aliyev-kerimli2

Hakimiyyət başını itirib

İqtidar Əli Kərimlini Əl Qaidə ilə əlaqələndirmək absurduna qədər gedib çıxdı

AXCP: “Bu cür məlumatın yayılması hakimiyyətinin qorxu və isterika içərisində olduğunu göstərir”

 

Hakimiyyət AXCP-yə qarşı yeni qarayaxma kampaniyasına başlayıb. Martın 29-da Trend agentliyi belə bir uydurma yayıb ki, guya AXCP sədri Əli Kərimli İrana  bağlı şiə məzhəbli dini qruplaşmalarla, eləcə də Hizbullahla, vəhabilərlə, Şimali Qafqazda – Dağıstan və Çeçenistanda vuruşan islamçı partizanlarla, hətta Əl Qaidə-nin nümayəndələri ilə ADP-nin iclas zalında görüş keçirir və onlarla 2 aprel mitinqində hansı taktikadan istifadə etməyi məsləhətləşir. Ən gülməlisi isə iqtidar telekanallarının bu dezinformasiyanı tirajlamasıdır.

AXCP bu gülünc iddia ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, hakimiyyət mətbəxində hazırlanan bu dezinformasiya qorxu və isterika nəticəsində yaranıb: “Belə məlum olur ki, Yaxın Şərqdə ərəb diktatorlarının bir-birinin ardınca xalqların təzyiqi nəticəsində çökməsi və Azərbaycanda da rejimə qarşı mübarizənin fəallaşması, İctimai Palatanın isə sosial sifarişi nəzərə alaraq aprelin 2-nə mitinq təyin etməsi hakimiyyəti bərk qorxudub. Hakimiyyət panikaya düşüb və əvvəldən də güclü olmayan məntiqləri tamam pozulub. Ona görə də belə absurd sayıqlamalarla çıxış etməyə başlayıb”.

Bəyanatda qeyd olunur ki, bu qədər, həm də çox fərqli məzhəblərə xidmət edən, bəziləri beynəlxalq axtarışda olan təşkilatın hər hansı radikal dini cərəyanlarla əlaqəsi olmayan AXCP ilə birlikdə mitinq müzakirələri apardığı kimi absurd ancaq başını itirmişlərin ağlına gələ bilər. “AXCP sədri Əli Kərimli martın 29-da ADP-nin iclas zalında əsasən partiya üzvlərindən ibarət olan gənclərlə görüş keçirib. Görüş barədə qabaqcadan elanlar yayılıb və görüş media üçün açıq olub. Görüşdə AXCP-yə yeni qəbul olunan 40 nəfərə vəsiqələr verilib. Görüşdə qonaq qismində ADP-dən, VHP-dən və başqa partiyalardan olan gənclər iştirak edib. Bu səviyyədə keçən görüş barədə belə bir iddia tamamilə absurd, hər hansı məntiqi əsası olmayan dezinformasiyadır”, – deyə bəyanatda bildirilir.
AXCP hesab edir ki, bu cür məlumatın yayılması bir tərəfdən Azərbaycan hakimiyyətinin qorxu və isterika içərisində olduğunu göstərirsə, başqa tərəfdən onun qarşıdan gələn mitinqlərdə, yaranmış yeni mərhələdə zorakılıq elementlərindən istifadə etmək üçün müəyyən zəmin hazırlamaq niyyətindən xəbər verir. AXCP hesab edir ki, iqtidar prosesləri siyasi müstəvidən zor mstəvisinə keçirməyə çalışır.

“Bir daha bəyan edirik ki, keçirəcəyimiz aksiyalar istisnasız olaraq dinc aksiyalar olacaq. Heç bir halda zorakılığa yol vermək niyyətində deyilik. Tərəfdarlarımızı hətta bizə qarşı zorakılıqlar olacaqsa da, buna zorla cavab verməməyə çağırırıq. Hesab edirik ki, belə dezinformasiyalar mitinq iştirakçılarını çəkindirməməlidir. Biz iradəmizlə, əzmimizlə, cəsarətimizlə qalib gələcəyik. Bizim hər hansı zora ehtiyacımız yoxdur. Bizim ən böyük silahımız mübarizə əzmimiz, iradəmizdir. Biz hakimiyyətin qulluğunda duran informasiya vasitələrinin dezinformasiyalarını, şər və böhtanlarını qətiyyətlə rədd edirik”, – deyə AXCP bildirir.