Əliyev 2014-cü ili “minalayıb”

Arxada qoyduğumuz ildə baş verənlər növbəti il üçün sosial partlayış materiallarıdır

2013-cü il arxada qaldı. Amma bu, rəsmən belədir. Siyasi baxımdan isə biz önümüzdəki iki ili 2013-ün davamı kimi yaşayacağıq. Istər iqtisadi, istərsə də siyasi baxımdan hadisələrin inkişafını təhlil edərkən, əsas istinad nöqtəmiz kimi 2013-cü ilin çıxış edəcəyi artıq şübhə doğurmur. Ilham Əliyev və onun yarımsiyasi komandası bu il ərzində hakimiyyətin və siyasətin qürubuna doğru irəlilədilər.

Siyasiləşdirdilər

Əslində, bu, uzun zamandır yığılmış mənfi enerjinin ifadəsi idi. Bu enerjinin belə ifadə olunmasında hakimiyyətin rolu şübhəsiz ki, birmənalı idi. Uzun illərdir ki, hakimiyyət “siyasiləşmək” və “siyasiləşdirmək” məsələsini cinayətə bərabər addım kimi təqdim edir. Əslində isə ictimai həyata daxil olan hər şey siyasidir. Bu məsələdə iqtidar təbliğatının gücünü etiraf etməmək olmur. Hətta o həddə ki, özünü Qərb təhsilli adlandıran və siyasətin yenilənməsində mühüm rol oynayacaqları barədə iddia irəli sürən bir qrup  adam da bu təbliğatın təsirilə “siyasiləşdirmək” kompleksinin psixoloji trayektoriyasından çıxa bilmirdilər. Beləliklə, xalq heç bir hadisə ilə bağlı etirazı birbaşa hakimiyyətə ünvanlı edə bilmirdi. Üstəlik, bu etirazı siyasi partiyalar və ya siyasi bloklar edirdisə, deməli, vətəndaş cəmiyyəti avtomatik kənarda durmalıdır, yoxsa, onlar haqqında “siyasiləşdilər” ittihamı irəli sürülə bilərdi.

2013-cü ilin ilk mühüm hadisəsi isə o idi ki, bu cür qeyri-siyasilər tərəfindən təşkil edilmiş etiraz aksiyaları hakimiyyətin mərkəzini hədəfə aldı. Yəni, bir qrup vətəndaş cəmiyyəti üzvləri özlərində bu gücü tapdılar ki, baş verənlərin kökündəki siyasi mahiyyətə etiraz etsinlər.

Ordu morqa dönməsin!

Yanvar ayında əsgər ölümlərilə bağlı ilk aksiya keçirildi. Bu etirazların iki mühüm məqamı heç vaxt yaddan çıxmamalıdır. Birincisi, Azərbaycan cəmiyyətinin böyük bir oyanışı bu aksiyalar zamanı müşahidə olundu. Məlum oldu ki, Azərbaycanda böyük bir gənclik təbəqəsi prinsipial etirazlar üçün tam hazır imiş. Onlar meydanlarda Ilham Əliyevə “Ali baş komandan, cavab ver bizə!” deyə etiraz edirdilər. Belə fikirlər var idi ki, Ilham Əliyev bu etirazlara diqqətlə yanaşacaq. Amma gözlənilənlər olmadı.

Mühüm ikinci məqam isə onun öz dililə bəyanat verərək, əsgər ölümlərinə etiraz edənləri “anti-milli ünsür” adlandırması idi. Ilham Əliyev bu bəyanatı ilə açıq deyirdi ki, Azərbaycanda heç nəyə etiraz etmək olmaz. Onun bu bəyanatı cəmiyyətdə ciddi səs-küy yaratdı.

“Binə” Ticarət Mərkəzində güllə səsləri

Əsgər ölümlərindən dərhal sonra ölkədə ciddi narazılıq yaradan ikinci hadisə oldu. “Binə” Ticarət Mərkəzində  qanunsuz yerhaqqıların yığılmasından cana doymuş kiçik sahibkarlar mərkəzin rəhbərliyinə etiraz etdilər. Hakimiyyət bu etirazdan ciddi təşvişə düşdü və etirazçılara qarşı silah işlədildi. Ilham Əliyev etirazların mərkəzi hədəfinə çevrildi. Kəbirə Məmmədovaya etiraz edən insanlar polisin onlara zor işlətməsindən qəzəbləndilər. Qarşıdurmada atəş səsləri eşidildi. Heç bir qanuni əsası olmayan yağmalamaya etiraz edənlərə qarşı silah işlətməklə hakimiyyət xalqla dil tapmaq istəmədiyini bir daha ortaya qoydu.

