Türkiyədəki rüşvət və qaçaqmalçılıq olayları daha bir qamışın dil açmasıdır. Həm də bizim padşahlığın buynuzlarını xəbər verdi. Eynən Isgəndərin buynuzu haqda xalq nağılında olduğu kimi. Yəqin Türkiyədəki olayların axarında hələ çox şeylər açılacaq.
Bu hakimiyyətdəkilər xalqa nağıl uydurmağa o qədər aludə oldular ki, Isgəndərin buynuzu barədə nağılı da yaddan çıxardılar. Indi də hər yandan sirləri, gizli əməlləri açılıb üstlərinə gəlir. Hər yanda bir qamış danışır bunlar barədə. Bu uzun illərdə özlərini yerin-göyün sahibi sayıb istədiklərini ediblər, amma yaddan çıxarıblar ki, nəinki yerin dibi, heç göyün üzü də sirr saxlamır. Nyutonun ümumdünya cazibə qanuna və şairlərdən birinin məşhurlaşan misrasına görə, göy üzü necə daş saxlamırsa, sirr də məhz o cür haradasa dayanıb qalmır, daş olub düşür onu gizlədənin başına.
Bir neçə il öncə Avropadan olan proqramçılar (onları ictimai maraqlara xidmət edən mülki hakerlər adlandırırlar) Panamada və bir neçə digər offşor zonada dövlət qeydiyyatı idarəsinin məlumat bazalarını ələ keçirdilər. Daha sonra bu məlumatları yeni yaradılmış bir saytda yerləşdirib açıq hala gətirdilər. Orada çox ölkələr barədə sirlər var. Hamıya da açıqdır. Əliyevlər ailəsinin gizli biznesi haqda jurnalist araşdırmaları, xüsusən də, Xədicə Ismayılın araşdırmaları məhz bundan sonra yarandı. Bəziləri qəsdən, bəziləri də bilməyərək “Xədicə Ismayıla ABŞ-dan məlumat ötürdülər” deyəndə Isgəndərin buynuzu barədə nağılı unutmuşdular. Qamış danışır. Offşor zonaların məlumatlarının açıqlanması elə həmin qamış idi. Ağıl və cəsarət olmalıdır ki, bu qamışı tütək etməyi bacarasan.
Bir də baxdıq ki, Londonda da qamış bitdi – orada bir nazirin mülki tapıldı. Bir də gördük, Çexiyada qamışlıq dilə gəlib, bu hakimiyyətə bağlı adamların məhəllə-məhəllə mülkləri barədə söz açır. Başqa bir qamış təsadüfən diqqətləri qızıl yataqlarına apardı, digəri bizə söylədi ki, paytaxtımızın avtovağzalı Vircindəki bir özəl şirkətə məxsusdur.
Sonra qamışlar daha uzağa getdi, danışmaqla kifayətlənməyib, Gülər Əhmədovanın və onun timsalında bu hakimiyyətin nə ilə məşğul olduğunu göstərə bildilər, gözlə görünən etdilər…
Dövlət Neft Şirkətində isə neft buruqlarının ətrafında çoxlu qamış bitir və həmin qamışlar Anar Əliyev adlı bir qəhrəmanın dastanının söylədi bizə…
Bütün bunlar kiminsə kimisə ifşa etməsi deyil. Bütün bunlar sadəcə, o nağılda olduğu kimi, qamışın dil açmasıdır. Türkiyədə keçirilən əməliyyatlar Azərbaycana hədəflənməmişdi, amma axıracan gedilsə, əngəllərlə üzləşməsə, tezliklə Azərbaycandan çox buynuzları aşkar edəcək. Başqa ölkələri də əhatə edə bilər və yaxud başqa ölkələrdə də bu cür olaylar baş verə bilər. Baş verəcək də!
Sirlər açılmaya bilməz. Türkiyənin baş naziri R.T.Ərdoğan Istanbulun bələdiyyə başqanı olanda şəhərin zibildən təmizlənməsi tenderini özünə yaxın olan birinə vermişdi və bunu bütün Türkiyə bilirdi. Ərdoğanın bu sövdələşmədən böyük pullar qazandığına şübhə etmirdilər. Indi də başqa zibillər ortaya çıxır. Bəlli oldu ki, ətrafı da zibilin içindədir. Dünən xəbər gəldi ki, Ankara bələdiyyə başqanı Məlih Gökçək CHP başqanı Kılıçdaroğlunun SSK müdiri olanda ÿrüşvət aldığını sübut edəcək sənədlərə sahibdir. Iddianın nə ilə bitəcəyi bilinmir, amma zibillər bir-bir ortaya çıxır. Ən dərində gizlədiləni də.
Bunlar Türkiyədə baş verir. Az-çox demokratiyası olan, mediası daha azad, məhkəməsi xeyli müstəqil olan bir ölkədə. Korrupsiya Azərbaycanda Türkiyədəkindən qat-qat çoxdur. Hətta bəzən gizlədilmir də. O dərəcədə ki, Azərbaycanda məmurlar paket maaş alırlar, yəni rüşvət qazanından açıq şəkildə pay alırlar. Hamı bilir ki, böyük şirkətlər hakim ailəyə və Ilham Əliyevin ətrafına bağlıdır. Çox şeylər açılıb da.
Amma hələ açılacaq o qədər gizlinlər var ki!
Onlar da açılacaq – ağlımıza gəlməyənlər belə! Çox oğurluqlar, çox cinayətlər aydınlaşacaq. Qamışlar hamısını danışacaq.