Elxan Şahinoğlu: «Baş nazir iki yoldan birini seçmək məcburiyyətində qalacaq»
«Ya postu partiyasından kiməsə verməli, ya da parlament seçkisinə getməlidir»
Türkiyədə həyata keçirilən antikorrupsiya əməliyyatı dünyanın gündəmini zəbt edib. Nazir övladlarının, tanınmış iş adamlarının, bankirlərin də daxil olduğu korrupsiya şəbəkəsinin ortaya çıxmasının arxasında müxtəlif qüvvələrin dayandığı deyilir. Baş verənləri bəziləri Ərdoğanla Fətullah Gülən savaşının nəticəsi kimi, digərləri isə xarici qüvvələrin tələsi kimi dəyərləndirir. Ancaq istənilən halda bu olaylar AKP hökumətinə sarsıdıcı zərbə vurdu. Bir-birinin ardınca nazirlər və millət vəkilləri partiyadan istefa verdi.
Bəzi ekspertlər bu hadisələrin Ərdoğan hökumətini bitirə biləcəyini də istisna etmir. Çünki Ərdoğanın istefasını təkcə müxalifət deyil, eyni zamanda AKP-dən istefa verən nazir və deputatlar da tələb edir. Məsələn, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayrakdar istefa verərkən Rəcəb Tayyib Ərdoğanı da eyni addımı atmağa çağırıb.
Hər bir halda AKP iqtidarında parçalanma müşahidə olunur və bu hətta baş nazirin öz postu ilə vidalaşmasına gətirib çıxara bilər.
Əgər hadisələr Ərdoğanı istefası ilə nəticələnsə, AKP hökuməti hansı addımlar atacaq və hökumətə kim başçılıq edə bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, əgər istintaq böyüsə və rüşvətə bulaşanların sayı artsa, AKP-nin də problemləri artacaq. Bu halda Ərdoğan iki seçim qarşısında qalacaq. Baş nazir partiyasını xilas etmək üçün istefa verib yerini AKP-dən kiməsə təhvil verə bilər. Çünki bu məsələlərdə artıq onun öz oğlunun da adı hallanır. Yaxud da yeni parlament seçkiləri təyin edilə bilər. Ərdoğanın bu seçimlərdən hansına üstünlük verəcəyini indidən demək çətindir. Amma artıq Ərdoğanın getdikcə böyük itkilərlə üzləşdiyi faktdır. Partiyanın reytinqi aşağı düşür. Bu, ölkə iqtisadiyyatına da mənfi təsir etməyə başlayıb: “Düzdür, Ərdoğan düşünür ki, bəlkə Gəzi olaylarında olduğu kimi bir az vaxt getdikcə konfliktlər səngiyər, unudular. Martda keçiriləcək bələdiyyə seçkilərində yenidən uğur qazana bilər. Amma daxildə və xaricdə Ərdoğandan olan yorğunluq artıq özünü büruzə verir. Ərdoğan bu amillə hesablaşmaq məcburiyyətindədir. Ona görə də bələdiyyə seçkilərində nələrin baş verəcəyini hələ bilmək olmaz”.
Ekspertin sözlərinə görə, AKP bələdiyyə seçkilərindən qalib çıxa bilər. Eyni zamanda səs itkilərinə yol verə bilər. Bu da Ərdoğanı parlament və prezident seçkiləri qarşısında çətin seçim qarşısında qoya bilər: “Hələ ki, Ərdoğan dirənib. Heç bir seçimə üstünlük vermir. Sanki özü tərəfdarlarını uğura aparacağını düşünür. Amma xarici qüvvələr, beyin mərkəzləri ona qarşı birləşib, daxildəki müxalifət fəallaşıb, Fətulla Gülən camaatı ona qarşı müxalif olub. Bütün bu qüvvələr Ərdoğanı zəiflətməklə məşğuldur. Üstəlik, partiyanın özündə də parçalanmalar baş verir. Tanınmış fiqurlar partiyadan ayrılırlar. Son bir ayı götürsək 5-6 deputat AKP-dən istefa verib. Istefa verən nazirlər də Ərdoğandan narazıdır. Təsadüfi deyil ki, Ərdoğanın 40 illik partiya yoldaşı istefa verəndə baş naziri də eyni addım atmağa çağırdı. Bütün bu amillər Ərdoğanı təqib etməkdə davam edir. Indi bu qərarı verməsə də, seçim etməsə də, yaxın müddətdə hadisələr bu istiqamətdə inkişaf edərsə, iki yoldan birini seçmək məcburiyyətində qalacaq”.
Fizzə


