı qiymətlər niyə bahalaşıb?
– Kim Yeni ili harada qarşılayacaq?
– Yeni il günlərində hava necə olacaq?
– Yeni il süfrəsi neçəyə başa gəlir?
Və sair və ilaxır.
Amma heç kim soruşmur: Yeni il nə vaxt təkcə təqvimdə yox, həyatımızda da Yeni il olacaq?
Nə vaxtadək Yeni ili köhnə ümidlərlə, köhnə gözləntilərlə, köhnə arzularla qarşılayacağıq? Köhnə ümidlərin, köhnə gözləntilərin, köhnə arzuların üstündə il təhvil ola bilərmi, Yeni il qarşılanarmı? Qarşılansa belə, bunun sadəcə, bir təqvim hadisəsi olmaqdan qeyri anlamı qalarmı?