Deputat maaşından söhbət düşəndə dünya praktikası, həkimin, müəllimin maaşına gələndə YAP praktikası…
Deputatların maaşının artırılması cəmiyyətdə etirazla qarşılandı. Minimum əməkhaqqının 105 manat olduğu ölkədə deputatların maaşının 15 faiz qaldırılması, cəmiyyətin digər təbəqələrinə qarşı haqsızlıq kimi qiymətləndirildi.
Ancaq YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Qafqazinfo” saytına bildirib ki, cəmiyyəti çaşdırmaq, yanlış informasiya yaratmaq düzgün deyil. O bildirib ki, parlamentdə uzun illərdi maaş artımı olmayıb və keçmiş sovet ölkələrinə nəzər saldıqda ən az maaş bizdədir. Cənab Novruzov həm də bildirib ki, müəllimlərlə deputatları müqayisə etmək düzgün deyil: “Bir çoxları millət vəkillərinin maaşlarını müəllimlərin əmək haqları ilə müqayisə edirlər. Qeyd etməliyəm ki, parlamentin cəmi 125 deputatı var. Təhsil sahəsində isə 500 min insan çalışır. Biz daima insanların sosial rifahının yaxşı olması üçün müxtəlif qanun layihələrini müzakirə edirik. Danılmaz faktdır ki, müəllim və həkimlərin maaşları da artır. Bu dövr ərzində onların əmək haqları 51 faiz artıb. Ona görə də bu məsələdə müqayisə etmək olmaz. Bir faktı da qeyd edim ki, bu ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait həcminə görə ordudan sonra ikinci yerdə durur. Müxalifətdə iqtisadiyyatı dərindən bilməyən və insanları qızışdırmaq istəyənlər var. Onlar mütləq şəkildə dünya praktikasından istifadə etməlidirlər. Belə məsələləri ortaya atmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanda bütün sahələr üzrə müsbət inkişaf gedir. Ümumiyyətlə, insanların əmək haqlarının soruşulması düzgün deyil. Bunu götürüb qəzetlərin gündəmini bəzəmək olmaz”- deyə Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov o deputatlardandır ki, hər dəfə açıqlama verəndə hakimiyyəti ifşa edə bilir. Bu adam etiraf edir ki, keçmiş sovet ölkələrində ən az maaş bizim ölkədədir. Yəni analoqu olmayan inkişafın nağıl olduğunu Siyavuş müəllim etiraf edir.
Deputatların maaşlarına gəlincə, dəfələrlə qəzetimizdə bu mövzuda araşdırma yazısı dərc edib, dünyada deputatların nə qədər maaş aldığını və həmin ölkələrdə yaşayış səviyyəsini faktlarla göstərmişik. Görünür, YAP-çı deputata bəzi həqiqətləri yenidən izah etmək lazımdır. Siyavuş Novruzov müəllimlərin maaşının 51 faiz artdığını deyir, ancaq 51 faiz artımdan sonra bu maaşın nə qədər olduğunu dilə gətirmir. Ancaq bu 51 faiz ifadəsi ilə deputat etiraf etmiş olur ki, bu gün 150 manat maaş alan müəllim artımdan əvvəl 75 mantdan az maaş alırmış. Yəni gündə evinə 4 çörək alan müəllim ayda 42 manat təkcə çörəyə verməlidir. Yerdə qalan pula isə yalnız 3 kilo ət düşür. Hakimiyyətin uğurlu siyasətindən sonra, yəni 51 faizlik artımdan sonra müəllim 6 kilo ət almağa qadir olub. Bəli, müəllim digər zəruri tələbatları ödəyə bilməsə də olar.
Ikinci reallıq ondan ibarətdir ki, Azərbaycanda deputatlar varlı təbəqənin nümayəndələri sayılır. Eyni zamanda deputatlar biznesmen, direktor, sahibkar, komitə sədri kimi fəaliyyətlə məşğuldular. Yəni bu adamların əksəriyyətinin deputat maaşına, ümumiyyətlə, ehtiyacları yoxdur.
Maraqlı həm də burasıdır ki, uzun illər maaşları artmayan, indi isə maaşları 15 faiz artan deputatlar ən azı 2000 dollar maaş alacaqlar. Maaşı 51 faiz artırılmış müəllimlər və həkimlər isə 200 manat maaş alır.
Görəsən, Siyavuş Novruzov 1 ay həmin müəllimin maaşı ilə yaşaya bilərmi? Axı o da insandır, onun da yemək, geyinmək, istirahət etmək, gəzintiyə çıxmaq haqqı var.
Ancaq Siyavuş Novruzovu da tam haqsız saymaq olmaz. Həqiqətən də bu ölkədə müəllimin deputat qədər dəyəri yoxdur və onların müqayisəsini aparmaq olmaz. Bəli, 125 nəfər seçilmiş, 500 min seçəndən üstündür. Əgər bu hakimiyyət 500 min müəllimi seçki saxtakarlığına məcbur edə bilirsə, bu müəllimləri 150-200 manata yaşamağa da məcbur edəcək.
Cənab Novruzov həm də iqtisadçıları dünya praktikasından xəbərsiz olmaqda qınayıb. Görəsən niyə deputat maaşı gündəmə gələndə dünya paraktikasından sallaşan deputat, həkimin, müəllimin, təqaüdçünün maaşından söhbət düşəndə YAP praktikasında yellənir?!.
Ilham Hüseyn