Saraysız, kortejsiz, dəbdəbəsiz prezident

Uruqvay prezidenti Xose Muxika dünyanın ən kasıb dövlət başçısıdır

Əgər kimsə sərt qənaət dövründə şəxsən asketizm nümunəsi göstərdiyi ilə öyünə bilərsə, bu şübhəsiz ki, Uruqvay prezidenti Xose Muxikadır. Bu şəxs dövlət sarayından imtina edərək fermer evində yaşayır, öz gəlirlərinin böyük hissəsini sosial layihələrə xərcləyir, ekonom-klassda uçur və köhnə Volkswagen Beetle-də gəzir.

Keçmiş partizan ”kasıb” statusu ilə razılaşmır

Partizan hərəkatının keçmiş iştirakçısı onu “dünyanın ən kasıb prezidenti” hesab edənlərin narazılığına səbəb olur. Ancaq digər insanların da sadə həyat tərzi sürməsinin tərəfdarı olan 78 yaşlı lider siyasət aləmində kifayət qədər təcrübəyə malik olduğundan kimin üçünsə davranış modeli olmağın mənasız olduğunu yaxşı bilir.
“Əgər insanlardan mənim kimi yaşamağı xahiş etsəydim, onlar məni öldürərdi” – bunu Muxika Montevideo yaxınlığında xrizantema sahəsinin ortasında yerləşən kiçik evində jurnalistlərə müsahibəsi zamanı deyib.
Uruqvay prezidenti keçmişdə Tupaparos partizan hərəkatının üzvü olub. Bu hərəkat 1970-ci illərdə bankların qarət edilməsi, adam oğurluğu və oğurlanan ərzaqların, pulların kasıblara paylaması ilə məşhurlaşıb. Gələcək prezident altı dəfə polislə toqquşmada yaralanıb, 14 il həbsxana həyatı yaşayıb. Həbsdə olarkən uzun müddət qeyri-insani şəraitdə yaşamaq məcburiyyətində qalıb. 2010-cu ildə Uruqvay prezidenti vəzifəsinin icrasına başladığı andan o bir çox ölkənin nümayəndələrinin rəğbətini qazanıb. Buna səbəb isə dəbdəbədən uzaq durması, abort və çətənənin leqallaşdırılması siyasətini yürütməsidir. Bütün bunlar Uruqvaya Cənubi Amerikanın ən liberal ölkəsi adını qazanmaq imkanı verib. Muxikanın ünvanına siyasi spektrin müxtəlif tərəflərindən təriflər gəlir. Bəlkə də o dünyada Daily Mail nəşrinin təriflədiyi yeganə adamdır. Muxikanı ən etibarlı və xarizmatik lider adlandıran nəşr “nəhayət ki, öz xərclərində şəffaf olan siyasətçi ortaya çıxıb” yazıb.

