Hörmətli Cəmil bəy!
Sizə son prezident seçkisi və sonrası da səslənə bilərdim.
Amma yeri və zamanı olmadığını düşündüm. O önəmli günlərdə yeni çəkişmə mövzusu yaratmağı doğru saymadım.
Çəkişmə mövzusu deyirəm, çünki belə olacağını təxmin edirdim.
Bizim müxalifət düşərgəsində bu mövzunu önəmsəmirlər, bunu hətta qeyri-ciddi qəbul edənlər var. Əslində isə belə olmadığını ən azı bir tarixçi və aydın kimi sizin çox dəqiq bildiyiniz qənaətindəyəm.
Cəmil bəy! Sözü uzatmayım. Bu gün siz demokratik düşərgənin lideri statusundasınız. Azərbaycanın azad, çağdaş bir ölkəyə çevrilməsi uğrunda mübarizənin önündəsiniz.
Belə olan təqdirdə bütün zamanlarda yalnız irticadan, Şərdən yana olmuş bir qurumun – Azərbaycan Yazıçılar Birliyinin sıralarında hələ də qalmağınız nə qədər doğrudur?
Ədəbiyyatı partiya və hökumət işinin vintciyi və təkərciyinə çevirmək niyyəti ilə yaradılmış…
30-cu illərdə Azərbaycanın dəyərli bir ziyalı nəslinin aradan götürülməsində ilhamverici rolu oynamış…
Heç zaman demokratik dəyərlərə sayğı duymamış, azadlıqlardan yana olmamış…
Təkcə son illərdə fərqli fikir səsləndirən neçə-neçə yazıçını sıralarından uzaqlaşdırmış…
Faktiki olaraq Ədəbiyyat Nazirliyi funksiyasına üstlənmiş…
Bütün seçimlərini, qərarlarını qeyd-şərtsiz Əliyevçi rejimdən yana etmiş…
Biz 20 illik bir siyasi monarxiyadan şikayətçi ikən 25 illik “ədəbi monarxiya” yaratmış bir təşkilatda qalmağınız üzərinizə götürdüyünüz və layiqincə yerinə yetirməyə çalışdığınıza kimsənin şübhəsi olmayan Azərbaycanı çağdaşlığa, demokratiyaya, azadlıqlara qovuşdurmaq missiyası ilə əsla örtüşmür.
Təkcə bu sətirlərin müəllifinin yox, xeyli insanın bununla bağlı narahatlığı olduğunu bilirəm və sizə çatdırmaq ehtiyacı hiss edirəm.
Bu narahatlığa həssas yanaşacağınıza və ədəbiyyatla, mədəniyyətlə ən xırda bağı qalmamış, sadəcə, rejimin toplum üzərində təsir ruporu, təbliğat maşını kimi çıxış edən, yaltaqlığın legitimləşdirilməsi vasitəsinə çevrilən Yazıçılar Birliyindən istefa verəcəyinizə inanıram.
Öncədən təşəkkür edirəm!
Yadigar Sadıqova 7 il çoxdur?!
Azərbaycanın dəyərli, vicdanlı insanlarından, aydınlarından biri Yadigar Sadıqova sifarişli məhkəmədə 7 il iş istəyiblər.
Bir xeyli adam deyir bu qədər gözləmirdik, 7 il çoxdu-filan.
Dünən bu cür düşünənlərə ən yaxşı cavabı sosial şəbəkədə müsavatçı dostumuz Səxavət bəy verdi.
Dedi ki, “guya 7 il yox, 1 il iş istəsələr, bu da çox olmayacaqdımı?”.
Əlbəttə, olacaqdı.
Bir insanın haqsız yerə, günahsızca, sadəcə, siyasi intiqam duyğusu ilə 1 il nədi, hətta 1 gün, 1 saat, 1 dəqiqə belə azadlıqdan məhrum edilməsi ədalətsizlikdir. Qəbuledilməzdir. Yolverilməzdir. Urfaşizmdir. Hüququn çeynənməsidir. Insanlığın sırtına bıçaq vurulmasıdır.
Odur ki, bizə düşən – Əliyevçi rejimin aydın, azadlıqsevər, tərəqqipərvər insanlara ağır, yoxsa yüngül cəza kəsildiyini dartışmaq olmamalıdır. Cəza yüngülsə təsəlli tapmaq, cəza ağırsa təəccüblənmək olmamalıdır.
Bizə düşən – yeganə suçu Azərbaycana azadlıq və demokratiya tələb etmək, fərqli düşünmək, müxalif, tənqidçi fikir yürütmək insanlara qarşı sifarişli, siyasi intiqam duyğusu ilə verilən istənilən hökmün ağır, yoxsa yüngül olmasına baxmadan bunu rejimin bitməyən cinayətləri silsiləsinə yazmaq, heç bir belə hökmün Şərə qarşı dirənişimizi, müqavimət ruhumuzu qırmayacağını ortaya qoymaqdır.
Akif Nağıdan gözləntim
Sumqayıtın icra başçısı Eldar Əzizovun Ilham Əliyevin ad gününə bişirtdirdiyi tort dünən hazır olmadığı üçün dekabrın 29-da kəsiləcək.
Həmin günsə Kərkicahanın işğalından 22 il keçəcək.
Aralarında onlarca qadın və uşağın da olduğu yüzlərlə insanın öldürüldüyü, şəhid olduğu bir gündə nəhəng tort kəsilməsinə görək bizim hörmətli Akif Nağı nə deyəcək?
Məsələn, Tiflisdə ermənilərin də iştirak etdiyi bir tədbirə qatıldığı üçün Isa Qəmbərin ünvanına hədə və təhqir qarışıq dediklərinin mində birini də Eldar Əzizova deyə biləcəkmi?