Özünü yandıran Qarabağ qazisi ilə bağlı dünən yaşananlar ən azı, intihar cəhdinin özü qədər ürəkağrıdıcı idi.
Ilk baxışda hər şey çox humanistcəsinə görünür:
Hər uşağına ayda 300 manat müavinət.
Sökülən obyektinə görə 100 min manat kompensasiya.
Axı bütün bunları zamanında etmək olmazdımı? Gərək o vətəndaş çığnanan haqlarını geri qaytarmaq üçün özünə odmu vuraydı?
Yaxşı, indi xalqa nə təklif olunur? Təklif olunur ki, hüququnuzun bərpası, rifahınızın təmin edilməsi üçün gedin özünüzü yandırın?
Zaur Həsənov Azərbaycanda ədalətsizliklə üzləşənlərin nə birincisi, nə sonuncusudur. Yaxşı, bəs onların aqibəti necə olacaq? Onlara kim necə gün ağlayacaq?
Hər belə situasiyada ictimai qəzəbi yatırmaq adına çıxıb “humanizm” nümayiş etdirməyə məcbur deyilsiniz. Ölkəni ədalətlə idarə edin, yetər.
“Məmə” sözünə görə bir hekayə kitabını yasaqlamaq asandır.
Əsas məsələ ölkəni “ağlamayana məmə yoxdur” təfəkkürü ilə idarə etməməkdir.
Hər kəsin sizin əlinizə baxmadan…
Mərhəmətinizə sığınmadan…
Səxavətinizdən mədət ummadan, öz biliyi, öz bacarığı, öz ləyaqəti ilə yaşaya, yüksələ bildiyi bir ölkə qurmaqdır.
Baxmayaraq ki, buna dair artıq ən son ümidlərimizi belə çoxdan dəfn etmişik.
Mövlud Çavuşoğlu hadisəsi
Türkiyənin baş naziri Tayyib Ərdoğan adı rüşvət və korrupsiyaya bulaşan nazirlərindən birini işdən azad edib, yerinə də bizdə “məmə” deyəndən “pəpə” yeyənədək hamının yaxşı tanıdığı Mövlud Çavuşoğlunu təyin edib.
Necə deyərlər, “üzrü qəbahətindən betər”.
Çavuşoğlu Əliyev rejiminin “kürü diplomatiyası”nın ən stajlı personalarından, ən aparıcı simalarından biridir.
Hər halda, yaptokratiyanı Avropada uğurla təmsil etdiyinə görə ona konfet kağızı vermirdilər.
Odur ki, AKP hökumətinə qarşı rüşvət və korrupsiya ittihamının doğruluğunu heç bir videogörüntü…
Heç bir səs yazısı…
Heç bir digər dəlil-sübut bu qədər qəti şəkildə isbata yetirə bilməzdi ki, bunu Ərdoğan bir təyinatla isbata yetirdi.
Rövşən Ağayevlə ortaq olduğum nöqtə
Dəyərli iqtisadçı dostumuz Rövşən Ağayev keçənlərdə “facebook” sosial şəbəkəsində maraqlı bir mülahizəsini yazmışdı.
Bu məsələdə üç aşağı, beş yuxarı eyni düşüncəni zaman-zaman mən də yazılarımda dilə gətirmişəm.
Indi eyni fikri bölüşən digər dostların da olduğunu görəndə etinasız qala bilmədim. Rövşən bəyin mülahizəsini kiçik bir ixtisarla oxucularla paylaşmaq zərurəti hiss etdim.
Rövşən bəy yazır: “1992-ci ilədək – testin tətbiqinədək Azərbaycanda ali məktəblərə qəbul olan hər 100 uşaqdan azı 85-90-ı rüşvət müqabilində buna nail olurdu. Xalq Cəbhəsi hakimiyyətə gələndən cəmi 3-4 ay ərzində test sistemini tətbiq elədi, istisnasız olaraq bütün gənclərimiz rüşvətsiz ali məktəbə qəbul oldu. 1 il öncə bir övladı üçün rüşvət verən ata cəmi 1 il sonra artıq ikinci uşağı üçün buna ehtiyac görmədi. Bəs 1 ildə nə dəyişdi ki, insanlarımız rüşvət verməkdən və almaqdan imtina elədi? Belə qısa müddətdə ”şüur inqilabı”mı oldu? Əsla. Idarəetmə mexanizmləri dəyişdi və həmin mexanizmlər də davranışları dəyişdi. Deməli, düstur sadədi: şüur dəyişmək üçün davranış dəyişməlidi, davranış dəyişmək üçün cəmiyyətdə “oyun qaydaları”nı diqtə edən idarəetmə mexanizmləri dəyişməlidi. Amma müstəqillikdən sonra indiki hakimiyyət kimi bir hakimiyyət olsa idi, deyəcəkdi ki, bəs sosializmdən yenicə ayrılmışıq, xalqımız hələ testə hazır deyil. Bir də 21 il sonra ayılıb görəcəkdik ki, 2013-cü ildə də ali məktəblərə qəbulda hər 100 uşaqdan artıq 98-i rüşvətlə qəbul olur. Kimlərsə də çıxıb deyəcəkdi ki, günah xalqdadır, rüşvəti özü verir”.
Inandığım başqa bir həqiqət də var: bütün toplumlarda, hətta inkişaf etmiş ölkələrdə cəmiyyətin ən yaxşı halda, 30-40 faizi yüksək ictimai şüura, ictimai təəssübkeşliyə və fəallığa malik olur. Yerdə qalan insanları isə onlar arxalarınca aparır. Əminəm ki, buna yaxın bir nisbət bizdə də mövcuddur. Millətimizə və cəmiyyətimizə qarşı bədgüman və insafsız deyiləm…