1. “Həmkarlar” kimin həmkarıdır?
Əvvəlcə gəlin aydınlaşdıraq: Səttar Mehbalıyevin rəhbəri olduğu o qurum, doğrudan da həmkarlar konfederasiyasıdırmı?
Həmkarlar təşkilatı yaranış fəlsəfəsinə görə, işəgötürəndən deyil, işçidən yanadır.
Əzəndən deyil, əziləndən yanadır.
Haqsızlıqdan deyil, ədalətdən yanadır.
Indi bunların hansı birini Mehbalıyevin konfederasiyasında birləşən həmkarlar təşkilatlarına aid edə bilərsiniz? O həmkarlar təşkilatları arasında bircə dənə də olsa, belə cəsur ürəklisi varmı? Onların hansı şərtlər altında və necə yaradıldığını hər kəs bilir.
Azərbaycanda həmkarlar təşkilatları əldəqayırma, oyuncaq qurumlardır. Bu təşkilatların vəzifəsi məmurların istirahət mərkəzlərinə “putyovka” paylamaqdan bir addım da irəli getmir.
Hə, bir də işçilər üzərində hakimiyyətin qırmancı rolunu oynayırlar. Müxalif düşünənləri, səsi az-çox yüksək çıxanları “islah” etməklə, onlara son ucu YAP-ın özək təşkilatına gedib çıxan yolu göstərməklə, bir sözlə, həmkarlar təşkilatlarının məşğul olmamalı olduğu hər işlə məşğul olurlar.
Mehbalıyevin sədri olduğu konfederasiyanın bu gün YAP-ın prezidentliyə namizədini, hətta YAP-ın özündən də qabağa düşüb elan etməsindən başqa nəyə yaradığını bilən varmı aranızda? Əminəm ki, yoxdur. Ola da bilməz.
Azərbaycanda həmkarlar təşkilatları “ölü” doğulur. Sözün həqiqi mənasında güclü, azad həmkarlar təşkilatlarının yaranmasına ona görə imkan verilmir ki, hakim rejim üçün əlavə baş ağrısı yaranmasın. Onsuz da mağarada qurd az deyil, birini də gəmi ilə gətirməyə nə ehtiyac var?
2. Gecikmə
Indi gələk Zaur Həsənov adlı Qarabağ qazisinin Mehbalıyevin özbaşınalıqlarına etiraz olaraq özünü onun konfederasiyası önündə yandırmasına.
Hamı dəhşətə gəldiyini deyir, yazır.
Utancverici yanaşmadır. Sizin ölkənin haralara gətirilib çıxarıldığını görməyiniz üçün illah ki, kimsə gözünüz önündə üstünə benzin töküb özünə odmu vurmalı idi?
Sizi dəhşətə gətirmək üçün tragik tamaşamı lazım idi?
Bəs o “dəhşət” bugünədək hara qeyb olmuşdu içinizdən, hansı cəhənnəmdə azıb qalmışdı?
Axı o Qarabağ qazisinin özünü yandırması nəticədir. Bəs bu acı, ürpədici nəticəyə gətirib çıxaran səbəblər durna qatarı kimi bir-birinin ardına düzüləndə niyə tükünüz tərpənməməmişdi, qılınız qıpırdamamışdı?
Bəyəm hüququ yox edən…
Ədaləti yaralayan…
Yalanı həyat normasına çevirən bir idarəetmə anlayışının bu ölkəni hansı ağrılarla, faciələrlə, fəlakətlərlə baş-başa qoyacağını görmək üçün Nostradamus olmaqmı lazım idi? Vanqa nənə olmaqmı lazım idi?
Dediyim odur ki, dəhşətə gəlməyə gecikmisiniz. Çox gecikmisiniz.
Qanunun aliliyi…
Milli iradənin üstünlüyü əldən gedəndə dəhşətə gəlmək lazım idi.
Artıq gecdir. Çox gecdir.
3. Tamaşa effekti
Bir il öncə, 1 mart günü kredit bataqlığında boğulan 63 yaşlı qadın Bakıda, bir bank önündə özünü yandırmışdı.
Bu o vaxt idi ki, oğlu orduda öldürülən atanın məmur laqeydliyinə üsyan edərək Milli Məclis önündə özünə od vurmasının üstündən heç iki ay keçməmişdi.
Bu ilin fevralında Xaçmazda oğlunun həbsinə etiraz edən Nazilə Qubadova özünü yandırmışdı.
Yenə bu ilin iyulunda Şamil Məmmədov adlı Xırdalan sakini yoxsulluq üzündən şəhər qəbiristanlığında özünü yandırmışdı.
Üç ay əvvəl həyatından bezmiş 28 yaşlı gənc qadın Biləcəri qəsəbəsindəki kirayə evdə özünü yandırmışdı.
Cəmi bir ay bundan əvvəl isə borc içində üzən Şəki sakini özünü yandırmışdı.
Amma heç birindən dəhşətə gəlməmişdiniz. Hər birinin arxasında bir insan ağrısı, bir ailə faciəsi, bir toplum fəlakəti dayanan xəbərlərin üstündən sakitcə, heç nə olmamış kimi keçib getmişdiniz.
Və əminəm ki, indi Qarabağ qazisi özünü yandırarkən videokadrlara düşməsə, yenə də səssiz, təpkisiz qalacaqdınız. Nə tükünüz tərpənəcək, nə qılınız qımıldayacaqdı.
Odur ki, indi mənə sizin bu “dəhşətə gəlməkləriniz” çox qeyri-səmimi, ötəri görünür.
Düzünü deyin, o Qarabağ qazisinin özünü yandırdığını göstərən videokadrlar olmasa, indi elliklə nəyi müzakirə edirdiniz: “Qurdlar Vadisi”nin son seriyasında nə olub-bitdiyini, yoxsa yeni bölümündə nə olub-bitəcəyini?!