İdxalın 42 faizi gizlədilir

Qubad İbadoğlu Gömrük Komitəsinin açıqladığı rəqəmləri real saymır

2013-ci ilin yanvar-noyabrında Azərbaycanın xarici ticarət dövriyyəsi $31 721,8 mln olub. Bu, ötən ilkindən 3,8% çoxdur. Bu barədə Gömrük Komitəsindən «Turan»a bildiriblər. Bu ilin 11 ayında Azərbaycandan $ 22 mlrd məbləğində mal ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 0,46% azdır. İxracın çoxu ($20 333 mln və ya 92,46%) enerji resurslarıdır (xam neft, neft məhsulları, qaz). Qeyri-neft-qaz məhsul ixracı 8,4% artaraq $1 659 mln təşkil edib. İxracda dövlət sektorunun xüsusi çəkisi 93,2%-dir ($20,5 mlrd).

Bu dövrdə ölkəyə $9 728,5 mln məbləğində mal gətirilib. İdxalın 30,9%-i ($3 mlrd) dövlət sektorunun payına düşür.

Xarici ticarət balansının müsbət saldosu $12 264,6 mln olub. Bu il Azərbaycan 148 ölkə ilə ticarət əlaqəsində olub. 2031 adda mal ixrac edilib, 6 051 adda mal idxal olunub. İdxal-ixracla 6627 sahibkarlıq subyekti məşğul olub. Bunun 3 736 616-ı hüquqi şəxsdir, 277 müəssisə dövlət sektoruna aiddir.

Açıqlanan rəqəmlərdən aydın görünür ki, Azərbaycanın ixracında yenə neft və neft məhsulları üstünlük təşkil edir. Bəs bu cür statistik göstəricilər ölkəmiz üçün nə dərəcədə təhlükəlidir? Və yeni zamanda açıqlanan rəqəmlərin dürüstlüyünə inanmaq olarmı? Çünki iki gün əvvəl gömrüklə bağlı ortaya çıxan statistik rəqəmlər bu istiqamətdəki rəqəmlərin reallığı əks etdirmədiyini deməyə əsas verir. Gürcüstan milli statistika orqanının rəqəmlərinə əsasən, 2012-ci ildə qonşu ölkədən Azərbaycana 626.8 milyon dollar həcmində məhsul ixrac olunub. Azərbaycanın statistika qurumu isə həmin məbləği təxminən 5 dəfə az, yəni 129.9 milyon dollar göstərir. Bu isə bir daha Azərbaycanla Gürcüstan arasında ticarət əlaqələrinin şəffaf olmadığını göstərir.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, hesablamalara görə Azərbaycanın idxal dövriyyəsi hər il 43 faiz az qeydiyyata alınır. İdxal ilə bağlı rəqəmlər düzgün göstərilmədiyindən ona görə ümumi dövriyyənin də şübhə yaratdığını deyən Q.İbadoğlu vurğuladı ki, özəl sektorun idxalda payının az olması narahat edici faktordur: «Bir ölkədə özəl sektor o zaman inkişaf edə bilər ki, o rəqabətə tab gətirən məhsul istehsal edə bilsin və onu dünya bazarına çıxartsın. Azərbaycanın istehsal edərək ixra etdiyi neft və neft məhsullarıdır ki, bunlar da əsasən dövlət müəssisələri vasitəsilə həyata keçirilir. Bu açıqlama özəl sektorun inkişafının aşağı səviyyədə olmasını təsdiqləyən bir açıqlamadır».

İxracatda neftdən aslılığın Azərbaycan üçün ciddi risklər yaratdığını deyən Q.İbadoğlu vurğuladı ki, nəticədə Azərbaycan dünya bazarında baş verən neftin qiymət dəyişikliyini sığortalaya bilmir: «Əgər neft ixracatı olmasa Azərbaycanın qeyri-neft sektorunun ixracatı, səkkiz faiz hesabına adambaşına düşən gəlir 200 dollar təşkil edir. Bu isə olduqca aşağı göstəricidir».

Xəyal