Prezidenti iki mühafizəçi və axsaq it qoruyur

Ancaq Pepe adı ilə tanınan prezident iddia edir ki, onu kasıb adlandıran adamlar var-dövlətin mahiyyətini düzgün anlamır. “Mən ən kasıb prezident deyiləm. Ən kasıb – yaşamaq üçün daha çox şey istəyənlərdir. Mənim həyat tərzim yaralarımın nəticəsidir. Mən tariximin oğluyam. Əvvəllər sadəcə bir döşəyim olduğuna görə özümü xöşbəxt hiss edirdim”, – deyir Muxika.
Muxika evində həyat yoldaşı, konqress üzvü, bir müddət əvvəl prezident səlahiyyətlərini icra edən Lisuya Topolanski ilə yaşayır.
Evin təhlükəsizliyini yol kənarında dayanan avtomobildə oturan cəmi iki mühafizəçi və Manuela adlı axsaq it qoruyur.
Ilk baxışdan Muxika qeyri-eleqant adam təsiri bağışlayır. Bu qalın qaşlı fermeri evində nimdaş geyim və köhnə ayaqqabıda görmək olar. Ancaq onunla söhbət zamanı necə səmimi, insanlığın potensialına inamı olan idealist insan olduğunu üzə çıxır. Onun sadə evindən kənardakı dünyadan bezdiyini də anlamaq olur. Muxika regionun ən təhlükəsiz və korrupsiyadan uzaq olan vətəni il fəxr edir və Uruqvayı “dəlilər dünyasında qaçqınlar adası” adlandırır.
Uruqvay öz sosial ənənələri ilə öyünür. Hökumət bir çox zərüri hesab olunan ərzaqların qiymətini müəyyən edir, hər uşağa pulsuz təhsil və kompüter verir. Əsas enerji və telekommunikasiya sahələri milliləşdirilib. Muxikanın sələfi dövründə Uruqvay tütün məmulatlarının istifadəsini qadağa cəhdlərinə görə dünyada birinci yer tutub. Bu yaxınlarda Uruqvayda ən radikal qanun layihəsi qəbul olunub. Qanuna görə, dövlət leqal şəkildə çətənə istehsal edə, bölüşdürə və sata bilər.
Digər mütərəqqi qanunlarla yanaşı bənzər addımlaar Uruqvayın liberal dövlət kimi nüfuzunu artırıb. Ancaq Muxika eynilə “ən kasıb prezident” adı ilə yanaşı bu yanaşma ilə də razı deyil. “Mənim ölkəm çox açıq deyil. Bu addımlar tam məntiqlidir. Narkotikin leqallaşdırılmasına gəldikdə, burda söhbət liberal dövlət olmaqdan getmir. Biz sadəcə istəyirik ki, narkomanlar gizli dilerlərin xidmətindən istifadə etməsin. Ancaq əgər onlar narkotik istifadəsi normalarını aşsalar, çəkmək hüquqlarını məhdudlaşdıra bilərik. Eynilə alkoqolla olduğu kimi. Əgər günə bir butulka viski içirsinizsə, sizə xəstə adam kimi yanaşmaq lazımdır”, – deyə prezident müsahibələrinin birində deyib.

Dünya ilə ayaqlaşmaq məcburiyyəti

Prezidentin fikrincə, Uruqvay cəmiyyətinin yaxşılaşdırılması imkanları dünya kapitalının gücü ilə məhdudlaşdırılıb. “Bütün bunlardan, yəni vəziyyətin belə olmasından yorulmuşam. Elə bir dövrdə yaşayırıq ki, bazarın məntiqinə etinasız yanaşmaq sadəcə mümkün deyil. Müasir siyasət qısamüddətli praqmatizm üzərində qurulub. Biz din və fəlsəfədən üz döndəririk. Görə biləcəyimiz yeganə iş bazarın diqtə etdiyi hərəkətlərin avtomatikləşdirilməsidir”, – deyə prezident qeyd edir.
Uruqvay prezidenti qənaətlə yaşayır və öz siyasətində bərpa olunan enerji mənbələrinin istifadəsi və tullantıların emalı ideyasını önə çəkir. 2012-ci ildə BMT-nin təşkil etdiyi Rio-20 konfransında o istehlakın artırılması yolu ilə iqtisadi artıma nail olmaq ideyasını kəskin tənqid edib. Ancaq Uruqvay iqtisadiyyatının ildə 3 faiz artıma nail olduğunu nəzərə alaraq Muxika həvəssiz də olsa maddi ekspansiya ideyasını irəli çəkməli olduğunu etiraf edir. “Mən prezidentəm. Yeni iş yerlərinin yaradılması və yeni investisiyalar üçün mübarizə aparmalıyam, çünki insanların tələbatları artır” – deyir Muxika. “Mən istehlak səviyyəsini artırmağa, ancaq eyni zamanda səmərəsiz istehlakın səviyyəsini azaltmağa çalışıram. Pulun, ehtiyatların, vaxtın faydasız xərclənməsinin əleyhinəyəm. Biz uzun müddət qala biləcək şeylər yaratmalıyıq. Bu ideal vəziyyət olardı, ancaq onu həyata keçirmək çətindir. Çünki biz yığım dövründə yaşayırıq”.
Bu ziddiyyətlərin həllini nədə görməsi barədə suala cavab olaraq Muxika etiraf edib ki, onun buna cavabı yoxdur. Ancaq keçmiş marksist kimi əlavə edib ki, belə həllin axtarışı siyasətdə olmalıdır. “Bu gün biz demək olar ki, hər şeyi emal edə bilərik. Əgər əlimizdə olan vəsaitə uyğun yaşasaq, qənaətçil olsaq, planetimizdə yaşayan 7 milyard insan istədiyi hər şeyə malik olardı. Qlobal siyasət məhz bu istiqamətdə inkişaf etməlidir”, – deyə prezident əlavə edib. “Ancaq biz insan növü kimi yox, xalqlar və dövlətlər kimi düşünürük”.
“Dünyanın hər zaman inqilaba ehtiyacı olacaq”
Muxika və həyat yoldaşı böyük həvəslə Çe Gerava ilə görüşləri barədə danışırlar. Bundan əlavə, prezident ehtimal edir ki, o Mao Dzedunla görüşən və hakimiyyətdə olan sonuncu liderdir. Həmçinin Braziliya, Türkiyə, Misir və digər ölkələrdəki son təlatümlərə görə qarışıq hisslər keçirir. “Dünyanın hər zaman inqilaba ehtiyacı olacaq. Ancaq inqilab heç də həmişə atışma və zorakılıq demək deyil. Inqilab – sizin düşüncənizin dəyişməsidir. Vaxtilə konfusilik və xristianlıq da inqilabi görünürdü”, – deyir Muxita.
Bununla belə o təşkilində sosial şəbəkələrin böyük rol oynadığı nümayişlərə şübhə ilə yanaşır. Prezident hesab edir ki, bu nümayişlər ciddi nəticəyə nail olmadan əhəmiyyətini itirir. “Güman ki, bu etirazçılar son nəticədə çoxmillətli təşkilatlara işləyəcək və müasir xəstəliklərdən öləcəklər. Ümid edirəm ki, düşündüyüm səhvdir”. 

