Eynulla Fətullayevin məhkəməsi baş tutmadı

Jurnalistlə Zakir Qaralovun çəkişməsi aprelin 7-nə qaldı

Həbsdə olan jurnalist Eynulla Fətullayevin baş prokuror Zakir Qaralova qarşı qaldırdığı iddia üzrə məhkəmə çəkişməsi təxirə salınıb. Səbail Rayon Məhkəməsindən bildiriblər ki, proses aprelin 7-də saat 11.00-da keçiriləcək. Dünənki proses isə tərəflərin məhkəməyə gəlməməsi səbəbindən baş tutmayıb.
Eynulla Fətullayevin vəkili Anar Qasımov “Mediaforum”a bildirib ki, prosesdə özünün iştirakı təmin olunmadığına görə Eynulla Fətullayev vəkillərinin də hazırlıq iclasına qatılmasını istəməyib: “Bu mülki işdir. Eynulla ayrı-ayrı işləri üzrə hüquqlarını müdafiə etdiyi vəkillərdən heç birinə hələlik bu iş üzrə etibarnamə verməyib. Eynullanın məhkəmə prosesinə gətirilməsi zamanı o, vəkillərdən hansınasa etibarnamə verə bilər və həmin vəkil də prosesə çıxar”.
Eynulla Fətullayevin iddia ərizəsi “Təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə üzr istənilməsi tələbinə dair” adlanır. Ali Məhkəmə Plenumunun onun üzərindən terrorçuluqla hədələmə ittihamının götürdüyünü xatırladan məhbus jurnalist iddia ərizəsində bunları qeyd edib: “Həm Avropa Insan Hüquqları Məhkəməsinin, həm də Ali Məhkəmə Plenumunun qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən edilib ki, barəmdə qondarma terrorçuluq ittihamı ilə istintaq aparıldığı dövrdə baş prokuror Zakir Qaralov mətbuata verdiyi açıqlamasında mənim təqsirsizlik prezumpsiyası hüququmu pozub, ictimai rəydə əvvəlcədən təqsirli olmağıma dair mütləq fikir yaradıb. Zakir Qaralov fiziki şəxs deyil, o, Azərbaycan Respublikasının baş prokurorudur. Ona görə də onun dilindən səslənmiş ifadə istintaqın gedişinə prosessual nəzarəti həyata keçirən Respublika Prokurorluğunun mövqeyinin ifadəsi kimi qiymətləndirilməlidir. Təqsirsizlik prezumpsiyası hüququmu pozmuş Respublika Prokurorluğu məndən rəsmi qaydada üzr istəməli, baş prokuror Zakir Qaralov şəxsən mətbuat qarşısına çıxaraq üzrxahlıq etməlidir”.