“Azərbaycandakı seçkilər saxta idi, Gürcüstandakı seçkilər isə yox”
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlarıç maraqlı məqalə ilə çıxış edib. Kozlariç bu ilin oktyabrında Azərbaycan və Gürcüstanda keçirilmiş seçkilər arasında müqayisə aparıb və nəticələr çıxarıb. Məqləni təqdim edirik:
Gürcüstan və Azərbaycan seçkiləri
Belə bir ədalətli sual verək: ötən oktyabrdakı səs-küy nə idi? Gürcüstanda və Azərbaycanda seçkilər keçirildi, nəticələr isə sürpriz olmadı. Azərbaycanda hazırkı prezident yenidən qalib oldu, Gürcüstanda isə Mixail Saakaşvili bunu etmədi. Azərbaycandakı seçkilər saxta idi, Gürcüstandakı seçkilər isə yox. Nə olsun? Həyat davam edir.
Bəlkə bu, heç də sadə məsələ deyil. Xarici müşahidəçilərin əksəriyyəti Qərbin, xüsusilə ABŞ-ın bu ölkələrin özlərinə yaxşı gələcək qurmaları üçün 20 ildir vaxt, resurs və güc sərf etdiyi regionda demokratiyanın hansı vəziyyətdə olduğunu gördülər. 1991-ci ildə müstəqilliyini əldə etmiş Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda demokratik inkişaf prosesinin getməsində maraqlı olan ABŞ və Avropa Azərbaycan və Gürcüstandakı seçkilərin nəticələrindən çox ciddi narahat olmalıdır.
Seçkidən bir gün əvvəl
Bu seçkilərə qiymət verəndə, həmçinin onların həmin ölkələrdəki sosial-siyasi vəziyyətə, beynəlxalq münasibətlərə təsirini nəzərdən keçirəndə təkcə səsvermə günü baş verənləri nəzərə almaq lazım deyil.
Avropa Stabillik Təşəbbüsü Azərbaycandakı seçkiyə müsbət rəy vermiş müşahidəçiləri tənqid edən əla bir hesabat hazırlamışdı. Hesabatda qeyd olunurdu ki, seçkini təkcə səsvermə günü baş verənlərlə qiymətləndirmək olmaz.
Gürcüstandakı seçki sübut etdi ki, post-sovet ölkələrindəki hökumətlər, siyasətçilər dəyişərək, Avropa yolunu tuta bilər. Azərbaycandakı seçki isə sübut etdi ki, hakim rejim səsvermə günü prosesləri izləyən qısamüddətli müşahidəçiləri satın ala bilər, seçkini saxtalaşdıra bilər, insan hüquqlarını pozmaqda davam edə bilər, ABŞ Dövlət Departamenti, ATƏT kimi qurumlardan gələn beynəlxalq tənqidləri inkar edə bilər.
Iki qonşu dövlət niyə belə fərqlidir? Bunun bir sıra səbəbləri var. Əvvəla, Gürcüstanda 2012-ci ildə azad və ədalətli keçirilmiş parlament seçkiləri bu ölkədə 2013-cü ilin prezident seçkiləri üçün bir nümunə oldu və Gürcüstan kənardan gələnləri və müşahidəçiləri isti qarşıladı. Azərbaycan isə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melianın seçkidən əvvəl Bakıya səfərinə imkan vermədi. Ikincisi, Gürcüstandakı siyasi partiyalar, o cümlədən müxalifət seçkinin əsas qaydalarıyla bağlı razılığa gəlib. Üçüncüsü, Gürcüstan əhalisi dəyişiklik tələb edirdi. Dördüncüsü, Gürcüstandakı seçkinin nəticələri şəffaf seçkilər kimi qəbul olundu və ölkənin tarixində ilk dəfə siyasi legitimlik təmin edildi.
