Məni nə yandırır?

Üzləşdiyi ədalətsizlikdən ürəyi alovlanıb yanmasa, kimsə özünü yandırmaz. Azərbaycanda da vətəndaşın haqsızlığa etiraz olaraq özünü yandırması ilk belə hadisə deyil. Gədəbəy sakini özü ilə bərabər ailəsini də yandırmışdı, uşaqları ilə birlikdə. Tək bizim ölkəyə də xarakterik deyil bunlar. Haqsızlığın ərşə qalxdığı bütün məmləkətlərin oxşar halıdır. Insanı yandıran halı. Ərəb inqilabları da Tunisdə vətəndaşın özünü yandırması ilə başlamışdı.

Azərbaycan illərdir yanır, nəinki indisi, gələcəyi yanır onun. Odur ki, kimsə özünü yandırır, kimsə özünə qəsdin başqa üsulunu seçir və səssizcə odsuz-alovsuz yanır. Kimsə ağlayıb-sızlayıb yanır, kiminsə ürəyi parçalanır və xəbər tutmuruq ki, onu da içindəki alov yandırıb məhv etdi.

Ədalətsizlik belədir – kibritsiz, benzinsiz yandırır adamı…

Şəxsən məni yandıran bir başqa səbəb var. Özləri ədalətsizlik görən insanların ədaləti deməməsi. Dilə gətirməməsi. Bilirsiniz nə qədər belə adam var. Nə qədər insan haqsızlığın birbaşa və ağır acılarını çəkib. Amma susurlar. Bəsit görünə bilər bu baxış, amma çox acıdır bunu hiss etmək.

Haqsızlar birləşib od vurur sizlərə. Bunu anladıq. Kimlərsə arından keçib onlara qoşulur, kimlərsə artıq məzlumdan zalımın alətinə çevrilib, kimlərsə aşınıb və dəyişib artıq, ondan nə desən gözləmək olar, bəs haqsızlığın acısını çəkib, gerçəyi anlayıb susanları necə anlayasan? Mən o fikri demək istəmirəm ki, sənin susqunluğun yandırdı o Qarabağ döyüşçüsünü? O döyüşçünü Ilham Əliyev və onu müdafiə edənlər yandırdı. Şübhəsizdir. Bəlli qədər bizim susqunluğun da payı var həmin faciədə. Lakin mən onu deyirəm ki, sən sənin özünü yandırana necə susursan?

Məni ən çox dəhşətə gətirən insanlardır. Özləri haqsızlığın qurbanı olurlar, amma haqsızlığa qarşı çıxmırlar! Bəs bilirsinizmi nə qədər belə adam var?! Mülkü əldən gedən, işini itirən, övladına məhkəmədə haqsızlıq olan, atasına polisdə şər atılan, anası keyfiyyətsiz səhiyyənin qurbanı olan. Baxın, biz həmişə haray çəkirik ki, ölkədə hər yanda haqsızlıq baş alıb gedir. Doğrudan da belədir. Bəs hanı o haqsızlığın qurbanı olan bu qədər insan?

Mən bu qədər insanın üsyanını soruşmuram. Bu qədər insanın narazılıq hərəkətləri, səsləri, sadəcə, göz yaşları hanı? Niyə küncdən çıxmır bunlar? Bu ötən illərdə çoxlu sayda ictimai fəal şərlənib və türmədən çıxanda biz onların çıxışlarını maraqla izləmişik. Hamısı da bəyan edib ki, türmələr haqsız tutulmuş adamlarla doludur. Amma elə bil o adamlar buxarlanır sonra. Biz onları demək olar görmürük.

Biz bəzən insanlardan vicdan və mübarizlik, haqsız siyasətə səsini qaldırmağı tələb edirik. Amma haqsızlıq görmüş adama bu tələb də gərək deyil, o, bütün hallarda səsini qaldırmalıdır. Övladları haqsız məhkəmə qurbanı olan ata tanıyıram – onun gördüyü həqiqəti deməkdən yayındığına tamaşa edəndə doğrudan da alışıb yanırsan.

Çoxlarına bəsit, adi, sadə görünən bu məsələ məni çox incidir. Bu ölkədə kifayət qədər insan var ki, birbaşa ədalətsizlik görməyib, güzəranı və durumu da o qədər pis deyil, amma yalnız ölkənin ümumi maraqları naminə ən çətin mübarizə yolunu tutub. Bilir ki, ölkəyə dəyən ziyan birbaşa olmasa da, ona da vurulan ziyandır, amma hər halda, vəziyyəti o qədər pis deyil, onu sıxan birbaşa problem yoxdur, keçinə bilər rahatca, fəqət yenə də susmur, razılaşmır. Ədalətsizliyin birbaşa od vurduğu, yandırdığı xeyli adam isə, sadəcə, susur. Mən onları deyirəm. Ona görə də ölkəni atəşə düçar edən ədalətsizlik alovunu söndürmək çətin olub.