İsmayıllı olayları

Mühüm məqamlardan biri də bu idi ki, hadisələr ölkə boyu genişlənməyə başlayırdı. Keçmiş nazirlərdən Füzuli Ələkbərovun qohumları Ismayıllı rayonunda yerli sakinlərlə təhqiramiz rəftar etdilər, bu da qəflətən xalq üsyanına çevrildi. Bunun nəticəsində Ələkbərovlardan icra başçısı olan qardaş öz vəzifəsini itirdi. Amma Ilham Əliyev bu dəfə də xalqla əvvəlki ritorikada danışdı. Təhqir və azğınlıq edən tərəf deyil, etiraz edən xalq nümayəndələri, hadisə yerinə baş çəkməyə gedən Tofiq Yaqublu ilə Ilqar Məmmədov həbs edildi.

Ilham Əliyevin bu davranışı həm də ona görə diqqəti cəlb edirdi ki, o, Ismayıllı hadisələrinə qonşu ölkədən gələn hərbi müdaxilə kimi reaksiya verirdi. Ölkə daxilində baş verən narazılıqda siyasi hakimiyyətin rolunu araşdırmaq əvəzinə, etiraz edən xalqı düşmən gözündə görür, buna uyğun davranış seçirdi.

Daha sonrakı bir aksiya isə 10 martda oldu və bu zaman da şüarlar “Əsgərimiz ölməsin, ordu morqa dönməsin!” idi.

Qısa sabitlik və seçkiyə doğru…

Aprel və may ayları bir qədər sakit keçməsinə baxmayaraq, siyasi masalar arxasında gərgin diskussiyalar vardı. Milli Şuranın yaranması və Ilham Əliyevin öz namizədliyini elan etmək üçün partiyasının qurultayını iki ay tələsdirməsi iyun ayının 7-nə təsadüf elədi. Bu olay həm də onu göstərdi ki, Azərbaycan hakimiyyəti siyasi mənada demək olar, heç bir ciddi nüfuza malik deyil. Cəmiyyət Milli Şuranın yaranmasına sürətlə müsbət reaksiya verdi və bütün ölkədə qısa zamanda bu qurum məşhurlaşdı. Ilham Əliyevin bütün təbliğat ruporları Milli Şuranı “Rusiyanın projesi” adlandırmağa başladılar. Bu məsələdə müxalif partiyalardan birilə adaş olan qəzet də ciddi rol oynadı. Bu əks-təbliğatın ciddi bir təbliğata çevrildiyini anlayanda isə hakimiyyət artıq siyasi reytinq baxımından Milli Şuradan xeyli geridə idi. Sarkazm o zaman baş verdi ki, Mübariz Qurbanlı deməyə məcbur oldu: “Milli Şuranın Rusiya ilə əlaqəsi yoxdur”.

Bu məsələdə həssaslıq yaradan iki mühüm məqam var idi. Birincisi, insanlar düşündülər ki, artıq Kreml Əliyevi dəstəkləmir və ona qarşı etiraz əzmi artdı. Ikincisi, Milli Şurada əsas siyasi qüvvələrin milli platformada olması belə fikir yaradırdı ki, Rusiya əslində, Milli Şuranı dəstəkləmir, Ilham Əliyevlə davam etməyin mümkünsüzlüyünü anlayıb yeni qüvvələrlə əməkdaşlığa can atır. Putinin Bakıya məşhur səfərindən sonra Rüstəm Ibrahimbəyova Kreml tərəfindən yaradılan hüquqi maneə əslində, Milli Şuraya rusmeylli deyənləri bir daha ifşa etdi. Amma Milli Şuranın seçkidə iştirak formasında xeyli fikir ayrılıqları yaratdı. Bu barədə bir neçə dəfə fikir bölüşdüyümüzə görə detallara varmırıq, lakin bir məqama vurğu vurmadan keçmək düz olmaz. Milli Şuranın 19 avqustda keçirilən qapalı sessiyası bir daha sübut etdi ki, bu qrup partiyalarüstü bir qurumdur, artıq hansısa siyasi qrup öz maraqlarını qabardaraq Milli Şuraya istiqamət verə bilməz. Milli Şura növbəti uğurlu qərarı verməklə özü böhrandan çıxdı və hakimiyyət üçün yeni  çətin vəziyyət yaratdı.

Məğlub güldü, qalib kədərli…

Ilham Əliyev seçkini saxtalaşdırdı. Amma buna sevinə bilmədi. Seçkidən qabaq onun adamları debatlarda xalq parodiyası üçün geniş materiallar yaratdılar. Hətta bu elə həddə çatdı ki, hamı Ilham Əliyev üçün “görəsən niyə görükmür?” sualı verməyə başladı. Cəmil Həsənli cəsarət, eyni zamanda, siyasi intellektuallıqla onu darmadağın elədi. Ilham Əliyevin göndərdiyi adamlara fikir vermədən onun özünü tənqid elədi və debata çağırdı. Seçkiyə gələnlərin böyük əksəriyyətinin səsini Milli Şuranın namizədinin aldığı heç kimdə şübhə yaratmadı. Yüzlərlə video-sübut saxtakarlığı ortaya qoydu və aydın şəkildə bütün dünya da gördü ki, Cəmil Həsənli bu prosesin qalibidir.

