abd-kongres

Amerika bizdən nə istəyir?

«Xalqın bir hissəsini həmişə, bütün xalqı müəyyən müddətə aldatmaq olar, lakin bütün xalqı həmişə aldatmaq mümkün deyil»

(Avraam Linkoln, ABŞ-ın 16-cı prezidenti)

Bir anlığa təsəvvür edək ki, torpaqlarımız düşmən tapdağından azad edilib və biz iqtisadi, demokratik tələblərlə mitinq keçirmək istəyirik. Adamın tükləri biz-biz durur… Yəqin dünya Qəzzafinin atasına rəhmət oxuyardı. Yəqin ki, bu olmayacaq, ən azı 18 ildir “lazım gələrsə” adında ən böyük müdafiə və hücum silahımız təkmilləşməyib. Son günlər isə yeni hədəf seçilib – Amerika Birləşmiş Ştatları… Sanki bütün bəlalarımızın səbəbi onlardı və torpaqlarımızı da onlar işğal edib verib ermənilərə…
Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalını xatırlayaq. ABŞ ordusu bu əməliyyatlarda iştirak etməyib və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir… Təəssüf ki, digər superdövlət Rusiya barəsində bu sözləri demək olmur. Bütün dünyaya gün kimi aydındır ki, torpaqlarımız məhz rus ordusunun iştirakı ilə işğal edilib. Rusiya tərəfi bunu gizlətmir. Belə olan tədqirdə iqtidar Amerikadan nə istəyir? Söhbət Qarabağın işğalı ilə bağlıdırsa, öncə Rusiya sorğu-suala tutulmalıdır.
Qəribə bir mənzərə yaranıb televiziya ekranlarında, hər fürsətdə Amerika tənqid atəşinə tutulur, sanki bu ölkə Qarabağın müstəqilliyini tanıyıb və qoşunlarını orada yerləşdirib. Üstəlik, son günlər BMT də “arzuolunmazlar” siyahısına əlavə edilib. O təşkilat ki, 1993-cü ildə erməni quldurlarının işğal etdikləri əraziləri qeyd-şərtsiz   boşaltmaları haqda 7 ay ərzində 4 qətnamə qəbul etdi. Bunlar çox mühüm qərarlar idi və ilk növbədə Ermənistan və Rusiyanı durdurdu. Bəs onda iqtidarı təlaşlandıran nədir? Liviya əhalisini bir sərsəmin əlindən qurtarmaq cəhdi niyə Azərbaycan hakimiyyətini bu qədər qəzəbləndirib? Hətta Rusiya da Qəzzafiyə “xalqı qırma, get” deyir. O ki qaldı qətnamənin sürətlə icrasına, bu, təbiidir, hər keçən gün minlərlə liviyalı qanına qəltan olurdu. Qarabağda isə söz Azərbaycana verilib. Gürcüstanda da analoji vəziyyətdir. Amerikanın 16-cı prezidenti A.Linkolnun təbirincə desək, “biz bir xalqın bir şeyi bacara biləcəyinə əmin olduqda, bunu onların əvəzinə etmirik”. Bunu QARABAĞLA bağlı Amerikanın mövqeyi kimi qəbul etmək olar. Yəni loru dildə desək, siz ölkəni çapın, talayın, biz də gəlib torpaqlarınızı işğaldan azad edək və bundan sonra daha sürətlə yağmalayın… Aydındır ki, bu olmayacaq. AntiAmerika təbliğatının səbəbi isə, iqtidarın hədəf yayındırmasına baxmayaraq tamamilə başqadır.
Hazırda dünya yeni inkişaf mərhələsinə qədəm qoyub. Xalqlar diktaturaya “yox” deyirlər. Tunislə başlayan demokratikləşmə bütün dünyanı bürüyüb. Xalqlar növbə ilə despotları devirir və öz hakimiyyətlərini bərpa edirlər. Indi də nəzərlər Azərbaycana dikilib. Xalq zahirən sakit görünür, amma əvvəlki kimi müti deyil. Ən başlıcası isə daha qorxmur. Diktatura ilə barışmır. Iqtidarı isə ən çox narahat edən məhz bu amildir. Hətta “örnək” Rusiya da dəyişikliyə start verib. Belə olan təqdirdə, tam əminliklə demək olar ki, iqtidar bütün mütərəqqi bəşəriyyətə meydan oxuyur. Artıq devrilən diktatorlar üçün “bir ay uzağı görə bilməyənlər” deyirlər. Çox qəribədir ki, oxşar talelər paylaşan despotların biri də nəticə çıxarmır. Devrilən an danışıqlara hazır olduqlarını bəyan edirlər. Bu gün bütün telekanallarda ABŞ, BMT və müxalifət topa tutulur, antikorrupsiya imitasiyası aparılır. Halbuki, siyasi məhbuslar azad olunmalı, hökumət istefaya göndərilməli və yeni parlament seçkilərinin vaxtı təyin edilməlidir. Müxalifətlə danışıqlar isə bir an öncə başlanmalıdır. Artıq anlamaq lazımdır ki, QƏZZAFI möcüzəsi baş verməyəcək. Bəşər Əsəd də gedəcək. Hətta Rusiyanın baş naziri Putin də. Bu, dəqiqdir. Özünüzü aldatmayın…

Xaqani Əliyev