Iqtidarın yalan maşını dərhal hərəkətə keçdi, əlaltılar işə salındı, yaltaqlar ayağa qalxdı, təbliğat başladı. Sən demə, “prezident narahatdır və xəbərdən sarsılıb”. Nəticə də budur ki, Qarabağ döyüşçüsünün özünü yandırması prezidentin tərifi ilə davam edir. Məhz bu cür!
Bəs biz o prezidentdən necə soruşaq ki, vətəndaşa görə narahat olan prezidentin ölkəsində niyə insanlar özünü yandırmağa məcbur olur? Prezident narahat olsaydı, vətəndaşları bu cür ağır seçimlə üz-üzə qoyan durum Azərbaycanda yaranardımı? Insanları özünü yandırmağa məcbur edən ölkəni başına bürüyən haqsızlıq, korrupsiya və məmur özbaşınalığıdır. Bəs Ilham Əliyev indiyədək niyə narahat olmayıb bu durumu yaradan siyasətindən?!
Bu narahatlıq doğrudan da varsa, Xaçmazda intihar edən Təranə Həbibova niyə unuduldu? Təranə anasının qatillərinin azad gəzməsinə, cəzasız qalmasına etiraz edərək özünü binadan atmışdı. Həm də Ilham Əliyevin rayona səfəri zamanı bunu etmişdi. Ədaləti bərpa etmək üçün hər cür çabaları bir nəticə vermədikdən sonra.
Ədalət isə gəlmədi bu ölkəyə! Ədalət gəlsəydi, Zaur Həsənov da özünü yandırmazdı. Bu cür hadisələr bir deyil, iki deyil. Elə dünən axşam xəbər yayıldı ki, daha bir vətəndaş özünü yandırıb. Indi deyin görək, narahatlığın xeyir nədir? Niyə dəyişmir vəziyyəti o narahatlıq? Niyə yanğınlar, intiharlar davam edir?
Amma tək özünü yandıranları deyil, içindən yananları da hesaba alın!
Get, özünü yandır!
Dünən tanınmış iqtisadçı, mülkiyyət hüquqlarının fəal müdafiəçisi Zöhrab Ismayıl özünün “facebook” səhifəsində belə bir qeydlə çıxış edib: “Indi mənə Gəncə Şəhər Icra Hakimiyyətindən zəng ediblər. Icra başçısı Elmar Vəliyevlə birləşdiriblər. O da mənə deyir ki, ağlını başına yığ, sən kimsən ki, informasiya sorğusu göndərirsən”.
Buyurun, icra başçısının cavabı o deməkdir ki, vətəndaşlar getsin özünü yandırsın. Onları ağır seçimə məhz belə sürükləyirlər. Tutaq ki, mülkiyyəti əlindən alınmış, sökülmüş, uçurulmuş sakinlə bağlı məsələyə bunlar belə yanaşırlarsa, görün alov necə alışır. Hər yandan əli üzülən, hər qapıda “sən kimsən ki…” cavabı alan vətəndaş sonda neyləyir? Ya içindən yanır, ya özünü yandırır. Zaur Həsənovun problemi də elə mülkiyyət problemi idi.
Icra başçısı mətbuata çıxış imkanı daha yaxşı olan, məhkəməyə müraciət edən, hüquqlarını yaxşı bilən QHT rəhbərinə bu cür cavab verirsə, əzmi və mənəvi haqqı böyük olan Qarabağ döyüşçüsü Zaur Həsənov o cür tale ilə üzləşirsə, görün hələ başqalarının səsi necə qəddarlıqla boğulur!
Günahkarın günahkar axtarması
Ağır vəziyyətdə xəstəxanada canı ilə əlləşən Zaur Həsənova kompensasiya ödəniləcəkdisə, indiyədək niyə ödənilmirdi? Ilk gündən özünü ağa çıxaran Səttar Mehbalıyev bu suala ayrıca cavab verməlidir. Bir insanın həyatı ilə oynamağa və dövlət büdcəsinə ziyan vurmağa görə onun cəzası nə olacaq?! Adsız heykələ qarşı etik olmayan hərəkət adı ilə parlaq gənclərin həbsə atıldığı bu ölkədə onun kimi günahkarlar cəzasız qalır. Yalnız ona görə ki, hər seçkidə qondarma həmkarlar təşkilatının adından Ilham Əliyevə dəstək verir…
Amma bu adam ayıbına kor olub susmaq əvəzinə, tanınmış vəkil Aslan Ismayılova böhtan da atır, onu Zaur Həsənovu radikallaşdırmaqda ittiham edir. Səttar Mehbalıyevə görə, onun haqsızlıq etdiyi adamı müdafiə etmək həmin vətəndaşı radikallaşdırmaqdır. Deməli, onun haqsızlıq etmək haqqı da var, başqalarının isə heç bir haqqı yoxdur. Görün kimi polis üsulu ilə həmkarlar təşkilatına rəhbər təyin ediblər.
Şahvələd Çobanoğlu