Seçki günü özünü qalib elan etmiş Ilham Əliyevin guya, bayram mitinqinə toplaşanların sayı 150-ni güclə keçsə də, Cəmil Həsənlinin seçkidən sonrakı etiraz mitinqinə iyirmi minə yaxın seçicinin qatıldığı açıq-aydın hamı tərəfindən etiraf olundu. Ilham Əliyev və komandası çox kədərli görünürdülər. Dünyanın aparcı ölkələrinin başçıları ona seçildiyinə görə yox, prezident vəzifəsinin icrasına başladığına görə təbrik yazır, Avropa Birliyilə yaxınlaşmağa çağırırdılar.

Anar Məmmədli, yoxsa ATƏT?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi Ilham Əliyevin bu seçki prosesinə ilk rəsmi reaksiyası idi. Onun qaçaraq keçirdiyi andiçmə mərasimi barədə dünyanın bir çox ölkələrinin media orqanlarında satirik yazılar yazıb, televiziyada verilişlər hazırladılar. Amma Anar Məmmədlinin həbsi məlum elədi ki, Ilham Əliyevin başı indi açılıb. Bu isə ona baha başa gəldi. Ilham Əliyev bu həbsdən sonra dünyanın bir çox aparıcı dövlətlərinin media və siyasi quruluşlarının hədəfinə çevrildi. Beynəlxalq hüquq-müdafiə təşkilatları Anar Məmmədlini “vicdan məhbusu” elan etdilər.

Kartof əti tutacaq

Belə bir xalq lətifəsi yarandı ki, qiymət elə qalxır, kartof əti yaxalamaq ərəfəsindədir. Tarif Şurasının verdiyi qərarla yanacağın qiyməti qalxdı və bu, həyatın müxtəlif sferalarında özünü aydın göstərdi. Ilham Əliyev bir çıxışla guya, yaranmış vəziyyətə aydınlıq gətirmək istədi, amma məlum oldu ki, əlahəzrət əslində, növbəti bahalaşmanın anonsunu verir. Növbəti ilə bahalaşma ilə yanaşı, iki milyard manata yaxın büdcə kəsiri ilə gedirik. Bu da həkimin, müəllimin həyatında yeni bir problemlər dalğası yaradacaq.

Yanmasan, yaşaya bilməzsən…

Ilin son günlərinə yaxın Qarabağ qazisi Zaur Həsənov mülkünün əlindən alınmasına etiraz edərək, özünü yandırdı. Bu olay cəmiyyətdə müzakirələrə, narahatlıqlara səbəb oldu və göründü ki, Ilham Əliyev bu müzakirələrdən narahatlıq yaşadı.

Başqa bir Qarabağ qazisi Asif Yusifli Zaur Həsənovun hüquqlarına dair tələblərlə aksiya təyin etdi və mitinqə bir gün qalmış tələblər yerinə yetirildi. Bu olay isə sübut elədi ki, Ilham Əliyev nəhayət, ölkənin barıt çəlləyinə çevrildiyini qiymətləndirməyə başlayıb.

2014 necə gəlir?

Bizim üçün hələ ki, 2014-cü ildən gözlədiyimiz olaylar bunlardır: 2013-ün əvvəlində baş vermiş Ismayıllı olaylarına görə həbs edilənlərin məhkəmələrinin nəticələri; yenə 2013-də şərlənərək həbs edilən NIDA-çı gənclərin məhkəmələrinin nəticələri; 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərilə bağlı ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun hazırladığı yekun hesabata dünyanın rəyi; qiymət artımının yeni dalğasına xalqın rekasiyası…

Yəni, açıq demək lazımdır ki, 2013-cü il təqvimdə bitsə də, siyasi mənada, hələ də bitməyib. Biz 2014-cü ildə bu proseslərin yekununu müsbət sonluqlarla vura bilərik. Əgər bunun üçün lazımi çalışqanlığı və iradəni ortaya qoysaq…

Sadaladıqlarımızdan da göründü ki, Ilham Əliyev öz gələcəyini minalayıb və addımlarından birinin uğursuz nəticələnəcəyi artıq qaçılmazdır.

P.S. Yeni ildə hər kəsi təbrik edir, uğurlar və təkrarsız xoşbəxtliklər diləyirəm!