Moskvada saxlanılan sirli yükün arxasınca gedən iranlı milyarder və onun təhlükəsizliyinə təminat verən azərbaycanlı kimdir?
Moskvanın “Şeremetyevo” aeroportunda 2007-ci ildən bu yana saxlanılan və sahibi bilinməyən 20 milyard avro nağd pulla bağlı yeni sensasion məlumat yayılıb.
“Komsomolskaya pravda” qəzeti pulların dalınca İrandan Pərviz Nəcəfabadi Fərəhani adlı milyarderin Moskvaya gəldiyini yazıb. Fərəhanı özünü pulların qanuni sahibi kimi təqdim edib və hazırda Moskvada vəkillər vasitəsilə 20 milyard avronu almaq üçün mübarizə aparır.
Qəzet yazır ki, illərdir tonlarla ağırlığı olan 20 milyard avro nağd pulun “Şeremetyevo” aeroportunun “Cargo” terminalında, daha sonra xüsusi mühafizə olunan anbarda saxlanılmasının haqqını məhz Fərəhaninin nümayəndələri ödəyirdi. Fərəhaninin nümayəndələri bu yaxınlarda pulları götürmək tələblərini Rusiya tərəfinə çatdırıblar. Lakin Rusiya xüsusi xidmət orqanları tələb ediblər ki, pulların əsl sahibi gəlsin.
Bildirilir ki, cənab Fərəhani pulların dalınca Moskvaya getməkdən uzun müddət çəkinib – öz təhlükəsizliyi üçün qorxub. Ancaq Azərbaycan güc strukturlarından birinin polkovnik rütbəli əməkdaşı onun təhlükəsizliyinə təminat verəndən sonra Moskvaya getməyi qərara alıb. Polkovnikin adı açıqlanmır, bildirilir ki, o, uzun illər İranda işləyib, Fərəhani ilə əməkdaşlıq edib və onun səfərinin təşkilinə dair danışıqlarda vasitəçi olub.
İranlı milyarder artıq Moskvada vəkillərlə görüşüb, moskvalı vəkillər yükü almaqda ona kömək etməyə söz veriblər.
“Fərəhani bizə işi aparmaq üçün etibarnamə verib. Bizə bildirib ki, Farzin Motlaq adlı adamı tərəfindən aldadılıb. Motlaq pulları Frankfurtdan İrana göndərməli idi. Lakin görünür, o, hansısa maxinasiyalar həyata keçirmək üçün sənədləri saxtalaşdırıb. Ona görə də milyardlarla avroluq pul bağlamaları Moskvada saxlanılıb. Əslində yük Moskvadan tranzitlə İrana keçməli idi” – deyə vəkillərdən biri “Komsomolskaya pravda”ya bildirib.
Bəs Fərəhani ilə görüşmək mümkündürmü?
Jurnalistin bu sualına vəkil belə cavab verib ki, nəzəri olaraq bu məsələni müzakirə edə bilər. Lakin cənab Fərəhani öz təhlükəsizliyi üçün çox qorxur.
“Əgər əmin olsa ki həyatı üçün heç bir təhlükə yoxdur, o zaman jurnalistlərlə ünsiyyət quracaq. Onun nəyisə gizlətməyə ehtiyacı yoxdur” – deyə vəkil bildirib.
İranlının vəkillləri əmin edirlər ki, 20 milyardın sahibinə verilməsi problemini onlar Yeni ilə qədər həll etməyi nəzərdə tuturlar. Hətta pulların bir hissəsinin Rusiya büdcəsinə verilməsi hesabına olsa da…
Lakin vəkillər pulların əsl sahibinin məhz Fərəhani olduğunu sübut edən dəlillər barədə danışmaq istəməyiblər. Bildiriblər ki, təhlükə sovuşanda bu haqda danışa bilərlər.
Bəs Pərviz Nəcəfabadi Fərəhani kimdir?
