“Azərbaycan daha əvvəlki kimi olmayacaq”

Əli Kərimli 2 aprel öncəsi önəmli mesajlar verdi (VİDEO)

 

AXCP Gənclər Komitəsinin (AXCP GK) təşkilatçılığı ilə ötən gün partiya sədri Əli Kərimli ilə gənclərin növbəti görüşü keçirildi. ADP qərargahında baş tutan görüşə cəbhəçi gənclərlə yanaşı, başqa partiyaların gəncləri və heç bir partiyanın üzvü olmayan gənc fəallar qatılmışdı. Görüş öncədən elan olunduğu kimi, ictimai-siyasi durumun təhlili və gənclərin qarşıdakı aksiyalardakı vəzifələrinə həsr edildi.

“Gənclər İlham Əliyevi dəstəkləmir”

Tədbirin aparıcısı AXCP GK-nin sədri Əbülfəz Qurbanlı ilk çıxışçı kimi, ölkədə yetişən yeni demokratik mərhələdən danışdı: “Bu mərhələni Azərbaycan gəncliyi başlayıb. Ilk dəfədir ki, seçki ərəfəsində deyil, ölkədə seçkidən sonra xeyli sayda gənc siyasi proseslərə qoşulur, partiyaya üzv olur. Bu isə hakimiyyətin “gənclik Ilham Əliyevi dəstəkləyir” iddiasının tam əksidir. 11 martdan sonra daxili işlər nazirinin “Azərbaycan gəncliyi Ilham Əliyevi dəstəkləyir” iddiasına gənclər komitəsi və öz adımdan cavab verirəm ki, işsiz qoydugunuz, evsiz saxladığınız, məhrumiyyətlərin girdabında boğduğunuz, qanın üzərindən adlayıb “Gül bayramı” keçirərək ayaqlara atdıgınız gənclik sizi dəstəkləməz”.

AXCP GK-nin üzvü Cabbar Savalanlının siyasi sifarişlə həbsinin onların sırasını qətiyyən pozmadığını vurğulayan Ə.Qurbanlı, “…əksinə hər tədbirdə onlarla gənc AXCP-ni seçir, yeni-yeni Cabbarlar sıralarımıza qoşulur və gücümüzə güc qatır. AXCP-nin sıralarına yeni-yeni gənclərin qoşulması onu göstərir ki, hər kəs köklü dəyişiklik istəyir. Biz 2 apreldə bunun şahidi olacağıq” dedi.

“İnternet avtoritarizmə qarşı ciddi silahdır”

Daha sonra söz alan AXCP sədri Əli Kərimli çıxışının ilk hissəsində ölkədə formalaşan gənclər hərəkatını təhlil etdi. O, bildirdi ki, indi gənclərin fəallaşması kor-koranə baş verən hal deyil, obyektiv gerçəklikdi: “80-ci illərin sonunda başlanan xalq hərəkatında bizim də iştirakçısı olduğumuz güclü gənclər hərəkatı vardı. Indi, 20 ildən sonra yenidən gənclik mütəşəkkil qüvvə kimi ortaya çıxıbdır. Bugünkü gənclər hərəkatının kökündə internet durur. Yeni əsr, yeni texnologiya – interneti meydana çıxarıb. Internetin sayəsində avtoritar liderlər insanları həqiqətlərdən təcrid edə bilmir. Internetlə hər evə daxil olan obyektiv informasiyalar ona uyğun mövqe formalaşdırır. Buna görə də, əminəm ki, ayrı-ayrı subyektlərə bağlı olmadan ciddi və müstəqil şəkildə gənclik demokratikləşmə prosesində iştirak edəcək.”.

AXCP-yə təzyiq edənlərə cavab

Cabbar Savalanlının həbsindən sonra hakimiyyətin daha bir gənc partiya funksioneri Seymur Həzini oğurlayıb, döyməsinin Azərbaycan gəncliyi tərəfindən çox yaxşı cavablandırıldığını vurğulayan Əli Kərimli, buna sübut olaraq, “mən bu gün səhər partiyamıza üzv olmaq üçün müraciət edən 40 gəncin vəsiqəsini imzalamışam. Partiyamıza belə kütləvi axın, AXCP-yə təzyiq edənlərə gənclərin ən tutarlı cavabıdır” söylədi.

