Haram rejimində halallıq nağılları

Gözlədiyimiz, özlədiyimiz gün gəlib çatdı: ATƏT-in Demokratik Qurumlar, Insan Hüquqları Bürosu (DQIHB) son oylamasını yaydı. Demək olar, seçkidən bir gün sonra, oktyabrın 10-da verilmiş ilkin oylama ilə indiki arasında elə bir ayrıntı yoxdur: seçkinin demokratik normalara uyğun olmadığı, çoxsaylı qanun pozuntuları ilə keçirildiyi, bu baxımdan da Ilham Əliyevin legitim prezident – legitim bövlət başçısı olmadığı bir daha doğrulanır. Legitimlik üçün istər seçkiöncəsi, istərsə də seçkisonrası sağa-sola səpələnən milyonlar, milyardlar üzündən ATƏT DQIHB-nun oylamasının recimin istəyinə uyğun dəyişə biləcəyini düşünürdüm. Belə olmadı. Buna görə biz, ola bilsin, daha çox ATƏT DQIHB-nin gözləmçi missiyasının başqanı Tana Zulietaya borcluyuq. 

Elxan Süleymanov adlı bir alverçi-diplomat Tana xanımın soy-kökünədək gedib çıxmaqla ilkin oyla bağlı bildirmişdi: “ATƏT DQIHB-nun məqsədi qərəzli hesabatla müxalifəti təxribata sövq etmək, bununla da iğtişaş yaradaraq ölkədə sabitliyi pozmaq, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələməyə qulluq etməkdir”. Bu, Azərbaycanın müsbət yerinə MÜSIBƏT imicinin formalaşması, Demokratiyadan diktaturaya, Respublikadan monarxiyaya, yolsuzluğun (korrupsiyanın) DÖVLƏT SIYASƏTINƏ dönüşməsi yoluyla ölkənin yoxluğa sürüklənməsi işinə QULLUQ edənlərdən birinin baxış-dəyərləndirməsidir. Onlar qaranlıq otaqda qara pişik axtaran kimi, Azərbaycanı qara günə qoymuş rejim içində MÜSBƏT IMIC axtarırlar. Yazıqlar, o imicin olması üçün əliyevçi rejimin olmaması gərəyini anlamaq gərəkdir!

Çağdaş dünyanın fenomenal prezidentlərindən olan I.Əliyev bugünlərdə fenomenal bır çıxışda bulundu: “bundan sonra Bakıda çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər şəhərin mərkəzində, ətrafındakı gecəqonduların sahibləri ilə (bizim dildə desək, yiyələri. X.B.) anlaşaraq, halallıq yolu ilə o əraziləri satın almalıdırlar”. Bəh, bəh, 21-ci yüzilin prezidentinə baxın: ölkəni orta çağların islam-şəriət normalarına qaytarır. Bir yandan xalqı soya-soya prokurorların, məhkəmə hakimlərinin aylığını artırır, o biri yandan xalqın üzünü şəriət qanunlarına çevirir. Özü də gözəl bilir: ata-bala rüşvət-korrupsiya axarında milli-mənəvi dəyərləri darmadağın etdikləri bu ölkədə pullanıb azğınlaşmış kimsələr üçün hallalıq korrupsioner rejim ortağına çevrilmiş mollanın cənnət fantaziyasıdır. “çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər”sə, başqaları deyil, I.Əliyevin yaxın çevrəsi, komanda yoldaşlarıdır. Haram yollarla qurulmuş, formalaşmış komandadan halallıq ummaq gerçək bir umacaq deyil, özünü duruya çıxarmaq üçün xalqı aldatmaq, xalqa kələk gəlməkdir. 

“Halal” ərəbcədir, islam dininə görə, yeyilməsinə, işlədilməsinə, özünə mal edilməsinə yol verilən, eləcə də qanun yoluyla qazanılan, əldə edilən deməkdir. Qanunsuz yolla hakimiyətə yiyələnmək hara, HALALLIQ hara! Bir prezidentin Konstitusiya normalarını – dövlət qanunlarını qoyub hallalıq nağıllarına qurşanması onun dövlət adına bağlı bütün qanunlara sayğısızlığı deməkdir. Biz 21-ci yüzil prezidentindən danışırıqsa, bu fakt sözügedən adamda dövlətçilik düşüncəsinin yoxluğu deməkdir. Elə bizim ölkəmizin faciəsi də bundadır: bu ölkənin başında üçüncü yol… dövlətçilik düşüncəsindən bütünlüklə uzaq birisi durur! Qış bulvarının tikilməsi üçün Bakının çox bahalı yerində evlər sökülməli idi. Televiziya ekranından o evlərə qiyməti dövlət qanunlarını, hallalıq prinsiplərini tapdamaqla I.Əliyev qoydu: 1500 manat – yerinə görə gərəkdiyindən çox aşağı qiymət! Bu, prezident adlanan kimsənin birinci özünün, ikinci komandasının qazancını güdərək qoyduğu qiymət idi. Aşağı qiymətin də çox yerdə necə aşağı salındığı bəllidir. Bircə doğru-düzgün, başqa cür desək, halal seçki keçirməyən halallıqdan danışanda halallıq anlayışının özü də dəyərsizləşir…