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bank sistemindən əldə edilən məlumata əsasən Fətəhani kifayət qədər nüfuzlu və çox zəngin iranlıdır. Birləşmiş Ərəb Əmirliklərində geniş biznesi var. BƏƏ-də daşınmaz əmlak və torpaq alqı-satqısı ilə məşğul olub, həmçinin geoloji kəşfiyyat aparıb, neft və qaz ehtiyatları taparaq əlindəki torpaqları qat-qat baha satıb. Hərdən özü də hasilat biznesi ilə məşğul olub.
Varlı iş adamlarının Pərvizə hansısa iradları yoxdur. Lakin o, Rusiyadan çox ehtiyat edir və narahatdır ki, Moskvada başına hansısa “ÇP” gələ bilər. Milyarderin Rusiyada biznes qurmaq fikri qəti yoxdur.
***
Rusiya mətbuatı bu məsələni araşdırıb və maraqlı detallar ortaya çıxıb. Əvvəlcə xəbər verilib ki, aeroportda 15 milyard avro saxlanılır.
“Moskovskiy komsomolets” qəzetinin əməkdaşı “Şeremetyevo” aeroportunda içərisində milyardlarla avro nağd pulun saxlanıldığı anqara qədər gedib çıxıb. Yükün mühafizəsinə cavabdeh olan “kurator” adının açıqlanmaması şərtilə pulların mənşəyi və haradan gəldiyi haqda məlumatları açıqlayıb. O bildirib ki, əslində təyyarənin göyərtəsində 15 milyard yox, 20 milyard avro pul var.
Bəs bu pulların mənşəyi haradandır?“Kurator” danışıb ki, əslində əhvalat lap çoxdan, ABŞ-la İran arasında münasibətlər yaxşı olanda başlayıb. Amerikalılar İrandan neft alıblar və əvəzini nağd dollarla ödəyiblər. Çünki İran neftin pulunun ancaq nağd ödənilməsində israr edirmiş.
Ötən əsrin 90-cı illərinin əvvəllərində amerikalılar onlara dollar daşımaqdan yorulublar və belə bir təklif ediblər: “Gəlin biz Federal Ehtiyatlar Sisteminin iki zabitini dollar çap edən dəzgahla birlikdə İrana göndərək. Siz də nə qədər neft satsanız, onun pulu qədər dollar çap edin”.
İranlılar bu sxemlə razılaşıblar. İranda dollar çapı Tehranın nüvə proqramlarının ABŞ-a maneçilik törətməyə başlamasından sonra dayanıb. Amerikalılar müqaviləni dayandırıblar və dəzgahı götürüblər. Çap edilmiş dollarları isə tanımayıblar və bildiriblər ki, onlar sadəcə olaraq kağızdır.
“Kurator”un danışdığına görə, həmin vaxt İranın əlində çap olunmuş 6 trilyon dollar var idi və onlar bu pullarla nə edəcəklərini düşünməyə başlayıblar.
Uzun məsləhətləşmələrdən sonra Rusiya, Almaniya və İtaliyadan ibarət alyans yaranıb. Həmin ölkələr İrana bu trilyonları hamının xeyrinə realizə etməyə söz veriblər. Nəticədə dollarlar İrandan Almaniyaya daşınıb, Frankfurtda boşaldılıb və avroya çevrilib.
Pulları avroya çevirəndə iranlılar xeyli itiriblər. O vaxtkı kursla 6 trilyon avro 3 trilyon dollar edib. Pullar 500 avroluq kupyurlarda saxlanılıb.
Lakin daha sonra Almaniya hakimiyyəti bu pulların ölkədən çıxarılmasını tələb edib. Avropa Mərkəzi Bankının pul vəsaitlərinin daşınması üzrə yeganə lisenziyalı podratçısı “Brinks” pulları 27 ölkəyə, o cümlədən Ukrayna, Qazaxıstan və Azərbaycana daşıyıb. Hazırda bu pullardan milyardlarla dollar müxtəlif ölkələrdə Mərkəzi Bankın anbarlarında, təyyarələrdə və digər yerlərdə saxlanılır.
