Evi oğurlanan Çingiz Məmmədov general deyilmiş

12 milyonluq qarətdə adı hallanan şəxs Kəmaləddin Heydərovun şirkətindən «çıxdı»

Bakıda baş verən 12 milyonluq qarətlə bağlı yeni məlumatlar yayılıb. Oxucuların diqqətinə çatdıraq ki, bu hadisə ötən il sentyabrın 19-da baş verib. Daxili Işlər Nazirliyinin (DIN) Baş Cinayət Axtarış Idarəsi və Sabunçu rayon Polis Idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu hadisədə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da həbs edilib.
DIN-in hadisə ilə bağlı yaydığı məlumatda oğurluq baş verən Bakıxanov qəsəbəsindəki villanın Çingiz Məmmədov adlı sahibkara məxsus olduğu bildirilib. Eyni zamanda oğurlanan məbləğ 250 min manat göstərilib.
“Azadlıq”a daxil olan məlumatlarda isə evdən oğurlanan seyfdə 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyalarının olduğu iddia edilib. Və bu evin müdafiə nazirinin kadrlar və hərbi təhsil üzrə müavini general-leytenant Çingiz Məmmədova məxsus olduğu bildirilib.
Lakin yeni məlumatlara görə, bu şəxs “Kaspi-Yıldız” şirkətinin direktoru Çingiz Məmmədovdur. O, həmçinin deputat Iqbal Məmmədov və Balakən rayonunun icra başçısı Asəf Məmmədovun qardaşıdır. Məmmədovlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxildirlər. “Kaspi Yıldız” şirkətinin əslində “fövqəlnazir”ə məxsus olduğu bildirilir.
Bu məlumatı dəqiqləşdirmək üçün “Kaspi Yıldız” şirkətilə əlaqə saxladıq. Şirkətin adının çəkilməsini istəməyən səlahiyyətli şəxslərindən biri bu məlumatı təsdiqlədi. “Bəli qarət olunan ev ”Kaspi-Yıldız” şirkətinin direktoru Çingiz Məmmədova məxsusdur. Onu da bildirim ki, evdən 250 min manat oğurlanıb. Daxili Işlər Nazirliyinin məlumatı doğrudur”, – deyə həmin şəxs bildirdi.
Maraqlıdır ki, oğurluqda təqsirləndirilən Şaiq Səttarovun evində axtarış aparılarkən bir banka briliant daş-qaş, üstü bahalı daş-qaşlarla bəzədilmiş xəncər aşkar edilib. Həmçinin bəlli olub ki, Şaiq Səttarov oğurluqdan sonra 2 ədəd “Range Rover” markalı avtomobil alaraq yaxınlarına hədiyyə edib. Bütün bunlar isə oğurlanan məbləğin 250 min manat olmasına şübhə yaradır.  

İnformasiya şöbəsi