Hara gedirsən, a zalım oğlu?

Yanukoviç çox qabağa getmişdi. Müxalifət liderini həbsə atıb əzələ nümayiş etdirirdi. Öz xalqına, ondan islahat istəyən hər kəsə. Dünyadan gələn azadlıq tələbləri də bizdəki kimi süngü ilə qarşılanırdı. Adam zahirən çox rahat, məsələni həll etmiş, dünya da onun qarşısında çarəsiz kimi görünürdü. Bir sözlə, reallıq hissini itirən Yanukoviç xəyallarındakı meydanın tam sahibi idi.

Bəli, artıq Yanukoviçin xəyalları dağılıb, xəyalındakı mütləq sahibi olduğu meydan da “Maydan”la əvəz olunub. Içindəkilər də Yanukoviçin, bir çox hallarda illərdir mübarizə aparan idealist azlığın çarəsiz hesab etdiyi dünya. Xalqla çiyin-çiyinə. 

Həmişə belə olur. Güc tətbiq edərək, aldadaraq, daxili və xarici təhlükələr uyduraraq, əyləndirərək xalqı özünə tabe etməyin axırı olmur. Daha doğrusu, belə olur. Ukrayna kimi ölkədə, Putinə sığınmaqla, onun proqram və təlimatlarına uyğun hərəkət etməklə heç olmur… 

Bilirsiz niyə olmur? Öz ölkəsində bir dəfə də olsun demokrtatik seçki keçirməyən, siyasi rəqiblərlə düşmən kimi davranan, Azərbaycan daxil olmaqla, bütün regionun  demokratikləşməsi üçün keçilməz maneələr yaradan, rüsvayçı rejimləri, xalqına qarşı kimyəvi silah işlətməyi özünə rəva görən tiranları müdafiə edən Putinin uydurduğu hansısa ittifaq, quracağı sistem Ukrayna xalqına, Ukraynanın gələcəyinə yaxşı nə vəd edə bilər? Təkcə ukraynalılar deyil, arzusu demokratik idarəçilikdə yaşamaq olan yüz minlərlə rus  “Putinsiz Rusiya” uğrunda mübarizə aparmırmı? Onunla inkişafın mümkünsüzlüyünü, Rusiyann özünün maraqlarının təhdid olduğunu Rusiyanın ağıllı adamları açıq etiraf etmirmi? 

Dünyanın ən qanlı tiranlarının müdafiəsindən məğlub ayrılmaq bir yana, sərhədlərində Gürcüstan kimi model görmək siyasi tənəzzül, ənənəvi xəttin çöküşü deyilmi? Artıq hər xalqın başına bir diktator keçirib, “hər xalq öz hökmdarına layiqdir” prinsipini əldə rəhbər tutaraq uzun illər onları əsarətdə saxlamaq mümkün deyil. Indi Rusiya ərazisinin böyüklüyü, əhalisinin çoxluğu, arsenalındakı nüvə başlıqları heç kimi narahat etmir. Cəmi 2 saat ərzində işğal etdiyi Gürcüstanı belə. Çünki zor və təzyiq dəyərlər qarşısında  əhəmiyyətini itirib, dişsizləşib. Reallıq budur ki, kiçik Gürcüstanda böyük dəyərləri bərqərar edən Saakaşvili daha cəlbedici, daha populyardır, nəinki dünyanın ən böyük dövləti statusunda olan Rusiyanın başında durub Bəşər Əsədi müdafiə edən Putin. 

Qərbsə öz dəyərlərinə sadiq qalmaqla kifayətlənmir, o dəyərlərin sərhədlərini genişləndirməyin yollarını daha yaxşı bilir və bunu edir. Ukrayna, siyasi hərarətin pikə çatdığı Maydan buna şahidlik etməkdədir. Illərdir ofislərindən bəyanat verməklə, qətnamə qəbul etməklə kifayətlənən Qərb, indi Maydana enib. Maraqları naminə, maraqlarının ən yaxşı təminatçısı olan dəyərləri naminə. Silahsız, zorsuz. Əllərində çay, yemək, çöhrələrində təbəssüm. Putin də cəmi iki ay öncə Bakıya gəlmişdi. Meydana yox, rəsmi səfərə. Hərbi gəmilərlə, zirehli texnikayla…

Xalid Qarayev