Odisseya. Dan yeri

“Bu gün Liviyada baş verənlər – ABŞ-NATO güclərinin diktatura üzərinə birbaşa yürüşü – ortadakı qarşısıalınmaz demokratikləşmə proyektinin açıq görsənişidir. Koalisiya güclərinin Liviyadakı hərbi operasiyaya kod adı elə-belə verilməyib: ”Odisseya. Dan yeri”. Odissey Homerin bəlli poemasında Troya savaşının baş alpıdır. Uzun çəkən yolçuluqla bağlı belə deyilir: Odisseya! ABŞ uzun çəkəcək demokratikləşdirmə yolçuluğuna çıxıb…”.

Yazını özümdən sitat gətirməklə başladığıma görə oxucular məni bağışlasın – belə gərək oldu. Bizdə bioqrafiya faktoru elə də urvatlı tutulmur. Bizim böyük yanlışlarımızdan biri! Məncə, adamları daha çox bioqrafiya faktına görə dəyərləndirmək gərəkdir. Hər bir kimsə hardasa, haçaqsa yanlışa yol verə bilər, nəyisə düz eləməyə bilər – bunu ona keçmək olar. Ancaq əyriliklər, sapıntılarla dolu bioqrafiya faktını kimsəyə keçmək, bağışlamaq olmaz.

“Güclə demokratiya dönəmi” (“Azadlıq”, 27.03.11.) yazısı bir sıra oxucularda, ən başlıcası, bir sıra jurnalistlərdə, siyasətçilərdə protest reaksiyası doğurub. Onların düşündüyünə görə, mən – bir belə analitik yazılar yazan, çoxlu doğrulan proqnozlarla çıxış eləyən kimsə – Batı dünyasının Liviya üzərinə yürüşünü düzgün anlamıram, gizlində nə amac güdüldüyünü, başqa cür desək, Batının başlıca istəyinin neft-qaz resursları ilə zəngin bir ölkəni ələ keçirmək olduğunu bilmirəm. Bu sayaq reaksiyalara reaksiya olaraq başlanğıcda özümdən sitat gətirdim. Nəsə qaranlıq qaldımı? Sözsüz, qaldı. Elə o reaksiyalar da belə qaranlıqlardan doğur. Dərininə gedilsə, qaranlıq qalacaq nəsə yoxdur.

Barak Obama Konqresin Liviya üzərinə yürüşlə bağlı təpkilərinə qarşı belə bir arqumentlə çıxdı: “Biz orada ölkəmizin maraqlarını, dəyərlərimizi qorumağa çalışırıq”. Yığcam, ancaq xeyli  dolğun, aydın anlatma! Obamanın indi anlatdığını mən bir neçə gün qabaq yuxarıda verdiyim sitatla anlatmağa çalışmışdım. Anlaşılmadı. Onda, Odisseyanın nə olduğunu daha geniş anlatmaq gərəkir.

Homerin “Iliada”, “Odisseya” poemalarında uzun sürən Troya savaşından danışılır. Bu savaş nədən yaranır? Homerin bildirdiyinə görə, Troya savaşının yaranmağı kosmik olaylarla bağlı olub. Mifik baxışlara görə, Troya savaşı Göylərdən sanksiyalaşdırılıb. Troya Kiçik Asiyanın quzey-batısında çox zəngin bir ölkə olub. Miflərə görə, Yer üzündə adamlar çox artıbmış, qıtlıq yaranırmış. Adamların sayını azaltsın deyə super Tanrı Zevsə üz tutur. Zevs bu çağırışı eşidərək yunanlarla troyalılar arasında savaşı sanksiyalaşdırır (Oxşarlığa baxın!).

Yerlə bağlı savaş nədəni belə olur: troyalı çar oğlu Paris Sparta çarı Menelayın arvadı gözəl Yelenanı qaçırdır. Bu fakt yunanlarla (Batı!) Troya (Doğu!) arasında uzun bir savaşa gətirib çıxarır. Ancaq, bir daha vurğulamaq gərəkir: savaşın başlıca nədəni savaş yolu ilə Doğunun zənginliklərini ələ keçirmək olur. Troya savaşı, miflərə görə, on il çəkib. Savaşın belə uzun sürməsi troyalılardan daha çox yunanların özləri ilə bağlı olub. Başlıca komandanlar (indilikdə dövlət başçıları) əldə etdikləri, əldə edəcəkləri ilə bağlı uzlaşmaya gəlməkdə çətinlik çəkirlər. Buna görə savaş uzandıqca uzanır.

Troyalılar ölkələri uğrunda ölüm-dirim savaşına qalxırlar. Yunanlar (batılılar) tezliklə öz aralarında dil tapıb güclənsələr də, Troyanı yenə də yenə bilmirlər. Onda onlar kələyə əl atırlar: taxtadan at düzəltməklə. “Atın” içində beş-on əsgər gizlədərək özlərini çəkilib getmiş kimi göstərirlər. Troyalılar bu yalançı atı çəkib qalanın içinə aparmaqla öz başlarına iş açırlar. Gecə atın içindən çıxan əsgərlər qala qapıların açır, yunan qoşunu qalaya doluşur. Odissey yunan-troya savaşının başlıca alplarındandır. Obama “maraqlarımız” deyəndə bəlli resurslar, “dəyərlərimiz” deyəndə demokratiya anlaşılır.