Islah olunmaq şansı

Onlara belə şans dəfələrlə verilib. Hə, “onlar” deyəndə hakimiyyəti nəzərdə tuturam. Amma onlar belə niyyətdə hələ ki, bulunmayıblar. Insanları döyürlər və həbsə atırlar, azadlığını məhdudlaşdırır və incidirlər… Bunlarla hər hansı bir “kübar sazişi” mümkün deyil. Dünya qopur, gah burada, gah da başqa bir yerdə etirazlar baş alıb gedir, 30-40 il davam edən rejimlər çökür, tiran zümrəsi ölkələrdən qaçır! Prinsipcə, bütün bunların hamısı bir görk olmaq, nəticə çıxarmaq üçün yetərlidir. Jurnalistə deyirlər ki, yazma, başqaları tək sən də yaşa! Bunlardan soruşmaq lazımdır ki, məgər siz bilirsiniz ki, başqa insanlar necə yaşayır, nə düşünürlər?! Əminsinizmi ki, onlar sizləri müdafiə edir, əməllərinizi təqdir edirlər?! Gələcəkdə də heyrətlənməmək, çaşmamaq üçün heç olmasa bununla maraqlanın! Yox, onlar sizləri sevmir. Hə, bu gün ciddi və qlobal etirazlar yoxdur. Amma bir-iki il bundan əvvəl ərəb ölkələri də beləcə sakit, səssiz-səmirsiz görünürdü, hamı düşünürdü ki, Mübarək, Qəzzafi, Bin Əli hələ bir müddət hakimiyyətdə olacaqlar, gedəndə postlarını uşaqlarına təhvil verəcəklər. Oralarda hər hansı bir etiraz proqnozlaşdırılmır və ehtimal edilmirdi, çünki həmin ölkələrdə elə bir müxalifət də yox idi. Zira nə oldu? Müxalifətsiz-filansız böyük inqilablar baş verdi, aləm qarışdı. Indi diktatorlar özləri də düşünür ki, əcəba, bu necə baş verdi? Amma baş verdi! Ortalıqdakı nəticə budur! Qəzzafi hələ də bu nəticə ilə barışmaq istəmir, bu fikri özünə yaxın buraxmaq istəmir ki, leqal müxalifət olmadan da inqilab və etiraz mümkündür. Onların gümanına görə ölkədə bu cür halların olmaması üçün nə mümkün idisə etmişdilər! Bəli, elə əslində onlar kifayət qədər “iş” də görmüşdülər – ölkədəki müxalif fikri, təşkilatları darmadağın etmişdilər, narazıları susdurmuşdular… Amma birdən… B.Əsədin indi islahat aparmaq fikri var. Ölkə 1963-cü ildə qəbul olunmuş fövqəladə vəziyyət haqqındakı qanunla idarə olunur. Bu, təxminən 50 il deməkdir! Atası H.Əsəd bu qanun ilə idarə etdi, belə təsəvvür yarandı ki, problem yoxdur, oğlu da idarə edər. Amma gümanlar yanlış çıxdı. Düz 260 siyasi məhbusu azad etdi! Buna görə ona minnətdar olacaqlarmı? Zənn etmirəm… Nə isə. Dediyim nədir? Bunlar kino deyil, bir jurnalistin uydurması deyil, reallıqdır. Bunu təkcə biz, müxalif fikirli insanlar görmürük, hakimiyyətdəkilər də görür. Hələ vaxt var. Deməli, bunların islah olunmaq üçün şansı var. Yararlanacaqlarmı bundan? O qədər də oxşamır. Bunların davranışı belə ümidlərə qapılmaq üçün əsas vermir…

Geriyə yol varmı?

Yol həmişə var. Ehtirasları səngitmək, barışmaq və ölkədəki prosesləri dinc məcraya yönəltmək üçün yol həmişə var. Məsələn, yolun biri elə parlament, təbii ki, yeni parlament formalaşdırmaqdan keçir. Niyə də olmasın? Məgər aydın deyilmi ki, bu parlamentlə, elə bu seçkilərlə barışıq heç cür mümkün və real görünmür? Amma bunlar belə fikri də yaxın buraxmırlar. Məntiq elə köhnə məntiqdir: “müxalifətin heç bir sosial bazası, dayağı yoxdur…”. Elə zənn etmək olar ki, guya bunların hansısa bir sosial dayağı var! Ərəblər öz “hegemon” partiyalarına əsl “məhəbbət”lərini çox özünəməxsus bir tərzdə göstərdilər! Ərəblərdən əvvəl bu məlum deyildimi? Dünya əhalisinin düz 70 faizinə nəzarət edən kommunist hərəkatının aqibəti nə tez yaddan çıxdı? Bir anlığa təsəvvür edək ki, bizim hakim partiya da tutaq ki, əhalinin 40 faizinə nəzarət edir, bu insanları öz üzvlərinə və ya təəssübkeşlərinə çevirə biliblər!
Çoxdurmu? Güman etmirik. Avtoritar rejimlərdə statistika həmişə elə hakim partiyanın xeyrinə olur. Amma bu, nəyisə dəyişirmi?

Yaşamaq əmr olunub

Artıq siyasətdən də keçib. Biz hesab etmirik ki, hansısa formada siyasətlə məşğul oluruq. Yox. Sadəcə, əqidəmizin açdığı cığırlarla gedirik bu həyatın sonuna doğru və əminik ki, o dəyişiklik günləri gələcək, mütləq gələcək. O günü görmək üçün isə yaşamaq lazımdır, bir filmdə deyildiyi kimi: yaşamaq əmr olunub! Axar su özü ilə çox şey gətirir. Zaman da belədir. Onun bulanıq vaxtları da olur.