Tufanı müşahidə edən

Bugünlərdə həbs olunan hüquq müdafiəçisi, seçki eksperti Anar Məmmədli həm də mənim dostumdur. Illər öncə Dillər Universitetinin bufetində oturub bir az sonra dərsdən çıxacaq doğmalarımdan birini gözləyirdim. Bu zaman tanımadığım eynəkli və arıq bir gənc mənə yaxınlaşdı, yazılarımı oxuduğunu və özünün də yazdığını söylədi. Tələbə Anarla tanışlığım getdikcə səmimi dostluğa çevrildi.
Biz onunla artıq həmkar da deyildik, heç vaxt bir yerdə çalışmadıq da, amma dostluq artıq başlamışdı. Bu, çox sadə bir səbəbdən baş verməyə bilməzdi. Həmin səbəbi Anar son günlər KIV-lərdə yenidən yayılan “Əxlaq” adlı essesində şərh edib. Yazının əvvəlində deyir: “Bu yaxınlarda köşə yazarı Şahvələd Çobanoğlu da ”facebook”dakı səhifəsinə belə bir sual çıxarmışdı – “Mənim ictimai ağrılarımı bölüşməyən dost, nəyin dostuyuq biz?” Doğrudan da illərlə paylaşdığın və bölüşdüyün insanın günün birində səninlə eyni ictimai ağrıları yaşamadığını biləndə münasibətlər yürümür…”
Bəli, biz onunla eyni dəyərləri, eyni ağrıları, eyni arzuları bölüşürük. Bu, dostluğumuzun bünövrəsidir. Bundan əlavə, mən Anarın timsalında dürüst, ziyalı, mədəni və olduqca maraqlı bir insanla tanış olmuşam.
Hakimiyyət onun QHT-ni bağlayanda isə Anarın cəsarətini də gördüm. Geri çəkilmədi, davam etdi!
Bilməlisiniz ki, Anar Məmmədli çiyinlərini hər kəsin üzərinə götürmədiyi çətin bir fəaliyyətin altına vermişdi. Seçki monitorinqi elə bir sahədir ki, orada oynamağa yer yoxdur, başını girələyib vaxtı yelə vermək də mümkün deyil. Hakimiyyət hər seçkidə böyük pullar xərcləyir, öz saxta seçkilərini müsbət qiymətləndirən müşahidəçilər şəbəkəsi formalaşdırır, yalançı monitorinqlər, “exit-poll”lar təşkil edir, yerli və beynəlxalq müşahidəçiləri satın alır. Obyektiv müşahidə aparacaq hər kəsi zərərsizləşdirmək və sıradan çıxarmaq istəyir. Çünki bu, bizim saxtakar hakimiyyət üçün ölüm-dirim məsələsi kimidir. Belə bir zəmində obyektiv seçki rəyi vermək tufanla oynamaqdır.
Başqa sözlə desək, bizim ölkədə obyektiv seçki monitorinqi aparmaq tufanı müşahidə etməkdir. Seçki hər ay, hər il olmur, amma bizdə eləsi olur ki, eynən tufanı müşahidə etməlisən. Anar tufanı müşahidə etməkdən çəkinmirdi, çəkinmədi və mən onu bir neçə gün öncə axtarıb gecəyarısı  təcridxanada tapdım. Balaca dəmir pəncərədən soruşdular: “Nəyinizdir Anar?”
– Dostuyam! – dedim.
Amma bu sözü deyərkən bir az duruxdum. O tək mənim dostum deyil axı! Ölkədə nə qədər yazar, ictimai xadim, fəallar və mübariz insanlar, ölkəyə azadlıq istəyən az qala, hər kəs onu özünə dost bilir! Sözümdəki eqoizm məni tutmuşdu!
Anar qanunlara və dəyərlərə möhkəm bağlı olan bir insandır. Savadlıdır, peşəkardır, obyektivdir. Seçki monitorinqini elmi şəkildə və yüksək səviyyədə bilir.
Bu arada, onun həbsinə haqq qazandırmaq üçün iqtidar yaltaqlarından kimsə demişdi ki, 1200 məntəqədə müşahidə aparmaqla bütün seçki barədə necə rəy bildirmək olar. Amma bütün dünyada müşahidələr və sorğular riyazi ehtimala əsaslanan metodika ilə həyata keçirilir. Bəlli bir hissədə müşahidə aparmaqla bütövün halı müəyyən edilir. Anar  Məmmədlinin rəhbərlik etdiyi SMDT də elmi metodlarla işləyir və ən müasir üsul və alətlərə, hazırlıqlı kadrlara sahibdir.
Anar tək Azərbaycanda deyil, bütün dünyada tanınmış seçki eksperti kimi qəbul edilir. Bir çox ölkələrdə müşahidə missiyalarında çalışıb. Amma Əfqanıstanda seçkiləri müşahidə etməyini həmişə mənə oradakı döyüş xidməti kimi danışırdı. Bunu özünün ən çətin və ağır müşahidə missiyası sayırdı. Amma bəlli oldu ki, ən çətin missiyası Azərbaycanda olub və davam edir.