Demokratik inkişaf testi
Demokratik inkişaf seçkidən əvvəl sonra atılan addımlarla ölçülür. Azərbaycanda seçkidən əvvəlki və sonrakı dövrlərdə proseslər siyasi müxalifətin, müstəqil QHT rəhbərlərinin qorxudulması, ifadə azadlığına basqılar, rəsmilərin hər hansı dəyişikliyi qəbul etməməsilə müşayiət olunub. Amma Gürcüstanda kifayət qədər yaxşı seçkiqabağı dövr müşahidə olundu. Seçkidən sonra bu ölkədə parlament və digər institutların effektivliyilə bağlı problemlərin qaldığı müşahidə olunur, eyni zamanda, hazırkı hakimiyyətin keçmiş prezident Mixail Saakaşviliyə qarşı cinayət işi başlayıb-başlamayacağı məsələsi də müzakirə olunur.
Bu, bizim işimizdimi?
“Böyük mənada, bu ölkələrdə demokratik inkişaf yaratmaq bizim (məsələn, Qərbin, ABŞ-ın) işimizdimi?” – bu sual ətrafında fərqli fikirlər var. Biz kimik – demokratik standartlarla bağlı cəhdlərimiz uğurla nəticələnəcəkmi? Hamının hörmət edəcəyi demokratik standartları tətbiq edə biləcəyikmi? Ən azı, yaxın keçmişdə Ukraynadakı Maydan hadisələri bu istiqamətdə bütün məsələlərə nöqtə qoydu. Göstərdi ki, ölkə Qərbin bir parçası olmaq istəyirsə, konkret iqtisadi və siyasi islahatlar həyata keçirməlidir. Başqa sözlə, bu dəyərlər məsələsidir. Geosiyasi əhəmiyyət, yaxud enerji və təhlükəsizlik maraqları vətəndaşlara münasibətdə minimal beynəlxalq normalar tətbiqindən imtina üçün bəhanə ola bilməz.
Seçkidən sonra əsas məsələ Avropa Birliyilə daha sıx əlaqə ilə Vladimir Putinin Avrasiya Ittifaqı arasında seçim etmək idi. Bu seçim ölkələrin özləri üçün hansı dəyərləri müəyyənləşdirdiyinin göstəricisidir. Gürcüstan və Ermənistan “Şərq Tərəfdaşlığı”nın Vilnüsdə keçirilən sammitində artıq seçimini edib. Gürcüstan və Moldova Avropa Birliyini, Ermənistan isə Avrasiya Ittifaqını seçdi. Ukraynadan da seçim etmək tələb olundu. Ukrayna hökuməti qısa müddət üçün maliyyə problemlərini həll etməklə uzunmüddətli Avropa gələcəyi arasında qalıb. Azərbaycan isə qeyd olunanların heç birini seçməmək qərarı verdi; bu ölkədəki rejim bunu “neytrallıq” adlandırır. Qərbdə Azərbaycanın əsas əhəmiyyəti Avropanın enerji təminatçısı kimi qəbul edilməsilə bağlıdır.
Bu ölkələr üçün “bizim öz yolumuz var” siyasəti bundan sonra işləməyəcək. ABŞ üçün bu ölkənin strateji əhəmiyyət daşıması saxta seçkilər, korrupsiya, insan hüquqlarının tapdanması kimi məsələlərə onun göz yummasına səbəb ola bilməz. XXI əsrdə münasibətlərin kökündə fundamental dəyərlər dayanmalıdır.
Azərbaycan kimi ölkələr bu dəyərlərlə yaşamayanda da biz biganə qalmamalıyıq. Bu o deməkdir ki, iqtisadi və siyasi islahatlar post-sovet dövrünün bitməsi və XXI əsrə uyğun statusun qazanılmasıyla nəticələnməlidir. Bu isə insan hüquq və azadlıqlarına hörmət, həmçinin siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Eyni zamanda, demokratik seçkilərin keçirilməsini də tələb edir. Məhz buna görə biz Cənubi Qafqazdakı seçkilərə ciddi yanaşmalıyıq.
Gürcüstanı seçki prosesində əldə etdiyi nailiyyətlərə görə təbrik etməliyik. Eyni zamanda, bu ölkədə məhkəmə və parlament kimi demokratik institutların güclənməsi, ədalətli siyasi sistem qurulması üçün Gürcüstan hökumətini dəstəkləməliyik.