Seymur Həzinin alçaqcasına oğurlanaraq döyülməsindən sonra daxili işlər naziri Ramil Usubovun tələm-tələsik bir neçə media nümayəndəsi ilə görüşməsinə təəccüblənmədim. Bu həssaslığın əlbəttə, ən mühüm səbəbi demokratik dünyaya Azərbaycandakı rejimin jurnalistlərə qarşı hücumlara “operativ reaksiya” verdiyi görüntüsü yaratmaqdır.
Bununla ölkənin özündən və Qərbdən gələn təpkiləri yumşaltmaq istəyirlər. Işin içindən sivişib çıxmaq istəyirlər. Saxta bir canıyananlıq nümayiş etdirmək istəyirlər. Şübhələri üzərlərindən qovmaq istəyirlər.
Hakimiyyətdən belə boğazdanyuxarı həssaslıq əlbəttə, gözləniləndir. Bunda təəccüblü heç nə yoxdur. Hər halda çıxıb “oğurlamışıq, döymüşük, əcəb eləmişik, əlimizin içindən gəlib” deyəsi deyillər. Heç tüklərini tərpətməsələr, daha pis – belədə də jurnalist oğrularının, jurnalist canilərinin özləri olduğunu sakitcə qəbul etmiş olacaqlar. Ona görə də ən yaxşısı belə saxta canıyananlıq göstərməkdir.
Mənim anlamadığım şəxsiyyətlərinə və davranışlarına sayğı duyduğumuz bəzi dostların da bunun fərqində ola-ola Usubov cənablarının kabinetinə təşrif buyurmağı özlərinə rəva görməsidir. Beləcə, hakimiyyətin özünü demokratik dünya qarşısında təmizə çıxarmaq üçün qurduğu ssenarini legitimləşdirməyə yardımçı olmalarıdır. Nə ehtiyac var buna? Guya nəyi dəyişəcək bu? Kimdən kimə şikayət edirik?
Elmar öldürüləndə bunların böyüyü mərhum həmkarımızın atasını qəbul edib, 40 günə qatilləri tapacağına söz vermədimi? 40 gün az qalır 4000 gün olsun, ortada hansı nəticə var? Əksinə, Ilham Əliyevin həmin vədindən sonra jurnalistlərin başına gəlməyən qalmadı: ayağı üstündən maşın sürülən kim, başına armatur endirilən kim, üzünə qız durğuzulan kim, cibinə nəşə atılan kim, bıçaqlanan kim… Hələ bir də Eynulla faktı var, deyiləsi deyil.
Indi siz nə gözləyirsiniz? Gözləyirsiniz ki, Ilham Əliyev sözünü tutmadı, Ramil Usubov tutacaq?
Mən inanıram ki, Seymurla bağlı baş verən şərəfsiz hadisənin hesabını sorğulayacaq hər kəsə bundan sonra bu rejim ictimaiyyət nümayəndələrinin Usubovla görüşünü göstərəcək, “baxın, – deyəcəklər, – biz bu cinayətin üstünü açmaqda ən azı azad media qədər, ictimaiyyət nümayəndələri qədər maraqlıyıq”.
Əlbəttə, bu, ortadakı həqiqəti dəyişməyəcək, arxadaşımızı oğurlayıb döyənlərin hakimiyyət bulağından su içdiyi gerçəyinə kölgə salmayacaq, amma rejimin bir yerlərdə özünü təmizə çıxarması, şirin göstərməsi üçün alət rolu oynayacaq. Ona görə də çalışıb hakimiyyətin əlinə belə fürsətlər verməməliyik. Onların özlərini xalqa və demokratik dünyaya “çiçi” göstərmələrinə yardımçı olmamalıyıq.
Əksinə, hər kəsə nümayiş etdirməliyik ki, bizim bu rejimdən artıq heç bir yaxşı gözləntimiz yoxdur. Onlara zərrəcə inamımız qalmayıb. Onlardan hüquq adına, ədalətin bərpası adına heç nə ummuruq.
Ən əsası, sübut etməliyik ki, onlarla söhbət etmək mümkün deyil, onlarla danışmaq mümkün deyil, fikir alış-verişi etmək mümkün deyil, elə ona görə də bizim qarşımıza dildən pərgarları, ağıldan qüvvətliləri yox, qoluzorluları göndərirlər.
Artıq iş-işdən keçdi, zamanın təkərini geri fırladıb Usubovla görüşü silmək mümkün deyil. Inanaq ki, bundan sonra olmaz.
Anar Rzayev bizi hansı haqla suçlayacaq?
Bütün Azərbaycanı bir “Şöhrət” ordeninə dəyişib, sonra da “Qarabağın bir kəndini 10 Nobel mükafatına dəyişmərəm” deyə bilən AYB sədri Anar Rzayev azad yazarları nədə günahlandırırdı? “Bunlar mənim qanımı içməyə hazırdı” demirdimi? Deyirdi. “Bunların məqsədi məni çərlədib öldürməkdir” demirdimi? Deyirdi. “Bunlar mənim axırıma çıxmasalar, rahat olmayacaqlar” demirdimi? Deyirdi.
Həmin bu Anar Rzayevin mətbuat xidməti bir neçə gün əvvəl şair Məmməd Aslanın ölümü barədə xəbər yaydı. Xəbərin üstündən bir gün sonra Məmməd Aslan çıxdı,
məlumatı yalanladı, bunu yayanları lənətlədi.
Məncə, şərhə ehtiyac yoxdur. Azad yazarlarla Anarın müqayisəsində kimin kim olduğu bütün çılpaqlığı ilə ortaya çıxmışdır.