Anar Əliyevin izahatı ekspertləri qane etmədi

Britaniyanın “Global Witness” təşkilatının Azərbaycandakı gizli neft mafiyası barədə hazırladığı “Anonim Azərbaycan” adlı hesabatında ARDNŞ-in bağladığı neft müqavilələrində adı korrupsiya planında keçən Anar Əliyev bəyanatla çıxış edib. “Musavat.com”a daxil olan bəyanatda A.Əliyev fəaliyyətinin şəffaf olduğunu, mətbuatda yazıldığı kimi dövlət başçısı İlham Əliyev, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını bəyan etsə də, bir sıra suallar yenə cavablanmamış qalır.  Biznes fəaliyyətinin əsasən Azərbaycanın inkişafı və tərəqqisinə yönəldiyini deyən A.Əliyev vurğulayır ki, qazancı vergi orqanları üçün açıqdır və əldə olunan gəlir yenidən investisiya şəkilində Azərbaycana yönəldir. A.Əliyev ictimaiyyətdə tanınmamasını isə təhlükəsizliklə  izah edib: «Mən öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm».

Bəs ekspertlər necə A.Əliyevin ona yönələn ittihamlarla bağlı açıqlamasını yetərli sayırlarmı?

Xədicə İsmayıl: «Nəyə görə Anar Əliyevin adını rəsmi milyonçular siyahısında görmürük, bu şəxsin iri vergi ödəmələri barəsində xəbərimiz yoxdur?»

«Azadlıq radiosu»nun əməkdaşı Xədicə İsmayıl qəzetimizə açıqlamasında bildirdi ki, A.Əliyevin açıqlamaları mötəbər mənbə sayıla bilməz və onun dedikləri daha əsaslı faktlarla təsdiqini tapmalıdır: «İstintaq getməyənə, hüquq-mühafizə orqanları işə girişməyənə qədər bizim bu faktları yoxlamaq imkanlarımız çox məhduddur. Anar Əliyev deyir ki, o yalnız öz adından və özü üçün bu biznesi yürüdür. Yaxşı o zaman biz nəyə görə Anar Əliyevin adını rəsmi milyonçular siyahısında görmürük, bu şəxsin iri vergi ödəmələri barəsində xəbərimiz yoxdur? Mən daha konkret faktlar görmək istərdim. Mən istərdim ki, Vergilər Nazirliyi Anar Əliyevə məxsus şirkətlərin dövlət büdcəsinə nə qədər vergi ödədiyini açıqlasın. Dövlət Neft Şirkəti Anar Əliyevə konktraktların verilməsi üçün nə vaxt tenden elan edildiyini açıqlasın. Bu açıqlamalar olmayana qədər gündəmdəki suallar cavabsız qalacaq».

Rövşən Ağayev: «Anar Əliyevin açıqlamasından belə çıxır ki, Azərbaycan təhlükəli ölkə olduğundan biznesmenlər özünü və ailəsini gizli saxlayırlar»

İqtisadçı Rövşən Ağayev isə bildirdi ki, A.Əliyevin açıqlamasında xeyli təzadlı məqamlar var: «Anar Əliyev bəyan edir ki, o, özünün və ailəsinin təhlükəsizliyi üçün gizli qalmağa üstünlük verib. O zaman belə çıxır ki, Azərbaycanda ona görə milyonçuların leqal siyahısı yoxdur ki, Azərbaycan təhlükəli ölkədir və biznesmenlər özünü, ailəsini gizli saxlayırlar. Əslində hazırlanmış bu açıqlamanın özü siyasi hakimiyyət üçün zərbədir. Belə çıxır ki, Azərbaycanda pulu olan adam adının ictimailəşməsini istəmir. Bu çox absurd bir açıqlamadır. Şübhəsiz ki, gündəmdə olan suallar hamısı cavabsız qalır. Nə Anar Əliyevin açıqlaması, nə də ARDNŞ-in verdiyi hesabat “Global Witness” təşkilatının ortaya çıxardığı məqamlara aydınlıq gətirmir. Bu cavablar yalnız özün «sudan quru çıxmaq» cəhdidir».

Xəyal