“Yeni şərtlər bizim xeyrimizədir”

Ölkədə yeni siyasi şərtlərin yarandığını və bu şərtlərin Azərbaycanda köklü dəyişikliklərə səbəb olacağı barədə danışan AXCP sədri, “Azərbaycan xalqı artıq lənətlənmiş dairədən çıxıb” deyərək, bildirdi ki, artıq bütün xalq anlayıb ki, seçkilərin fiksiya olduğu bir yerdə dəyişiklik üçün seçkidən seçkiyə gözləməyin mənası yoxdur: “Ölkədə dəyişikliyə nail olmaq üçün hər gün hazırlaşmaq lazımdır. Seçkiləri gözləmək yox, gətirmək lazımdır. Onu yaxınlaşdırmaq üçün hər cür fürsətdən istifadə etmək lazımdır”.
Əli Kərimlinin sözlərinə görə, beynəlxalq siyasətdə də çox şeylər Azərbaycan xalqının maraqlarına uyğun dəyişib.  Indi beynəlxalq aləm üçün demokratiya iqtisadi və təhlükəsizlik məsələlərindən öndədir. Liviya haqda BMT-nin qərarını yüksək dəyərləndirən Əli Kərimli dedi ki, bu, xalqa güc işlədən rejimlərə qarşı verilən ilk qərardır: “Ərəb dünyasında baş verənlər göstərdi ki, avtoritarizm sabitlik üçün qarantiya ola bilməz, çünki o özü barıt çəlləyidir. Hər zaman partlaya bilər”.

2 aprel mitinqindan başlanacaq yol

“Azərbaycanda köklü dəyişiklik baş verəcək, ancaq bu, asan qələbə olmayacaq. Mən sizi asan qələbəyə hazırlamaq istəmirəm. Tarix göstərdi ki, ən çürümüş rejimlərə qarşı ümumxalq mübarizəsi olmasa, qələbə əldə etmək mümkün olmur. Amma sizi əmin edə bilərəm ki, Azərbaycanda başlanan yeni hərəkat müəyyən çətinlikləri aşaraq irəliləyəcək. Azərbaycan daha indiyədək olduğu kimi olmayacaq, hər gün addım-addım qurtuluşuna, xilasına yaxınlaşacaq. Aprelin 2-də başlanacaq proses isə Azərbaycanı köklü dəyişikliklərə gətirib çıxaracaq”.

Xilasımız sülalə hakimiyyətinin gedişi ilə olacaq

Əli Kərimli gənclərin diqqətini hakimiyyətin özlərinə yaxın KIV-də şər-böhtan kampaniyasına qarşı aktiv mövqe tutmağa səslədi. Dedi ki, hakimiyyət mübarizəyə xələl gətirmək üçün müxalifət daxilində yarış və intriqa görüntüsü yaratmaq istəyir. Lakin, cəbhəçi gənclər və başqaları da bilməlidir ki, müxalifət partiyaları arasında “kim birincidir, kim ikinci” müzakirəsi getmir: “Biz hər kəsə mübarizəmizin aydın mesajını çatdırmalıyıq. Bu mesaj ondan ibarətdir ki, biz hakimiyyət uğrunda yox,  ölkənin xilası uğrunda mübarizə aparırıq, 42 illik sülalə hakimiyyətindən xilas olmaq istəyirik”
2 aprel aksiyasında gənclərdən böyük gözləntisinin olduğunu deyən AXCP sədri, onları fəal mübarizəyə, Azərbaycan dövlətinə sahib çıxmağa səslədi.

Mübarizə qələbə ilə bitəcək

Daha sonra AXCP sədrinin müşaviri Asif Yusifli çıxış etdi. O, daha çox 2 aprel mitinqində gənclərin vəzifələrindən danışdı və mitinqin əsas şüarı kimi “Istefa” şüarının seçilməsini təklif etdi. Bundan sonra səsi zalı götürən “Istefa”, “Istefa” sədaları gənclərin onunla razılaşdığının əlaməti idi.
ADP və VHP gənclər təşkilatlarının rəhbərləri Cəmil Hacıyev və Samir Əsədli Azərbaycanda gəncliyin dözülməz şərtlər altında yaşadığını çıxışlarında vurğuladılar. Onlar da 2 aprel ümumxalq mitinqində iştirak edəcəklərini və prosesin qələbə ilə nəticələnəcəyinə inamlarını ifadə etdilər.
Tədbirdə an maraqlı və coşğu ilə müşayiət olunan çıxışı isə satirik şair Mirzə Sakit etdi. Yüksək emosiya ilə danışan şair Əliyevlər rejiminə qarşı qələmə aldığı bir neçə şeir söyləməklə, görüş iştirakçılarının gur alqışlarını qazandı. Yaşının çox olmasına rəğmən özünü kifayət qədər gümrah hiss etdiyini deyən Mirzə Sakit, gənclərlə birlikdə 2 aprel mitinqilə başlayacaq mübarizənin önündə olacağına söz verdi. 
Cəbhəçi gənclər Elçin Həsənov, Ilham Hüseynli və Elnur Məcidli də çıxışlarında mübarizənin ən ön sıralarında olacaqlarını vurğuladılar. Gənclər ölkədə dəyişikliyin artıq labüd olduğunu qeyd edərək, heç bir qüvvənin onları mübarizədən yayındıra bilməyəcəyini də ifadə etdilər.

Yeni üzvlər

Tədbirin sonunda AXCP GK-nin fəaliyyətini əks etdirən video-slayd göstərildi. Daha sonra isə partiyaya yeni qəbulların olduğu açıqlandı və 40 yeni üzv gəncə AXCP sədri Əli Kərimli partiya vəsiqələrini təqdim etdi.

Natiq