İlham Əliyev ölkəni dağıdır II

1993-dən başlayan ölkəni soyub-yağmalamaqla DAĞITMA sürəci getdikcə genişlənməklə, daha da dərinləşməklə DÖNMƏZ xarakter alıb. Daha geriyə, dəyişib düzəlməyə azacıq da yol, yolağa yoxdur. Ilham Əliyev atasının başladığı sürəci elə yüksəklərə qaldırıb… yol bitib! Bəlli olduğu kimi, yolun bitdiyi yerdə hər şey bitir!

Ata-bala Əliyevlər Azərbaycanı “Əsrin müqaviləsi”ndən  “Şahdəniz”ə gətirib çıxardılar. Olduqca simvolik, simvolik olduğuyca da gerçəkçi bir görsəniş: neftdən gələn milyardlar üzərində onlar Azərbaycanı Respublikadan, monarxiyaya, Prezidentlikdən şahlığa gətirib çıxardılar! Adına “kürü diplomatiyası” deyilən nəsnənin arxasında neftə bağlı böyük DOLLAR DIPLOMATIYASININ dayandığını kim bilmir? Əliyevlərin UĞURLU NEFT-QAZ STRATEGIYASI kommunist şairin bir çağlar dediyini gözümüz önündə danılmaz gerçəkliyə çevirdi: “Almadığı bir qala yoxdur komunistlərin”.

ADR hökumətini yıxmaqla qurulan qaniçən kommunist-bolşevik hakimiyyətinə bənzər bir hakimiyyət quran Əliyevlər yalnız kommunist-bolşeviklərin etdiklərini etməklə qalmadılar, bunlar Almaniyada Hitler faşizminin etdiyini də etmədilər; bunlar ölkə, millət, dövlət üçün daha qorxulu bir yol tutdular: total darmadağın yolu!

Kommunist-bolşeviklər Azərbaycanda millətin adının dəyişdirilməsindən tutmuş, 37 qırğınlarınadək ölkəni çox böyük itkilərə uğratsalar da, ortada böyük quruculuq, bilimsəl – texniki, mədəni yüksəliş faktoru da vardı. Hitler faşizminin isə milləti sağlamlaşdırıb – yüksəltmə proqramı vardı. Əliyevlər rejimi başlanğıcdan milləti əzib-yoxetmə proqramına start verdi. General H.Əliyevin hakimiyyətə qayıdışının ilkin çağlarındakı acıqlı çıxışlarını yada salaq: “Kim olub Məmməd Əmin?”; “Bizim xalqımız vuruşmağı bacarmır”; “Bu xalqı türk adlandırmaq düzgün deyil”. Məhəmməd Əmin Rəsulzadə XX yüzilin başlanğıcında Avropaya, Amerikaya ÖRNƏK olacaq DEMOKRATIK RESPUBLIKA qurmuşdu; Naxçıvanda ermənilərlə separatizm yolu tutulana – “atəşkəs” bağlaşması bağlananadək Azərbaycan bütün Qarabağı erməni terrorçu-separatçılarından arıtmaqla Xankəndinin bir addımlığına gedib çıxmışdı; Azərbaycana yenidən TÜRKLÜK qutu qayıtmış, böyük Milli oyanış, Milli yüksəliş başlamışdı… Bunların hamısı Uğurlu NEFT-QAZ STRATEGIYASINA bağlı çoxillik soyub-yağmalama axarında DARMADAĞIN edildi!

I.Əliyev “Şahdəniz” bağlaşmasını “Azərbaycan üçün tarixi hadisə” adlandırıb. Gerçəkdə isə “əsrin müqaviləsi” kimi bu da Əliyevlər ailəsi üçün “tarixi hadisədir”. Indiki beşilliklərini uğurla başa vursalar, son 20 ildə ölkədən çıxardıqları milyardları daha da artırmaq üçün onlar indiyədək olduğundan qat-qat kəskin soyub-yağmalama siyasəti yürüdəcəklər. Saxta seçkidən sonra daha da qızışan siyasi repressiyalar, bununla yanaşı, rüşvət-korrupsiya, soyğunçuluq-yağmalama görsənişlərinin daha açıq, daha kəskin xarakter alması bunun faktiki gərsənişidir.

I.Əliyev deyir: “Bu layihə (Şahdəniz) Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək”.

Ötüb keçən illərdə neftdən milyardları yalnız bir klanın, bu klana bağlı olanların “uğurlu iqtisadi inkişafına” yönəltməklə ölkəni, BMT göstəricilərinə görə, dünyanın ƏN BƏDBƏXT ÖLKƏLƏRINDƏN birinə çevirən rejim başçısı indiki “iqtisadi inkişaf” çıxışı ilə bir daha xalqı aldatmağa çalışır. Rayonların birində I.Əliyev “zəhmətkeşlər” qarşısında çıxış edərkən demişdi: “Azərbaycanın bütün rayonları dotasiyadadır”. Sözün gerçək anlamında bu, DƏHŞƏTLI faktdır; sovet dönəmində Moskvaya yarınmaq üçün 14 keçici bayraq aldıqları Azərbaycanı görün bunlar indi nə günə qoyublar: 20 illik DARMADAĞIN siyasətləri üzündən bu gün rayonlarımız dotasiya ilə yaşayır. Azərbaycan verimsiz SƏHRA ölkəsi olmadığından bu dotasiya faktı son 20 ildə ölkəmizin gerçəkdən DAĞIDILMASI deməkdir!