Lənkəranda şərlənərək həbs edilən Müsavat başqanının müşaviri Yadigar Sadıqlıya dünən prokuror 7 il həbs cəzası istəyəndə bu amansız ittiham ah-nalə formasında sosial şəbəkələrə düşmüşdü.
Mən “ahh” çəkmədim, “əhsən” dedim.
7 il həbs cəzası çoxdumu? Il olaraq çoxdu, Yadigar bəy üçün isə cəza olaraq azdı. Yadigar Sadıqlıya 7 il istədikləri üçün ahu-zar etmək lazım deyil.
Ona, əksinə, az iş istəsəydilər, təəccüblü olardı. Bu az işin rezonansı da az olacaqdı, hakimiyyət də öz məkrli niyyətini belədə rahat gizlədə biləcəkdi.
Indi isə 7 il! Və hamı boylanır, axtarışa çıxır, 7 il… Bu ki zülmdü… Niyə ona qarşı belə qəddarlıq edirlər? Bu tipli suallar cəmiyyətin zehnini açır. Və bəlli olur ki, mədəni bir müəllimi, ancaq siyasi düşüncəsinin fərqliliyinə görə lümpen birinin əli ilə şərləyib həbsdə çürütmək istəyirlər.
Yadigar Sadıqovla maraqlanan, onun şəxsiyyətilə tanış olan hər kəs görəcək ki, bu adamın dərdi-səri xalqın rifahı ilə bağlı olub. O, ölkədə yalan və talanın davam etməməsini istəyib, yaxşı təhsil, keyfiyyətli səhiyyə arzusunda olub, oğruya “oğru” deyib və bütün bunlara görə də tutulub.
Indi siz deyin, bu mənzərə daha çox kimin işinə xeyirdir?
Ilham Əliyev və onun kriminal dəstəsininmi?
Belə düşünmürəm.
Hər belə hadisə cəmiyyətin təfəkkürünü yeniləyir, hakimiyyətin azğın təbiətini ifşa edir.
Bəli, biz ümumi hərəkatı, müqavimətin, mübarizənin taleyini düşünürük və deyirik ki, nə qədər yadigarlar çox olsa, o qədər yaxşıdır. Yadigar bəyin və onun kimi məhbəs həyatı yaşayan mübariz insanların, onların doğmalarının iztirablarını, əzablarını yaxşı dərk edirəm. Amma nə edəsən, bu iş cəfa istər, fədakarlıq istər.
Seyid Kutub necə yazmışdı: “Bizim yol tikanlıdır, ayaqlarını sevən gəlməsin”.
Mübarizə insanı kəsə yol axtarmamalıdır, bu yolu seçən heç kəs özünü aldatmamalıdır. Xüsusən, bizdəki kimi avtoritar, zalım rejimlərlə mübarizə iki-üç qat fədakarlıq, dözüm istəyir.
Bu, çətin yoldur, amma ruh üçün ən rahat yoldur.
Əmin olmaq lazımdır, Əliyev rejimi tezliklə ömrünü rüsvayçı qaydada başa vuracaq. O zaman indiki kimi olmayacaq, insanlar bir qarın çörəyin giriftarı olub, ancaq maddiyyatla uğraşmayacaqlar, mənəvi məsələlər gündəmdə olacaq, cəmiyyətin özü-özünü mühakimə etməsi başlayacaq. Onda çoxları öz övladlarının və vicdanlarının sərt sualları ilə üzbəüz qalacaq. Bu suala necə cavab verəcəyinizi indidən düşünün: “Ata, ana, düzdümü ki, Ilham Əliyev nəvəsi yaşda uşaqların cibinə nəşə atdırıb tutdururmuş?; ”Ata, ana, düzdümü ki, Əliyevin vaxtında nazirlər, məmurlar eyş-işrət içində harın həyat sürərkən, sadə xalq diziyamaqlı şalvara həsrət qalmışdı?..”
“Yox” deyə bilməyəcəksiniz belə sualların cavabında. Bəs “ata, ana, sən o əclaf zamanlarda müqavimət adına nə iş görürdün?” sualına cavabınız olacaqmı?
Yadigar bəy üçün “ah” çəkənlər güman edirəm ki, Sokratın edama aparılma səhnəsindən də xəbərsizdir.
Sokratın edama aparıldığını görən bir qadın ağlayaraq qışqırır:
– Ah, necə böyük dərddi. Onlar səni öldürmək istəyir. Ancaq sən ölümə layiq deyilsən.
Sokrat cavab verir:
– Sən istəyirdin ki, mən ölümə layiq olum?
Xülasə, Ilham Əliyevin Yadigar Sadıqlıya 7 il iş sifariş verməsi dərd deyil, iraq olsun, birdən onu Ilham Əliyev özünə dost elan edərdi…
Bax, onda küməmiz yıxılmışdı.
Bir söz də deyim. Hardan oxuduğumu unutmuşam, müəllif yazırdı ki, biri günahsızı öldürəndə biz həlak olana acıyırıq, amma unuduruq ki, ölən rəhmətə qovuşdu, bu birisi isə ölənə qədər lənət üstündə gəzən qatil sayılır, öləndən sonra isə başına nələr gələcək, hamı təsəvvür edir.
Yadigar bəy üçün təsəlli olaraq yazmadım bunları, “qatillərə” xatırlatma olaraq yazdım.