Dövlət başçısının harada olması barədə məlumat verilmir
Fuad Qəhrəmanlı: «Əslində problem İlham Əliyevin ölkədə olub-olmaması yox, ölkəsində baş verənlərə reaksiyasız qalmasıdır»
Prezident Ilham Əliyev Novruz bayramından bu yana Azərbaycanda deyil. Bu barədə rəsmi məlumat olmasa da, Əliyevin televiziyada, hökumət qəzetlərində gözə dəyməməsi bunu açıq şəkildə ortaya qoyur. Rəsmi dövlət agentliyi olan “AzərTAc”da da ölkə başçısı ilə bağlı ən son məlumat onun martın 19-da Bakıda keçirilən Novruz şənliyində iştirakı barədədir. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, bu il bayram mərasimi də vaxtından bir gün əvvəl təşkil olunmuşdu. Görünür, təşkilatçılar Ilham Əliyevin proqramını pozmamaq üçün belə ediblər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, bu, ilk belə hal deyil. Ilham Əliyev ölkədə olmayanda onun yeri barədə heç vaxt dəqiq məlumat verilmir: “Halbuki ölkə vətəndaşlarının onları idarə edən şəxsin harada olması, işə niyə çıxmaması barədə bilgiyə sahib olmaq haqqı var”.
Lakin F.Qəhrəmanlı onu da bildirir ki, əslində əsas problem I.Əliyevin harada olmasından asılı olmayaraq ölkədə baş verənlərə reaksiya bildirməməsidir: “Bu gün dünyada, eləcə də Azərbaycanda siyasi gərginlik yaşanır. Ölkəmizdə ən müxtəlif təbəqələr tərəfindən dəyişiklik tələbi gündəmə gətirilir. Istər paytaxtda, istərsə də bölgələrdə kütləvi etiraz dalğası baş qaldırıb. Bütün bunlara ölkə başçısı tərəfindən rəsmi reaksiya bildirilmirsə, demək ki, siyasi hakimiyyətlə cəmiyyət arasında böyük uçurum var. Azərbaycan hakimiyyəti cəmiyyətdən gələn dəyişiklik tələblərini qəbul etmək istəmir. Bu da təbii ki, siyasi gərginliyin və qarşıdurmanın daha da artmasına səbəb olur. Ilham Əliyevin bu cür münasibəti onun ölkədə olub-olmamasında ciddi fərq yaratmır. Əgər münasibət bildirməyəcəksə, onun ölkədə olmasının elə bir önəmi qalmır. Ərəb ölkələrində baş verən inqilablardan sonra hətta avtoritar liderlər də müəyyən dəyişikliklər vəd etməyə başladılar. Azərbaycan cəmiyyətində eyni tələblər səsləndirilsə də, hökumət başçısından dəyişikliklə bağlı heç bir mesaj verilmir. Deməli, problem Ilham Əliyevin ölkədə olub-olmamağında yox, məsələlərə münasibətindədir”.


