Vəfa Quluzadə: «Azərbaycan Ermənistan Gömrük İttifaqına qəbul edildiyi halda, Qarabağın taleyilə bağlı Rusiya ilə sərt danışmalıdır»
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistanın Gömrük İttifaqına daxil olması kontekstində Qarabağ məsələsini qaldırması kifayət qədər maraq doğurur. Xatırladaq ki, Avrasiya Ali İqtisadi Şurasının iclasında Nazarbayev bildirib ki, ölkəsi Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında “yol xəritəsini” imzalamağa hazırdır, amma xüsusi rəy ilə, belə ki, Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinin aydınlaşdırılmasını tələb edir. Nazarbayevin fikrincə, Ermənistan təşkilata qəbul olunsa da, Qarabağ münaqişəsi ilə bağlı Gömrük İttifaqının Ermənistandan keçən sərhədi məsələsi açıq olaraq qalır.
Ekspertlərin fikrincə, əslində Nazarbayevin bu bəyanatı bir sıra təhlükələrdən xəbər verir. Onlardan birincisi Ermənistanın Qarabağı öz ərazisi olaraq göstərərək Gömrük İttifaqına daxil olmağa cəhd etməsidir.
Politoloq Vəfa Quluzadənin fikrincə, əslində bu məsələni qaldırdığına görə Azərbaycan hakimiyyəti Nazarbayevə təşəkkür etməlidir. Çünki Nazarbayevin də qeyd etdiyi kimi Ermənistanın Gömrük İttifaqına qəbul olunması bir sıra şərtlər daxilində mümkün ola bilər: «Əslində Nazarbayev bu bəyanatı ilə Ermənistanın təcavüzkar və müharibə şəraitində olan dövlət kimi tanıdığını etiraf edir. Bu baxımdan həqiqətən də Ermənistanın Gömrük İttifaqına qəbul edilməsi şərtlə mümkün ola bilər. Birincisi, Gömrük İttifaqına Azərbaycanın işğal altındakı əraziləri daxil olmamalıdır. Nazarbayev təcrübəli siyasətçidir və o gözəl başa düşür ki, Qarabağ münaqişəsi əvvəl-axır həll olunacaqdır. Buna görə Azərbaycanla münasibətləri korlamağa dəyməz. Bundan başqa Azərbaycan Gömrük İttifaqının üzvü olan digər dövlətlərdən tələb etməlidir ki, onlar Qarabağı Ermənistanın tərkibində görmək istəmədiklərini rəsmən açıqlasınlar. Onlar Ermənistanla Gömrük İttifaqı müqaviləsini hansı çərçivədə imzaladıqlarına aydınlıq gətirməlidirlər». Əslində hazırda Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı qeyri-müəyyənliyin Rusiyadan qaynaqlandığını düşünən V.Quluzadə hesab edir ki, Rusiyanın Ermənistanı Gömrük İttifaqına üzvlüyə qəbul etməsi beynəlxalq hüquq pozuntusudur: «Çünki müharibə şəraitində olan hər hansı dövlətin beynəlxalq ittifaqlara daxil olması beynəlxalq normaların pozulmasıdır. Məsələn, müharibə şəraitində olan dövlətlər NATO-ya daxil ola bilməzlər. Azərbaycan baş verənlərlə bağlı, Rusiyaya sərt mesaj verməlidir. Yalnız Rusiya Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı faktını etiraf edəndən sonra Yerevanı Gömrük İttifaqına üzv qəbul edə bilər. Azərbaycan Rusiyanın haqlarını tapdalamasına o qədər öyrəşib ki, ona görə də Kremlə etiraz etmir. Rəsmi Bakı baş verənlərlə bağlı BMT-yə də müraciət etməlidir. Bu məsələni sakit izləmək olmaz».
V.Quluzadənin fikrincə, rəsmi Bakının atmalı olduğu növbəti addım Misk Qrupu üzvlərinə, xüsusilə ABŞ-a müraciətlə bağlı olmalıdır. Minsk Qrupu da müharibə şəraitində olan Ermənistanın Gömrük İttifaqına üzvlüyünə münasibət bildirməlidir: «ABŞ Minsk Qrupunun həmsədridir. Bu həmsədrlik vaxtı ilə Azərbaycanın israrı nəticəsində baş tutub. Rusiya o zaman ABŞ-ı siyahıdan silmişdi. Amma Azərbaycanın israrı nəticə verdi. Düşünürəm ki, ABŞ da Ermənistanın Gömrük İttifaqına daxil olmasına münasibət bildirməlidir. Azərbaycan diplomatiyası bu istiqamətdə çevik siyasət yürütməlidir».
Xəyal