“Dəyişikliklərə özümüzdən başlamalıyıq!”

Əli Kərimli: «Qərb Azərbaycanda demokratik dəyişikliklər uğrunda güclü xalq hərəkatı görməyincə, ikili standart davam edəcək»

AXCP sədri Əli Kərimli Azərbaycanda hazırkı acınacaqlı durumun yaranmasına görə vətəndaşların üzərinə düşən məsuliyyətə diqqət çəkib. AXCP sədri bu barədə Facebook səhifəsində yazıb:

“Bu gün (dünən- red.) iştirak etdiyim bir tədbirdə xeyli diplomatla görüşüb, danışdım. Təbii ki, Anar Məmmədlinin həbsini, digər 142 siyasi məhbusun taleyini də müzakirə etdik. Əliyev rejiminin repressiyalarına və başqa qanunsuz əməllərinə göz yumduqlarına görə Qərb ölkələrinin siyasətçi və diplomatlarını qınadım. Bu kriminal və korrupsioner rejimin uzun müddət iş başında qala bilməsinə görə onların da məsuliyyət daşıdıqlarını vurğuladım. Avropa strukturlarının Ukrayna, Belarus və s. ölkələrin demokratikləşməsinə olan diqqətinin Azərbaycanın demokratikləşməsinə olmamasını tənqid etdim. Bu ikili standartın nə vaxta qədər davam edəcəyini soruşdum. Diplomatların birindən çox açıq cavab aldım. Həmsöhbətim iradlarımın haqlı olduğunu qəbul edib, sualıma da cavab verdi. Açıq dedi ki, Qərb Azərbaycanda demokratik dəyişikliklər uğrunda güclü xalq hərəkatı görməyincə, bu ikili standart davam edəcək.
Əlbəttə, mən özüm də verdiyim sualın cavabını məhz belə bilirdim. Amma mənim güman etməyim başqadır, adamların özlərinin etiraf etməsi başqa.
Əziz həmvətənlər, Anar bəyi də digər vicdan məhbuslarını da şərləyib, həbs etdirən təbii ki, rejimdir. Amma bilməliyik ki, bizlər də günahkarıq. Bəzilərimiz biganəliyimizlə, bəzilərimiz qorxaqlığımızla, bəzilərimiz lazımınca birləşə bilməməyimizlə, bəzilərimiz tənbəlliyimizlə, özünə inamsızlığımızla rejimin ayaqda qalmasına və deməli, vicdanlı insanları vicdan məhbusu etməsinə yardımçı oluruq. Dəyişikliklərə ilk növbədə özümüzdən başlamalıyıq. Hər günün sonunda özümüzə sual verməliyik: “Dövlətimizin və millətimizin gerçək qurtuluşu üçün bacardığım hər şeyi etdimmi?”