Üsyançılar Qəzzafinin «ürəyini» hədəf aldı

Obama diktatorun gücünün tükəndiyini söylədi

Liviyada Qəzzafi rejiminin sonu yaxınlaşır. Müxalifət qüvvələri Qəzzafinin ata yurdu Sirti ələ keçirdikdən sonra diktatorun son qalası hesab olunan paytaxt Tripoliyə hücuma hazırlaşır. Diktatorun əmrindəki silahlılar üsyançıları Sirt şəhərindən çıxarmağa cəhd göstəriblər. Şəhərdən 150 km. aralıda yerləşən Navfaliya şəhərindəki üsyançıları geri çəkilməyə məcbur etmək istəyən hökumət qüvvələri bu məqsədlə raket və tanklardan istifadə edib.
Qəzzafiyə bağlı silahlılar Sirt şəhərindən 30 kilometr aralıda müdafiə xətti qurublar. Müxalifət isə elan edib ki, Sirtdən sonra hədəfləri paytaxt Tripolidir. Müxalifət təmsilçiləri beynəlxalq koalisiyanın Qəzzafi rejiminə qarşı hava zərbələrinin davamlı olmasına ehtiyac yarandığını söyləyib.
ABŞ prezidenti Barak Obama xalqa müraciətində beynəlxalq qüvvələrin yardımı sayəsində Liviya rəhbəri Müəmmər Qəzzafinin zəiflədiyini və əvvəlki gücünü itirdiyini söyləyib. Ağ ev rəhbəri bildirib ki, polkovnik Qəzzafi üsyançılara qarşı əməliyyatları dayandırmaq məcburiyyətindədir. Obamanın sözlərinə görə, ABŞ müttəfiqləri ilə birlikdə 40 illik hakimiyyətindən istefa verməsi üçün Qazzafiyə təzyiq göstərəcək.
ABŞ dövlət katibi Hillari Klinton da bəyan edib ki, Qəzzafi BMT qətnaməsinin bütün şərtlərinə cavab verməyincə, koalisiyanın hərbi əməliyyatları davam edəcək. Klinton Londonda keçirilən Liviya konfransında ABŞ-ın mövqeyini bir daha səsləndirib. Onun sözlərinə görə, Müəmmər Qəzzafi hakimiyyətdən qeyd-şərtsiz getməlidir.

Qəzzafidən Qərb liderlərinə məktub

Bu arada Liviya diktatoru Müəmmər Qəzzafi dünən Ingiltərənin paytaxtı Londonda keçirilən konfrans öncəsi Qərb və Ərəb dövlətlərinin liderlərinə məktub göndərib. Diktator məktubunda Liviyaya yönəlik “barbarcasına” hücumun dayandırılmasını istəyib və beynəlxalq birliyi Liviyada soyqırım törətməkdə ittiham edib. O, məktubunda Afrika Birliyi Təşkilatının istənilən qərarını qəbul edəcəyini də vurğulayıb.
Qeyd edək ki, ötən həftə Afrika Birliyindən bir heyət Tripoliyə gələrək, böhranın həlli üçün yol xəritəsi müəyyənləşdirdiyini açıqlayıb, bu müddətdə hava əməliyyatlarının dayandırılmasını istəyib.

İnformasiya şöbəsi