İlham Əliyevdən uğursuz müqayisə

Dövlət başçısının qiymətlərlə bağlı səsləndirdiyi fikirlərə ekspertlərdən reaksiya gəldi

 

Benzinin qiyməti bahalaşdıqdan sonra ekspertlər bildirdilər ki, bu hal növbəti bahalaşmanın mesajıdır. Həqiqətən də  sonradan bahalaşma kortofda, yumurtada da müşahidə olundu. Ancaq, bahalaşma bununla da yekunlaşmadı və artıq ölkə başçısı Ilham Əliyev səviyyəsində bahalaşmanın növbəti dalğasının anonsu verilib.

Belə ki, ölkə başçısı dekabrın 23-də Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasının yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən qiymət artımına işarə vurub. O, qaz, su və yanacağın qiymətlərinə münasibət bildirərkən, dünyada ən aşağı tariflərin Azərbaycanda olduğunu vurğulayıb. “Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də”- deyə ölkə başçısı bildirib.

Ekspertlər Ilham Əliyevin bu fikirlərini qaz, su və elektrik enerjisinin tariflərinin artırılmasına mesaj kimi qiymətləndirirlər. Ona görə də yeni ildə yeni bahalaşmanın olacağı gözləniləndir.

Iqtisadçı ekspert Qubad Ibadoğlu hesab edir ki, Azərbaycandakı qiymətləri Avropa ölkələri ilə müqayisə etmək qüsurludur və bu müqayisə reallıqları ifadə etmir: “Ayrı-ayrı ölkələrdəki qiymətləri, bizim ölkədəki qiymətlərlə müqayisəsi yanlış yanaşmadır. Hər bir ölkədə elektrik enerjisinə, kommunal xidmətlərin xərci, ailə büdcəsinin aylıq xərcləmələrdəki payı ilə müəyyən olunur. Bu baxımdan yanaşsaq görərik ki, həmin ölkələrdə kommunal xərclərin həcmi, ailə büdcəsinin 1 faizin təşkil edir. Azərbaycanda isə bu göstərici 10 faizdən yuxarıdır. Azərbaycan hökuməti qiymətlərin bahalaşması ilə bağlı strategiya müəyyənləşdirib. Ola bilər ki, növbəti ildən etibarən Nazirlər Kabinetnin qərarı ilə qiymətlər qaldırılsın. Enerji xidmətlərinin qiymətinin qalxması daha real görünür. Daha sonra kommunal xidmətlərin bahalaşması ehtimal olunur. Və bu istiqmətdə hökumətin müxtəlif qərarlarını müşahidə edəcəyik”.

Iqtisadçı ekspert Rövşən Ağayev də prezidentin müqayisəsinin əsassız oduğunu və qiymət artımının davam edəcəyini bildirdi: “Mən hələ oktyabrın 28-də yazmışdım ki, Azərbaycanda yanacaq və kommunal xidmətlərin qiyməti artacaq. Bunun da sadə bir açıqlaması var. Hökumət növbəti ilin büdcəsində yanacaq, kommunal xidmət xərclərini 70 faiz artırıb. Deməli, burda qiymət artımı məqsədi dayanır. Hökumət bunu inkar etməyə çalışsa da, reallıq bunu göstərdi. Yeni ildən qiymətlər yenidən artacaq. Ola bilər ki, hökumət narazılığa görə, müəyyən müddət bu artımı ertələsin. Ancaq qiymət artımı qaçılmazdır. Bizim ölkədə gəlirlərlə qiymətlər arasında kəskin dizbalans var. Prezidentin müqayisəsinə gəlincə, o arqument gətirmək istəyir ki, bizdə qiymətlər ucuzdur, hökumət vədinə sadiqdir və s. Ancaq bizdə suyun 1 kubmetri 30 qəpik, məsələn Norveçdə 1 dollardısa, deməli, Norveçdə qiymətlər bizdən 3 dəfə ucuzdur. Çünki Norveçdə insanlar 45000 dollar əməkhaqqı alır, bizdə isə 300-400 manat əmək haqqı alır. Yaxud Fransada 1 kilovatt elektrik enerjisinin qiyməti 8 avrosentdir, bizdə isə 6 avrosentdir. Qiymət bizdən 20 faiz baha olsa da, bu ölkədə əmək haqqı 4500-5000 dollar arasındadır. Ona görə də Prezidentin qiymətlərin ucuzluğu barədə dediklərini doğru saymıram”.

Ilham Hüseyn