İbrahimbəyov istefa ərizəsi təklif etdi

«Milli Şuranın birliyini saxlamaq üçün istefa ərizəsi də yazaram»

Cəmil Həsənli: «Rüstəm Ibrahimbəyovun istefasına ehtiyac yoxdur, Milli Şura artıq qərarını qəbul edib»

Arif Hacılı: «Milli Şuranın struktur qurluşu məsələlərində məsləhətləşmələrə üstünlük verilməsini müsbət qiymətləndirirəm»

Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində təşkilat daxilində gedən müzakirələrə də münasibət bildirib. R.Ibrahimbəyov vurğulayıb ki, o, Milli Şuranın demokratik düşərgənin vahid birliyi kimi qorunub saxlanılmasının tərəfdarıdır.
Amma əgər, Milli Şuranın mövcudluğuna təhlükə yaranarsa, o bunun qarşısını alan addımlar atmağa hazırdır: “Dostlarım mənə məsləhət etsə ki, Milli Şuranın birliyini saxlamaq üçün yaxşı olardı sən istefa ərizəsi yazasan, onu da yazaram.ÿMənim, ümumiyyətlə, müxalifətə böyük hörmətim var. Müxalifətin böyük nöqsanları var. Amma Azərbaycanda vəziyyət elə çətindir ki, iqtidar elə sərt siyasət yürüdür ki, müxalif olmaq qəhrəmanlıqdır. Bizim müxalifət isə 20 ildir bu vəzifəni öz öhdələrinə götürüb. Dostlar deyəndə mən onları fikirləşirəm. Leyla Yunus, mənim dostum Cəmil Həsənli və digər çox adamlar var ki, mənimlə bir yerdə Milli Şuranı yaradıblar”.
R.Ibrahimbəyovun bu fikirlərinə də münasibət öyrənmək qərarına gəldik.

Milli Şuranın sədri Cəmil Həsənli qəzetimizə açıqlamasında bildirdi ki, hazırda R.Ibrahimbəyovun Milli Şuradan getməsi məsələsi gündəmdə deyil: “Rüstəm bəy Milli Şuranın üzvü olaraq qalır. Bu məsələ ilə bağlı Rüstəm bəyin mövqeyi qətidir ki, o, Milli Şuranın üzvüdür və o, bu təşkilatda qalır. Rüstəm Ibrahimbəyov Milli Şuranın fəaliyyətinin genişləndirilməsi, təşkilatın güclənməsi istiqamətində əlindən gələn hər şeyi etməyə hazırdır. Amma görünür, mətbuatda gedən müzakirələr ona da təsir edir. Rüstəm Ibrahimbəyov hesab edir ki, onun fəxri sədr kimi qalması Milli Şuraya hər hansı formada narahatçılıq gətirərsə, o bu addımı atmağa hazırdır. Mənə elə gəlir ki, buna ehtiyac yoxdur. Milli Şura artıq qərarını verib və bu məsələyə qayıtmağı mən uyğun hesab etmirəm”.

Müsavat Partiyasının Icra Aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, o, R.Ibrahimbəyovun müsahibəsi ilə tanış olmadığından bu fikirləri hansı kontekstdə söylədiyini bilmir. “Amma ümumiyyətlə Azərbaycan üçün vacib olan, eyni zamanda Milli Şuranın struktur qurluşu məsələlərində məsləhətləşmələrə üstünlük verilməsini müsbət qiymətləndirirəm”, deyə A.Hacılı vurğuladı.

Xəyal