Obamadan ilginc Liviya bəyanatı

“Azad olmaq istəyənlər ABŞ-ı özlərinə dost görəcəklər”

“Tarix Qəzzafinin tərəfində deyil”

ABŞ prezidenti Barak Obama beynəlxalq koalisiyanın Liviyadakı hərbi əməliyyatları və bu ölkədə ABŞ-ın gələcək planları barədə danışıb. O, Milli Müdafiə Universitetində çıxışında bildirib ki, ABŞ-ın Uçuşa Qadağa Zonası təşəbbüsü nəticəsində Liviyada saysız-hesabsız insanın həyatı xilas olub.
“Birləşmiş Ştatlar dünyada beynəlxalq təhlükəsizliyin və insan azadlıqlarının aparıcısıdır. Bizim bu barədə öhdəliyimiz var. Liviyada da bu öhdəliyə sadiq qalırıq”- deyə Obama qeyd edib.
ABŞ prezidenti deyib ki, Qəzzafi 40 ildən çoxdur Liviyanın bütün sərvətlərini talayıb və bu illər ərzində çoxsaylı insanın ölümünə səbəb olub.
“Qəzzafinin 33 milyard dollardan çox pulunu dondurmuşuq, çoxsaylı embarqolar tətbiq etmişik. Ancaq o, vətəndaşlarına hücumu dayandırmaq əvəzinə hücumları genişləndirmək yolunu seçdi. Bunun qarşılığında isə BMT Təhlükəsizlik Şurası ABŞ-ın təşəbbüsü ilə Uçuşa Qadağan Zonası tətbiq etmək məcburiyyətində qaldı”, – deyə Obama bildirib.
ABŞ prezidenti vurğulayıb ki, Qəzzafi hücumları davam etdirməklə ona verilən son şansı da qaçırıb. “Qəzzafiyə sadiq qüvvələr 1 gün ərzində 1000-ə yaxın insanın həyatına son qoydu. Biz bir gün belə geciksəydik, qətliam bütün ölkəyə yayılacaqdı” deyən Obama hazırda Qəzzafinin ölümcül hücumlarının qarşısını aldıqlarını bildirib və koalisiya qüvvələrinə ABŞ-ı dəstəklədəyinə görə təşəkkür edib. Obama onlara dəstək verənlər sırasında bəzi ərəb dövlətlərinin olduğunu da xatırladıb.
Liviya ilə bağlı ABŞ-ın sonrakı planlarından danışan Obama qeyd edib ki, Qəzzafinin dondurulan 33 milyard dolları gələcəkdə Liviyanın yenidən qurulması işlərinə sərf olunacaq. ABŞ prezidenti deyib ki, onun ölkəsi üçün başlıca missiya insanların həyatını qorumaqdır və  Birləşmiş Ştatlar həmişə düz olanın yanında yer tutacaq. “Hətta Qəzzafi hakimiyyətdən devrilsə belə, 49 illik tiranlıq Liviyada güclü struktur saxlamayıb. Hazırda ölkədən qaçanların sayı gündən-günə çoxalır. Qəzzafisiz Liviya həm Liviya xalqının özü, həm də bütün dünya üçün daha yaxşı olacaq”.
ABŞ prezidenti Liviya müxalifətinin onlardan kömək istədiyini və Vaşinqtonun bu istəyi həyata keçirdiyini deyərək, bu yolu İraqda da getdiklərini, lakin Liviyada İraqda baş verənlərin təkrarlanmayacağını deyib: “Biz Liviyada qətliamın qarşısını almışıq. Qəzzafi hakimiyyətdən bu gün devrilməyə bilər, ancaq Liviya xalqı və bütün dünya bilməlidir ki, tarix Qəzzafinin tərəfində deyil”.
Obama daha sonra bildirib ki, ABŞ dünyanın ən güclü dövlətidir və belə hallarda addım atmağa qorxmayacaq. ABŞ-ın yalnız insanlara dəyişiklik bəxş edə biləcəyini söyləyən Obama “Azad olmaq istəyən gənclər, insanlar, ABŞ-ı özlərinə dost görəcəklər” mesajı ilə çıxışını tamamlayıb.