Nazirlərin qohumları Bakı aeroportunda əlbəyaxa oldu

Davada bir neçə nəfərin xəsarət aldığı deyilir; polis hadisəni araşdırır

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava baş verib. AzNews.az-a daxil məlumata görə, hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. İki qrup arasında mübahisə hələ Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayıb. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limanında tərəflər arasında mübahisə yarandığı bildirilir.

Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarının götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub.

Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun yaxın qohumu da var. Nazirin qohumunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi davanın iştirakçıları arasında Rabitə və İnformasiya Yexnologiyaları naziri Əli Abbasovun kürəkəni, eləcə də keçmiş baş prokuror İxtiyar Şirinovun yaxınları da olub.

Bundan başqa davada müdafiə naziri Zakir Həsənovun qohumu, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan, polis general-mayoru Elxan Həsənovun oğlu da iştirak edib. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, müdafiə naziri Zakir Həsənovun əmisi oğludur.

Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs də Müdafiə Nazirliyində çalışır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-a bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı bir məlumat daxil olmayıb.

***

“Mənim oğlum Heydər Əliyev Hava Limanındakı davada iştirak etməyib. Oğlumun o davada iştirak etməsi ilə bağlı xəbər yalandır”. Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Elxan Həsənov Heydər Əliyev adına Hava Limanında baş verən dava ilə bağlı xəbərə münasibət bildirərkən deyib. O bildirib ki,  heç bir oğlan övladı yoxdur: “Heydər Əliyev Hava Limanında baş verənlər polis tərəfindən araşdırılır. O ki qaldı mənim övladımın orda iştirak etməsinə, Allah hamının övladını saxlasın, mənim iki qız övladım var, oğlum yoxdur. Oğlum yoxdursa, hansı davada iştirakından söhbət gedə bilər?”

***

“Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mənim qohumlarımın döyülməsilə bağlı yayılan xəbərlər doğrudur. Dava hər kəsin gözü qarşısında, təhlükəsizlik kameralarının yaxınlığında olub. Qohumlarım ağır bədən xəsarəti alıblar. Hazırda araşdırmalar gedir”. Bunu isə Teleqraf.com-a açıqlamasında keçmiş baş prokuror İxtiyar Şirin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onun da qohumlarının iştirak etdiyi dava ilə bağlı yazılanlara münasibət bildirərkən qeyd edib. İ.Şirin qeyd edib ki, onun qohumları olan iki şəxs həmçinin nazirlərin qohumudur: “Hadisə barədə qohumlarımın valideynləri də xəbərsizdir. O biri tərəf 6-7 nəfər olub. Günahkar da, zərərçəkən də bəllidir”.