Həyat yolu – yaralanmalar, həbs və prezidentlik

1969-cu il: Tupamaros inqilabi qrupunun fəal üzvü. Bu qrup avtofurqon və bankları soyub ərzaq və pulları kasıblara paylamaqla Robin Qud işinin davamçısı reputasiyasını qazanıb.
1970-ci il: Ilk dəfə həbs olunub. Punta-Karretas həbsxanasından qaçır. Xüsusi xidmət orqanları əməkdaşları ilə çoxsaylı toqquşmalarda bir neçə dəfə yaralanır.
1972-ci il: Yenə həbs olunur. 10 ildən artıq müddət həbsxanada qalır. Həbsdə olduğu vaxtı iki il tək şaxtanın dibində saxlanılıb. Dəli olmamaq üçün ordakı qurbağalar və həşaratlarla söhbət etdiyini deyir.
1985-ci il: Uruqvayda konstitusiya monarxiyası bərpa olunur və Muxika amnistiya nəticəsində həbsxanadan azad edilir.
1994-cü il: Deputat seçilir və parlamentin binasına Vespa skuterində gəlir. Bundan təəccüblənən dayanacaq işçisi Muxikadan – “uzun müddətə gəlmisiniz” soruşduqda gələcək prezident “ümid edirəm uzun müddətə” cavabını verir.
2009-cu il: Prezident seçkilərində qələbə qazanır. Qələbə qazandığı gün yeganə sözü bu olur –  “Bütün bu boş sözlərə baxmayaraq dünya dəyişməyəcək”. Öz siyasətində Muxika daha çox sol mərkəzçi administrasiyaların üslubuna yaxındır. Misal kimi Braziliyada Lula, Çilidə Baçeleti göstərmək olar. Uqo Çaves kimi solçu liderlərin üslubundan isə tamamilə uzaqdır.
2012-ci il: BMT-nin konfransındakı çıxışı ilə diqqəti cəlb edir. Muxika çıxışında ətrafı mühitin məhvinə gətirib çıxaran ifrat istehlakla mübarizəyə çağırır. “Buna səbəb bizim yaratdığımız sivilizasiya modelidir. Bu gün biz öz həyat tərzimizə yenidən baxmalıyıq”.
2012-ci il: Prezident sarayının evsizlər üçün sığınacaq olduğunu bəyan edir. həmin vaxt Muxika artıq Motevideo yaxınlığında kiçik fermer evində yaşayırdı.
2013-cü il: Müxika hökuməti konqresdə narkotikin leqallaşdırılması ilə bağlı dünyanın ən mütərəqqi qanunun qəbulunun qəbuluna nail olur. “Söhbət azad və açıq olmaqdan getmir. Bu tam məntiqli addımdır. Biz istəyirik ki, narkomanlar gizli dilerlərin xidmətlərindən istifadə etməsin”, – prezident parlamentdəki çıxışında deyib.

Fizzə