Vəfa Quluzadə: «Dağıstan prezidentinin məhz Putinin tapşırığı ilə Bakıya gəldiyi şübhəsizdir»
Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanda səfərdədir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Trend-ə açıqlamasında Ramazan Abdulatipovun səfəri çərçivəsində Azərbaycan-Dağıstan münasibətlərinin inkişaf perspektivləri müzakirə ediləcəyini deyib. Eyni zamanda Dağıstan prezidentinin Bakıda bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
Ramazan Abdulatipovun “Milyarderlər Ittifaqı”nın üzvü olması onun Bakı səfərinə diqqəti bir qədər də artırır. Çünki bu qurum yaranan gündən Azərbaycan hakimiyyətində narahatçılıq yaratmağa başladı. Bu mənada Dağıstan prezidenti rəsmi Bakı üçün arzuolunmaz şəxs hesab oluna bilər. Digər tərəfdən hazırda Rusiya ilə Azərbaycan arasında müəyyən problemlər yaşanır. Azərbaycanı Gömrük Ittifaqına üzv etmək istəyən Rusiyanın miqrantlara münasibəti də sərtləşib. Belə olan halda Putinin yaxın adamı kimi tanınan Abdulatipovun Bakıya müəyyən mesajlarla gəldiyini də ehtimal etmək çətin deyil.
Ramazan Abdulatipovun müstəqil dövlətin rəhbəri olmadığını deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə, o Rusiya rəhbərliyinin tapşırığı olmadan Azərbaycana səfər edə bilməz. Bu mənada Dağıstan prezidentinin məhz Putinin tapşırığı ilə Bakıya gəldiyi şübhəsizdir.
Ekspert Rusiyanın Azərbaycanda olan maraqlarının göz qabağında olduğunu deyir. Çünki Azərbaycan keçmiş sovet ərazisindən ən əhəmiyyətli dövlətlərdən biridir: “Rusiya Gömrük Ittifaqını yaratmaq üçün böyük səylər göstərir. Azərbaycanın Gömrük ittifaqına daxil olması Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Ancaq Gömrük Ittifaqı rusiyaya heç bir xeyir verməyəcək. Əksinə, Rusiyanı zəiflədəcək. Ruslar deyir ki, Ukrayna Avropa Birliyinə getsə, sovet vaxtlarından qalan sənayesi çökəcək. Ancaq Ukraynanın Avropa Birliyinə getməsi daha sərfəlidir. Qoy bir az əziyyət çəksinlər, köhnə sənayeləri dağılsın, yeni Avropa tipli sənaye yaratsınlar. Amma Rusiya buna mane olur, özünə də ziyan verir, Ukraynaya da. Azərbaycan da müstəqil dövlətdir, Rusiyadan heç bir asılılığı yoxdur. Rusiyasız da gözəl dolana bilir”.
Ekspertin fikrincə, Abdulatipovun səfərinin məqsədi Azərbaycan hakimiyyətini Gömrük Ittifaqına qoşulmağa razı salmaq məqsədi daşıyır: “Abdulatipov bir şərqli, qafqazlı kimi gəlib Azərbaycan rəhbərliyini dilə tutmaq istəyəcək ki, Gömrük Ittifaqına qoşulmasınız, fəsadlarınız nə ola bilər”.
Fizzə