Britaniyalı nazirdən Əliyevə mühüm çağırış

«Azərbaycan hakimiyyətini ifadə, sərbəst toplaşma, media və siyasi azadlıqları təmin etməyə səsləyirəm»

“Şahdəniz-2″ yatağı üzrə investisiya sazişinin imzalanması mərasimində iştirak etmək üçün Bakıya gəlmiş Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq dünən Azərbaycanın ölkə başçısı Ilham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşüb.
Daha sonra Heyq Azərbaycan vətəndaş cəmiyyəti fəalları –  Xədicə Ismayıl, Emin Hüseynov, Turqut Qəmbər, Bəxtiyar Hacıyev və Əli Novruzovla görüşüb.
Görüşdə Azərbaycanda insan hüquqları, vətəndaş azadlıqları sahəsində vəziyyət müzakirə olunub. Görüşün iştirakçılarından birinin Turan-a verdiyi məlumata görə, Heygə Azərbaycan hökumətinin insan hüquq və azadlıqları sahəsində milli qanunvericiliyi və beynəlxalq öhdəliklərini pozması faktları haqqında məlumat verilib.
“Amma görünürdü ki, nazirin ölkədə baş verənlər barədə məlumatı var”,- deyə həmsöhbət bildirib.
Vətəndaş cəmiyyəti fəalları Böyük Britaniyanı öz nüfuzundan istifadə etməyə və Azərbaycan hökuməti ilə münasibətlərdə insan hüquqları ilə bağlı prinsipial mövqe tutmağa çağırıb. Xüsusən, Azərbaycanı Böyük Britaniyanın insan hüquqlarını pozan ölkələr hesab etdiyi və illik “Insan hüquqları və demokratiya” hesabatında izlədiyi ölkələr siyahısına daxil etmək təklif olunub. Siyahıya 27 ölkə daxildir, onların 4-ü postsovet ölkəsidir: Rusiya, Belarus, Türkmənistan və Özbəkistan.
Uilyam Heyq həmçinən dünən Bakı səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
O, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşü barədə məlumat verərək deyib ki, bu görüşlərdə insan haqları sahəsində narahatlıqlarını çatdırıb: “Özəlliklə fəallar və bir sıra QHT-lərlə bağlı. Bizim ikitərəfli möhkəm münasibətlərimiz imkan verir ki, Böyük Britaniya öz narahatlıqlarını dilə gətirsin və biz bunu edirik. Mən bu məsələləri həm prezident, həm də xarici işlər naziri qarşısında qaldırdım”.
Vilyam Heyq bu cür narahatlıqları bundan sonra da bölüşəcəklərini deyib: “Məsələn, Anar Məmmədlinin dünənki həbsi kimi. Onun həbsini də prezident və nazirlə görüşdə qaldırdım. Sonda mən vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb problemlərini dinlədim”.
Britaniyalı nazir Azərbaycan hakimiyyətini ifadə, sərbəst toplaşma, media və siyasi azadlıqları təmin etməklə bağlı Avropa Birliyi, ATƏT və Avropa Şurası ilə işbirliyinə səslədiyini bildirib.
Vilyam Heyq “Şahdəniz-2″ layihəsinin imzalanmasına da toxunaraq bu sazişin Azərbaycan, Böyük Britaniya və Avropaya uzunmüddətli fayda gətirəcəyini söyləyib: ”Layihə regionda enerci təhlükəsizliyini artıracaq, rəqabəti yüksəldəcək və Avropanın tək təchizatçıdan asılılığını azaldacaq”.
Britaniyalı nazir Ilham Əliyevlə Iranla razılaşmanı, Suriyada baş verənləri və Ukrayna hadisələrini də müzakirə etdiklərini bildirib: “Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsini yaxşı qarşıladığımı bildirdim. Bu, çox yaxşı addımdır və biz hər iki ölkə prezidentini vaxtaşırı görüşməyə səsləyirik”.
Vilyam Heyq sonra suallara cavab verib.

– Rəsmi London Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı vəziyyəti necə qiymətləndirir? Qəbrin və Böyük Britaniyanın neft-qaz maraqları naminə demokratiya məsələlərini qurban verməsi ilə bağlı fikirləri necə şərh edə bilərsiz?
– Bizə elə gəlir ki, iqtisadi inkişaf insan hüquqlarını möhkəmləndirir. Ölkəmiz ümumi iqtisadiyyat və insan hüquqları strategiyasını qəbul edən ilk ölkə olub. Buna görə bu amillər arasında (energetika və insan hüquqları-red.) ziddiyyət yoxdur. Biz iqtisadi inkişafın böyük siyasi açıqlıq demək olduğuna əsaslanırıq.

– Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi məsələsini qaldırmanıza dövlət başçısının reaksiyası necə oldu?
– Azərbaycan prezidenti və xarici işlər naziri bu və bir sıra digər spesifik işlər üzrə öz mövqelərini bildiriblər.

– Böyük Britaniyanın baş naziri Ilham Əliyevi üçüncü müddət prezident seçilməsi münasibəti ilə təbrik etməyib. Bu, Londonun seçkilərin uğursuz olduğunu etiraf etməsi deməkdir?
– London təkcə Böyük Britaniyanın deyil, bir çox digər ölkələrin də nümayəndələrinin daxil olduğu ATƏT müşahidə missiyasının fikrini dəstəkləyir.

Bundan sonra Heyq mətbuata təşəkkür edərək, brifinqin başa çatdığını deyib.