Sədərək gömrüyünün rəisi Türkiyədə həbs edildi

Qardaş ölkədəki antikorrupsiya əməliyyatı Azərbaycana da uzandı

Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib. Bu barədə Türkiyənin “Haberler.com” saytı məlumat yayıb.
Məlumata görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. Mirməhəmməd Seyidov təyyarə ilə Istanbuldan Qarsa gedib.
Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməkdaşları həbs ediblər. Gömrük rəisini Qarsdan Iğdıra aparıblar. Azərbaycanın Iğdırdakı konsulu Asiman Əliyev də polis şöbəsinə gedib.
Dekabrın 17-də Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə əməliyyat keçirilib. Əməliyyat zamanı 7-si gömrük işçisi, (1-i qadındır) 10-u daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.
“Azadlıq” qəzetinin əldə etdiyi məlumatlara görə, əslən Şərur rayonunun Əlikli kəndindən olan Mirməhəmməd Seyidov Naxçıvan Müxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun yaxın dostlarından sayılır. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədovla yaxın dostluq əlaqələri olan Mirməhəmməd Seyidov onunla birlikdə vaxtilə Sədərək gömrüyünün rəisi olmuş “Laba” ləqəbli Mübariz Pənahovun idarəçiliyi altında inspektor işləyiblər. Mirməhəmməd Seyidov Mübariz Pənahov vəzifəsindən uzaqlaşdırılandan sonra isə onun yerinə təyin olunub və artıq 10 ildir ki, bu postda çalışır.
“Laba” Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla qarşıdurma üzündən öz vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Vasif Talıbovla məktəb illərində bir sinifdə oxuyan Asəf Məmmədovun vəzifə pillələrini sürətlə qalxması Mirməhəmməd Seyidovun da karyerasına müsbət mənada təsir göstərib. 1992-ci ildən Naxçıvan Gömrüyündə çalışan Mirməhəmməd Seyidov Asəf Məmmədovun vasitəsilə Vasif Talıbovla tanış olub.
Naxçıvandan əldə etdiyimiz məlumata görə, Mirməhəmməd Seyidovun adı bundan əvvəl keçən il Muxtar Respublikada baş verən yanacaq böhranında hallanıb. Bundan başqa Naxçıvanda ötən il sahibkarlara olan məlum hücumların da ssenaristinin məhz Mirməhəmməd Seyidov olduğu deyilir.
Bu arada Mirməhəmməd Seyidovla bağlı AzPolitika.info-ya daxil olan məlumata görə, o, Binəqədi rayonunun sabiq prokuroru, Elşad Abdullayev işində adı hallanan və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovun qardaşıdır.

Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinin Mirməhəmməd Seyidovun həbsilə bağlı yaydığı məlumatda isə bildirilir ki, Sədərək gömrüyünün rəisi məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin Istanbul şəhərinə gedib. Dekabrın 17-də Istanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün Iqdır Vilayət Prokurorluğuna dəvət edilib.
“Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür”, – deyə məlumatda vurğulanır.
Dövlət Gömrük Komitəsi də məsələ ilə bağlı eyni məzmunlu məlumat yayıb.
“Məhəmməd Seyidovun həbsi ilə bağlı Azərbaycan konsulluğu və Naxçıvanla yazışmalar aparılıb”. Bu sözləri isə Iqdır polis şöbəsinin qaçaqmalçılıq bölməsindən BBC Azərbaycanaya bildiriblər.
Polis təmsilçisi deyib ki, “bilgiləndirmə məqsədi ilə yazışmalar hələ də davam edir”. Azərbaycanın Iqdırdakı konsulu Asiman Əliyev BBC Azərbaycancaya gömrük rəisinin həbsi ilə bağlı “görüşmələrin keçirildiyini” təsdiqləyib.
“Azərbaycan tərəfi baş konsul və konsulluğun Iqdır şöbəsi vasitəsi ilə bizimlə əlaqə saxladı. Biz onları prokurorluğa yönləndirdik. Çünki, bu işlə prokurorluq məşğul olur”. BBC Azərbaycancaya müsahibəsində Iqdır valisinin müavini Şenol Kaya bildirib.
Onun sözlərinə görə, araşdırma ilə bağlı məlumatların yayılması barədə “məxfilik” qərarı verildiyi üçün bu məsələ haqqında geniş məlumata sahib deyil”.