Rusiyaya isə pullar 2003-də daxil olub. Pulların bir hissəsi, yəni 20 milyard avro “Şeremetyevo” aeroportunda, qalanı isə daha iki yerdə saxlanılır. Pulları götürmək səlahiyyətinə ancaq xüsusi seçilmiş üç şəxsin icazəsi var. Onlardan biri Farzin Korrorian Motlanqdır. Lakin Motlanq fırıldaq gəlməyə cəhd edib, pulları İrana aparacağını desə də onlarla birlikdə İsrailə qaçmaq istəyib. Lakin onu Əbu-Dabidə yaxalayıblar və Tehrana aparıblar. Yolda Motlanq “təsadüfən” insult keçirib və hazırda ancaq sağ əli işləyir. Bu əllə o, notarial qaydada təsdiqlənmək üçün barmaq izi verir.
“Kurator” danışır ki, pulların dalınca indiyədək çoxları düşüb, o cümlədən “əl-Qaidə”nin adamları, Ukrayna xüsusi xidmət orqanları, “Malta cəngavərlər ordeni”nin nümayəndələri və digərləri. “Şeremetyevo” aeroportunda 20 milyard yüklənmiş təyyarə gömrüyə aid anqarda xüsusi mühafizə altında saxlanılır. Pullar xüsusi vakuum qablaşdırmadadır və hər bağlamanın içərisində hərəkəti ötürən ötürücülər var. Bağlama bir neçə santimetrdən çox hərəkət etdirilsə, ötürücü koordinatların dəyişdiyi haqda məlumatı dərhal Almaniyanın Mərkəzi Bankındakı xüsusi adama ötürür.
Belə məlumat var ki, bağlamanın içərisinə xüsusi qaz da doldurulub. Kimsə bağlamanı icazəsiz açsa və pullardan istifadə etmək istəsə, qaz havaya buxarlanır və kupyurlar qara rəngə boyanır. Yəni yararsız olur.
“Kurator” danışır ki, pullardan götürmək üçün etibarnamə və digər sənədlərlə kimsə gəlməli olsa, o, üstəlik xüsusi telefon nömrəsini də bilməlidir. İkincisi, həmin şəxs Rusiya ərazisində hüquqi şəxsi qeydiyyatdan keçirməli və pulları Rusiyada investisiya layihələrinə yatırmalıdır. Üçüncüsü, bu pulları heç kim Rusiyadan çıxarmamalıdır. Nəhayət, pullar yalnız 50-nin 50-yə prinsipi ilə götürülə bilər, yəni yarısı Rusiya xəzinəsinə çatmalıdır.
Hələlik heç kim Farzin Korrorian Motlanqın verdiyi etibarnamə ilə pulları götürə bilməyib. Lakin “kurator” danışıb ki, pulların sadəcə olaraq yoxa çıxdığı hallar da olub.
“Məsələn, Azərbaycanda 500 milyon avro kupyurdan ibarət yük yoxa çıxdı, heç kim baş aça bilmədi ki, bu, necə baş verdi” – deyə mənbə bildirib.
“Kurator” deyib ki, bu kupyurların xüsusi nömrə siyahısı var və onları dövriyyəyə buraxsalar, ABŞ-ın və Avropanın maliyyə sistemi çökər. Bu isə heç kimə lazım deyil. Ona görə də hazırda bu situasiya müəyyən qıcıq yaradır.
Digər tərəfdən, pulları əldə etmək üçün fırıldaqçılar da artır. Onlar cürbəcür saxta sənədlər toplayaraq pulların bir qismini əldə etməyə çalışır.
“Ona görə də yüksək səviyyədə qərar qəbul etməyin vaxtı çatıb” – deyə “kurator” bildirib (virtualorg.az).