“Human Rights Watch” Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hakimiyyət dərhal Anar Məmmədlini azad etməli və bütün siaysi ittihamları onun üzərindən götürməlidir.
“Seçki müşahidəçisinin həbsi Azərbaycan hakimiyyətinin müstəqil fəallara qarşı etdiyi növbəti kampaniyadır”- deyə HRW-un Şimali Qafqaz üzrə araşdırmaçısı Giorgi Qoqia bildirib. O qeyd edib ki, hakimiyyət Anar Məmmədlini həbs etməklə seçki saxtakarlığını örtbasdır etməkdə maraqlı olduğu mesajını verir.
Bəyanatda bildirilir ki, A. Məmmədlini həbsdə saxlamaq üçün qanuni və etibarlı əsas yoxdur. Buna görə də o dərhal azad edilməlidir. HRW bəyan edir ki, bu həbs hökumətin fəallar və tənqidi jurnalistlər üzərinə sərt hücumunun göstəricisidir.
Təşkilat həmçinin vurğulayır ki, Azərbaycan höküməti yanvar ayından bəri saxta ittihamlarla gənc fəalları, jurnalistləri həbs edib və dinc aksiyalarda iştirak edənlərə qarşı qanunları sərtləşdirib. Bunlar isə Azərbaycanın da təsdiqlədiyi Mülki və Siyasi haqlar üzrə Beynəlxalq Pakta ziddir.


